BolgeXeber.Com » Müsahibə-Reportaj » Sahibkarlar Kərəm Həsnova od püskürdü

Sahibkarlar Kərəm Həsnova od püskürdü

1-10-2012, 07:45
Oxunub: 4 827 Qaradağlı iş adamları saxta yolla özəlləşdirilən obyektlərini geri tələb edir, aksiyalara hazırlaşırlar

Redaksiyamıza müraciət edən bir qrup iş adamı Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən şikayətçidilər. Fuad Məmmədov, Ağahüseyn Ağayev, Mirzəkərim Hüseynov, Elnur Məmmədov, Kənan Ağayev, Şamil Şamilov və Sənan Ağayevin sözlərinə görə, komitə sədri Kərəm Həsənovun adamları saxtakarlığa yol verərək onları 3 ildən çoxdur süründürürlər. Sahibkarlar qeyd edib ki, Lökbatan qəsəbəsində onlara məxsus 15 saylı bazar qanunsuz olaraq hərraca çıxarılıb və onların xəbəri olmadan fiziki şəxsə satılıb. Artıq üç ildir məhkəmə çəkişməsində olan sahibkarlar 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində hüquqlarının bərpa olunduğunu söylədilər. Ancaq qarşı tərəf - Əmlak Komitəsi apelyasiya şikayəti verərək məsələni uzadır və öz xeyrinə qazanmağa çalışır.

İddiaçıların sözlərinə görə, 15 saylı kolxoz bazarının ticarət cərgəsindəki mağazalar ƏMDK tərəfindən qanunsuz özəlləşdirilib: “Lökbatanda 28 May küçəsi 7 ünvanında yerləşən 15 saylı bazar hərrac protokoluna əsasən Hüseyn Qasımov adlı şəxsə satılıb. Alqı-satqı müqaviləsində kobud pozuntular qeydə alınıb. Bazarın önündə 11 vətəndaşa məxsus ticarət cərgəsində yerləşən, o cümlədən biri ”Azərittifaq"a məxsus mağaza da bazarın ərazisinə daxil edilib. Bu obyektlər Qaradağ Rayon İcra Hakimiyyətinin 1994-cü il, 14 sentyabr tarixli sərəncamı ilə özümüz tərəfindən tikilib. Öz vəsaitimiz hesabına mağaza tikdirərək kommersiya fəaliyyəti ilə məşğul olmuşuq. 2011-ci ilin aprelində məlum oldu ki, bizim xəbərimiz olmadan bazar “özəlləşdirilib”. Əvvəllər heç vaxt bu bazarda işləməmiş və obyekti olmamış Hüseyn Qasımov Əlibala oğlunun adına keçirilib. Bu, necə ölkədir? Biz üç ildir haqqımızı məhkəmələrdə bərpa edə bilmirik. Kərəm Həsənova dəfələrlə müraciət etmişik. Ancaq bizi qəbul etmir. Halalca dükanlarımız ələ keçirilib. Gülər Əhmədova hadisəsi bizdə əminlik yaratdı ki, əmlak komitəsində daha böyük maxinasiyalar var. Tək güman yerimiz prezidentdir. Bizim çörəyimiz bu mağazalardan çıxır. Hörmətli İlham Əliyev vaxtilə Qaradağın deputatı olub və biz ondan həmişə dəstək görmüşük. Odur ki, bu dəfə prezidentimiz kimi köməklik etsin".

Sahibkarların dediyinə görə, bazar 1983-84-cü illərdə tikilib və cavabdeh tərəf o dövrkü pasportu qəsdən məhkəməyə təqdim etməyib: “Bizə aid mağazaların bazara aidiyyəti yoxdur. Rayon İcra Hakimiyyətinin nümayəndəsi də bunu məhkəmədə təsdiqləyib ki, mağazanın bazara dəxli yoxdur. Ancaq Əmlak Komitəsi ərazimi saxta yolla özəlləşdirib. İqtisad Məhkəməsi mənim hüquqlarımı bərpa edib. Ancaq qarşı tərəf təzədən apelyasiya şikayəti verib.

Sahibkarlardan biri - Ağahüseyn Ağayevin sözlərinə görə, 28 May küçəsi, kolxoz bazarının önündəki mağazalardan biri “Azərittifaq”ın balansında olub. Üstəlik, ayrıca texniki pasport və digər sənədlərin olmasına baxmayaraq bu obyekt də əmlak komitəsinin əlinə keçib. Sahibkarlar pozulan hüquqlarının bərpası uğrunda sona qədər mübarizə aparacaqlarını bəyan ediblər. Narazılar hüquqi müstəvidə problemlərinin həll olunmayacağı təqdirdə komitənin və məhkəmənin binaları qarşısında aksiya keçirəcəklərini istisna etməyiblər.