BolgeXeber.Com » Fotoqalereya » Karantin niyə ləğv edilmir?

Karantin niyə ləğv edilmir?

5-04-2022, 09:39
Oxunub: 4 792 Azərbaycanda koronavirusa yoluxma sayı azalmaqdadır.

Uzun müddətdən sonra ilk dəfə COVID-19 infeksiyasından ölüm halı qeydə alınmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə koronavirusa 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 061 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 023 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib, aktiv xəstə sayı 341 nəfərdir.

Statistikadan da göründüyü kimi, ölkədə epidemioloji vəziyyət stabilləşib.

Azərbaycandakı epidemioloji vəziyyəti nəzərə alaraq, Nazirlər Kabineti koronavirus pandemiyası ilə bağlı bir sıra məhdudiyyətləri aradan qaldırıb.

Lakin qapalı məkanlarda tibbi maskadan istifadə, “COVID-19 pasportu” tələbi və quru sərhədlərlə ölkəyə giriş-çıxış qadağası qüvvədədir. Yoluxma sayı və aktiv xəstə sayının azlığı, ölüm sayının baş verməməsi karantin qaydalarının ləğvinə imkan yaradan amillərdəndir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Cebhe.info-ya bildirib ki, yaxın günlərdə qadağaları ləğv etmək olar:

“Hesab edirəm ki, yaxın iki həftə ərzində bütün karantin qaydalarını ləğv edə bilərik. Amma bir az müşahidə aparmaq lazımdır. İnformasiya var ki, Çində koronavirusun yeni mutasiyası yayılmağa başlayıb. Tələsmək lazım deyil. Karantin qaydalarını ləğv edib, sonra ona qayıtmaq həm psixoloji, həm də sosial-iqtisadi problemlər yarada bilər. Tədricən hərəkət eləmək lazımdır. Qonşu ölkələrdəki vəziyyət də nəzarət altındadır.

Ona görə də iki həftə də gözləsək, tamamilə karantin rejimindən çıxa bilərik. Buna baxmayaraq, biz vaksinasiya prosesini davam etdirməliyik”.

Xatırladaq ki, ölkədə son sutka ərzində 4 048, hazırkı dövrədək isə 6 714 357 test aparılıb.