BolgeXeber.Com » Ölkə » Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi

Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi

17-10-2022, 13:20
Oxunub: 2 288 İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özünə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir.
Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır.
Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.
İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu. Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin düşmən ölkəyə daşınılması faktı aşkarlanıb. İşğalçının digər yaşayış məntəqələrimizdə də vandal hərəkətləri müəyyənləşdirilib. Arxeoloji eksponatların oğurlanması, İrəvana aparılması təsdiqlənib. Düşmən bununla kifayətlənməyərək, işğaldan azad edilən ərazilər boşaldılarkən, həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi dağıtmaqla bərabər, torpaqları minalayır, işğalçı ordu hərbi hissələri dağıdır, yaşayış məntəqələrindən çıxarkən meşələri və evləri yandırır, hətta məktəblərə belə od vurmaqdan çəkinmirdirlər.
İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunur. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınmış və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olmuşdur. Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılmış, Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) və sair erməniləşdirilərək qriqoryanlaşdırılmışdır. Bəzən isə ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğunu iddia edir və bu niyyətlə məkrli addımlar atırdlılar. Prezident İlham Əliyev oktyabr 14-də Astanada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bu barədə demişdir: “On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar.”
Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür.
 
 
Rəfiqə Ağabəyova,
Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru, YAP fəalı