BolgeXeber.Com » Ölkə » Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sirasındadır

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sirasındadır

15-10-2022, 13:09
Oxunub: 2 520 Azərbaycan iki il əvvəl İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində  öz torpaqlarını Ermənistan işğalından azad etdi. Azərbaycan 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu. Ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşıda sistemli şəkildə müharibə cinayətləri törətmişdir.
Bu otuz illik işğal dövründə düşmən məqsədli şəkildə ərazilərə minalar basdırmışdır. Bu minalar təkcə keçmiş təmas xətti boyunca deyil, eləcə də viran etdikləri kəndlərin, dağıtdıqları şəhərlərin ətrafında da basdırılıb. Belə ərazilər isə çox böyükdür. 30 il ərzində təkcə təmas xətti minalanmayıb, I Qarabağ savaşını da hesablamalıyıq. Demək olar ki, bütün işğal olunmuş ərazilər mina təhlükəsi saçır. Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra sonra ötən il Ermənistan işğaldan azad edilmiş ərazilərin minalanmış sahələrinin formulyarlarını ölkəmizə təqdim etdi. Bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və ciddi problemlər yaradır. Ermənistan tərəfindən verilən mina xəritələrinin də cəmi 25 faizi dəqiqdir.
Ermənistanın ara-sıra törətdiyi hərbi təxribatlar və qoyub getdiyi kütləvi ölüm mənbəyi olan başdan-başa minalanmış ərazilər səbəbindən soydaşlarımızın günahsız yerə həyatlarını itirməsi halları davam edir. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində bu gün də mina müharibəsi davam edir və Ermənistan tərəfi 30 illik işğal dövründə azərbaycanlıların öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün bu əraziləri darmadağın etməklə yanaşı, həm də mina ilə çirklənmiş zonaya çeviriblər. Dünyada hər kəsin müqəddəs sandığı, toxunulmaz hesab etdiyi qəbirstanlıqları, məscidləri, məbədgahları belə minalayıb, çirkin əməllərinin məkanı ediblər.
Bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdən etibarən aparılmış əməliyyatlar nəticəsində bu günədək ümumilikdə 36 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 61 mindən çox mina və partlamamış hərbi sursat, improvizə olunmuş qurğular, tələ minalar və sair sursatlar aşkarlanaraq zərərsizləşdirilib. Müharibədən sonra 250 nəfərdən çox minadan zərərçəkmiş insan qeydə alınıbsa, bu insidentlərin 138-i əvvəllər təmas xətti dediyimiz ərazilərdən kənarlarda baş verib. Bu o deməkdir ki, bu otuz illik işğal dövründə düşmən məqsədli şəkildə ərazilərə minalar döşəmişdir. 
Bu minalar təkcə keçmiş təmas xətti boyunca deyil, eləcə də viran etdikləri kəndlərin, dağıtdıqları şəhərlərin ətrafında da basdırılıb. Bu baxımdan həmin ərazilərdə ANAMA tərəfindən ilkin tədqiqatların aparılması olduqca əhəmiyyətlidir. Minatəmizləyənlər Qarabağın əsas yerlərini ölümsaçan bəladan sürətlə təmizləyir, iri şəhərlərdə infrastrukturun bərpasına, insanların qayıdışına nail olmaq istiqamətində ümidli addımlar atılır. Getdikcə daha geniş ərazilər təhlükədən xilas ediləcək, infrastruktur planlı surətdə bərpa ediləcəkdir. Qadağan olunan sahələr isə qalacaq, işarələrlə göstəriləcək, çünki minaların tam təmizlənməsinə illər lazımdır. 
Azərbaycan indiyədək, əsasən, kommunikasiyaların keçdiyi sahələri, kənd təsərrüfatı təyinatlı sahələri minalardan təmizləyib. Azad edilmiş ərazilərdə minatəmizləmə işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına  əsasən lazımi səviyyədə, beynəlxalq standartlara uyğun və keyfiyyətlə yerinə yetirilir. Bununla, Böyük qayıdışın özüllərinin yaradılması üçün geniş meydan açılıb.
 
 
Zamiq Əsgərov, 
Salyan şəhəri, Qarabağ qazisi