BolgeXeber.Com » Müsahibə-Reportaj » “Masallı Mamed”in il mərasimindən - Repoortaj

“Masallı Mamed”in il mərasimindən - Repoortaj

24-03-2012, 11:30
Oxunub: 18 032



“O, həmişə zəiflərə arxa-dayaq olub”

Düz bir il öncə - 20 mart 2011-ci ildə Masallını acı xəbər bürüdü - “Masallı Mamed” öldü. Bu bir il ərzində heç nə dəyişməyib. Hər şey olduğu kimi qalıb. Həmin ev, həmin baca, həmin küçə...

Möhtəşəm abidə...

Bir il öncə doğma rayonu Masallı Mamedə necə yas saxlamışdısa, indi də elə saxladı. Şəhərin mərkəzi ünvanlarından birində ucu-bucağı görünməyən mağar qurulmuşdu. Ağ rəngə bürünmüş mağarın qarşısında Mamedin qardaşları gələnləri qarşılayırdı. Onların arxasında isə üstünə qara lent bağlanmış, qara eynəkli, cüssəli bir şəxsin - “Masallı Mamed”in şəkli asılmışdı.

Yasa gələnlərin sayı-hesabı yox idi. Səhər saatlarından hamı bir ünvana - Mamedin ilinə axışırdı. Rayonun mərkəzi bomboş idi.

Saat 14-də qəbir üstünə ziyarətə gedəcəyi öncədən bəyan edilmişdi. Ancaq deyilən vaxta bunu çatdırmaq mümkün olmadı. Çünki...

Küncdə-bucaqda isə hər kəs bir kənara çəkilib ya Mamedin məzarını şəklini bir-birlərinə nümayiş etdirirdilər, ya da onun haqqında yazılan kitabı vərəqləyirdilər. Hər ikisinin möhtəşəmliyi insanları valeh edirdi.

Deyilən vaxtdan iki saat sonra məzarı ziyarətə getmək mümkün oldu. Saat 16-da hamı bir nəfər kimi ziyarətə getdi. Yollar bağlı, polislər isə öz işlərini görürmüşlər kimi ərazini nəzarətdə saxlayırdı.

Budur, bir neçə dəqiqədən sonra məzarbaşına çatdıq. Bəh-bəhlə deyilən sözdə yalanın olmadığı üzə çıxdı. Məzar həqiqətən də möhtəşəm idi. Mamedin adına uyğun bir abidə ucaldılmışdı. Məzara gedən yol əklilə bürünmüşdü, ətrafına isə qara mərmər döşənib. Bir əlində əsa, o biri əlində siqaret tutan Mamedin abidəsi sözün əsl mənasında möhtəşəm idi.

Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsini oxuyanlar, bəlkə də bu abidə önündə “DÜNYANIN ƏN GÖZƏL MƏZARI” ifadəsini işlədərlər.

Zəiflərin arxa-dayağı...

Qardaşı Elşənlə söhbət etmək üçün zəngləşirik. Mərhumun ilində qonaqları qarşıladığı üçün vaxt olmadığına görə, görüşümüzü bir gün sonraya saxlayırıq. Zəng edəndə qəbirüstə olduğunu deyir. Yenidən ora gedirik.

Gözünü qardaşının məzarına dikərək söhbət edir. Deyir ki, Mamed təkcə ailənin 6 uşağı üçün qardaş olmayıb: “Onu çoxları sevirdi. Sözünün ağası idi. Həmişə müəllimlərlə orta məktəbdə üz-üzə gəlmişdi. Ancaq onlara böyük hörmət bəsləyirdi. Ona Mamed müəllim deyəndə, razılaşmırdı. Deyirdi ki, oğru dünyasında olmasaydım, bu adı daşıyardım”.
Söhbətin bu yerində Mamedin qonşusu Kərbəlayi müdaxilə edir. Sən demə, o, Mamedin həyat yolunda atdığı ilk addımını - polisi döyməsi xəbərini evə çatdırıbmış.
“Elə vaxt olub ki, zonda üç-dörd ”oğru" olub. Ancaq “vəziyyət”ə Mamed baxıb. Çünki böyük hörmət sahibi imiş. O həmişə məhbəsdə əvvəl imkansız dustaqları ərzaq və ya siqaretlə təmin edirdi. Elə özü də sadə həyat keçirirdi. Bir sözlə BÖYÜK QARDAŞ kimi dustaqlar onun xətrini çox istəyirdilər. O həmişə zəiflərə arxa, haqqı tapdananlara dayaq olub", - deyir Elşən.

Masallılılar Mamedin ölümünə yalnız bunu deyirlər - Masallının dağı getdi.
Masallı Mamedin ili bayram gününə düşdüyü üçün rayonda heç kəs bayramı qeyd etmədi. Bayramı bir gün sonraya - 22 marta saxladılar.

Həyat yolu...

Məmməd Isgəndər oğlu Hüseynov - “Masallı Mamed” Hüseynovlar ailəsində ilk uşaq olub. Ailədə Məmməddən başqa daha dörd qardaş və iki bacı böyüyüb.

Orta məktəbdə oxuyanda çox davakar uşaq imiş. Özündən böyük uşaqlarla belə dava etməkdən çəkinməzdi. Elə bunun nəticəsidir ki, o bir neçə dəfə məktəb dəyişməli olub. Təkcə davakarlığına görə yox, haqq-ədalət carçısı olduğu üçün...

1978-ci ildə, Məmməd Masallıda polis işçisini vurur. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarır. Bir müddət sonra isə Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedir. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşür. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atır. Həmin oğlanı qətlə yetirəndən sonra Mamed ölüm hökmü ilə üzə-üzə qalır. Lakin atası Isgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilir.
Cəzasının ilk 5 ilini Şuşadakı qapalı həbsxanada çəkən Mamed orada çox sınaqlardan keçməli olur. Dustaqlardan biri yoldaşlarını rəhbərliyə tez-tez “satdığını” Mamed qəbul edə bilmir və onu cəzalandırır. Bundan sonra Mamed cəzasını Azərbaycanda çəkmir. Qroznıya Şuşadan da betər həbsxanaya göndərirlər. Orada Mamed özünə dost-qardaş qazanır - Dağlı Cavanşiri.

O, 1992-ci ildə azadlığa çıxır. Bu zaman isə keçmiş SSRI ərazisində kriminal aləmin ən nüfuzlu şəxslərdən biri sayılırdı. Ancaq “qanuni oğru” deyildi. Bu adı 1 il sonra “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Ənvər Sovetski” və digər “qanuni oğru”ların iştirak etdiyi məclisdə alacaqdı.
1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Bir neçə aydan sonra azadlığa qovuşur.

2006-cı ildə “Masallı Mamed” Füzuli Qulamhüseynov adlı şəxslə birlikdə həbs olunur. Rəsmi məlumata görə, Mamedin üstündən “Makarov” tipli tapança, Füzuli Qulamhüseynovdan tiryək aşkar edilərək götürülür. Az keçmir ki, məhbəsdən çıxır. Yenidən Rusiyaya qayıdır.

2009-cu ildə vətənə dönür, yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gəlir. Çox keçmir ki, növbəti dəfə həbs edilir və 3 il müddətinə azadlıqdan məhrum edilir.

Cəzasını çəkmək üçün 1 saylı cəzaçəkmə müəssisəsinə göndərilir. Aancaq bu vaxta qədər cəza çəkdiyi “zon”lar öz sözünü demişdi. O, son vaxtlar qara ciyərin serrozundan və şəkərdən əziyyət çəkirdi. Qəfil yaxalayan əcəl onu martın 20-ində cəza çəkdiyi 1-ci kalonda dünyayala vidalaşdırır.

“Azadlıq” qəzeti
Ramin DEKO,