BolgeXeber.Com » Mədəniyyət » Bəstəkar və şairlər müəllif qonorarını ala bilmir

Bəstəkar və şairlər müəllif qonorarını ala bilmir

1-05-2018, 11:08
Oxunub: 3 639 Bəstəkar və şairlər müəllif qonorarını ala bilmirVüqar Əhməd: “Əvvəllər iki ilə 100 manat verilirdi, indi o da yoxdur”; Zemfira Əlişqızı: ”Adı mənim, dadı özgənindir"

Məlum olduğu kimi, ötən ilin sonunda şadlıq saraylarının mahnılara görə müəllif qonorarı ödəyəcəyi haqda məlumat yayılmışdı. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, əsərlərin istifadəsinə görə restoranlarda, kafelərdə, barlarda və digər ictimai yerlərdə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən hesabat ayı keçirilməlidir. Həmin hesabata əsasən, adıçəkilən müəssisələr Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə ayda 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı ödəməlidir. Toy mərasimləri keçirən obyektlərə gəldikdə isə, hər tədbir üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir.

Xatırladaq ki, bu qərar gündəmə gəldiyi gündən müzakirələrə səbəb olmuşdu. Bəziləri hətta deyilən qonorarı müəlliflərə müğənnilərin ödəyəcəyini fərz edirdi. Lakin qurumdan açıqlama verilərək bildirildi ki, müğənnilər deyil, məhz şadlıq sarayı, restoranların hüquqi sahibi qonorarı ödəməlidir. Qonorarın ödənilmə mexanizmi isə bu cür izah olunmuşdu:

“Restoran və ya şadlıq sarayının sahibləri tədbir bitdikdən sonra ifa edilmiş əsərlərin siyahısını qonorar yığımını həyata keçirən yerli ictimai təşkilata göndərir. Həmçinin qonorar məbləği də eyni təşkilatın hesabına köçürülür. Qonorar yığımını həyata keçirən həmin ictimai təşkilat təqdim edilmiş siyahıya uyğun olaraq qonorarları müəlliflər arasında bölüşdürür. Bir vacib məsələdə ondan ibarətdir ki, qonorar ödənildiyi halda söhbət milli və xarici əsərlər arasındakı ayrı-seçkilikdən getmir. Qaydalar bütün əsərlərə aiddir, çünki qonorar yığan ictimai təşkilat adətən, Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Beynəlxalq (CISAC) Qurumunun üzvüdür və qayda bütün üzvlərə şamil edilir”.

O da vurğulanıb ki, xalq mahnılarına görə qonorar nəzərdə tutulmayıb.

Maraqlıdır, ötən il açıqlanan qərardan sonra müəlliflərdən kimlər qonorar alıb? Məsələ ilə bağlı nəğməkar şair Vüqar Əhmədin rəyini öyrənməyə çalışdıq. 500-dən çox mahnının sözlərinin müəllifi olan Vüqar Əhməd qərar çıxdıqdan sonra heç bir qonorar almadığını bildirib: “İllər öncə müəllif hüquq idarəsindən 1-2 dəfə almışdım. Lakin son bir ildə mənə heç bir qonorar verilməyib. Mənə demişdilər ki, şadlıq evlərindən qonorarı alıb mənə verəcəklər. Bir qədər sonra da dedilər ki, televiziya kanalları pul vermək istəmir, halbuki ATV və digər televiziya kanallarından bir-iki dəfə pul göndərmişdilər. Sonra isə o da olmadı. Şadlıq evlərində mənim Rauf Məmmədovla birgə yazdığımız ”Anam mənim" mahnısı bəlkə toyda azı 10 dəfə oxunur. Lakin buna görə mənə pul vermirlər.

Qərar çıxdı, lakin kağızın üstündəcə qaldı.

Əvvəllər ilə 50 -100 manat, olurdu ki, iki ilə 100 manat qonorar verilirdi. Yəni, acınacaqlı idi. Lakin qərar çıxandan sonra o da kəsildi. Qərar çıxmasa daha yaxşı idi, hərdən qonorar alırdıq. Əgər mən Türkiyədə yaşasaydım, müəllif hüquqlarıma görə ayda kifayət qədər böyük məbləğ alardım".

Şairə Zemfira Əlişqızı da qərarın kağız üzərində qaldığını vurğulayıb:

“O vaxt qərar çıxdı, elə o cür də qaldı. Qurumdan bizim özümüzə nə məlumat verildi, nə də qonorar ödənildi. Halbuki şadlıq evlərində oxunan mahnıların sözlərinin əksəriyyəti mənə məxsusdur. Amma ”adı mənim, dadı özgənindir".

Qərar çıxmazdan əvvəl 1-2 dəfə ildə 17-18 manata pul yazılırdı. Ona görə taksi tutub, quruma getməyinə dəyməz. Lakin sonra, ümumiyyətlə, ödəniş kəsildi.

Ümumiyyətlə, qurum fəaliyyət göstərirmi? Göstərsəydi gözəl bəstəkarımız Tahir Əkbərin mahnısının Türkiyədə oğurlanması məsələsi ilə bağlı tədbir görərdilər. Bildiyiniz kimi, türk müğənnisi onun mahnısını öz adına çıxardaraq albomuna salıb, pul qazanır. Niyə bu işlə özümüz məşğul olmalıyıq?"

Bəstəkar Nailə Mirməmmədli də heç bir qonorar almadığını açıqlayıb:

“Xeyr, heç bir qonorar almamışam. Əvvəllər televiziyalardan qonorar alırdıq. Lakin son illərdə o da yoxdur. İkinci bir tərəfdən, bu məsələ bir qədər anlaşılmazdır. Necə olacaq, toylarda çoxsaylı mahnılar oxunur, kim həmin mahnıların müəllifini araşdıracaq? Hər halda bu məsələ doğru tənzimlənməli, müəlliflərin hamısı müəyyən olunmalıdır. Nəsə bu məsələ ağlabatan bir şey deyil”.