BolgeXeber.Com » Müsahibə-Reportaj » Dərslik sahəsində “bespredel”

Dərslik sahəsində “bespredel”

10-10-2012, 08:00
Oxunub: 4 648 Əlövsət Osmanlı: “Dərslikləri bu şəkildə ortalığa çıxaranlar dövlətin və millətin düşmənləridir”

Xəbər verdiyimiz kimi, bu ildən ölkənin ümumtəhsil məktəblərinin 1-ci və 5-ci siniflərində yeni dərsliklərin istifadəsinə start verilib. Məzmun və struktur baxımından daim mübahisələrə səbəb olan dərsliklərimizin builki nəşrində vəziyyət necədir? Bununla bağlı təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının fikirlərini öyrəndik.
Söhbətinin əvvəlində ekspert yalnız 1-ci və 5-ci siniflərin riyaziyyat dərsliklərilə tanış olduğunu bildirdi: “Sırf ixtisasımla bağlı olduğundan ilk öncə bu dərsliklərə baxmışam. Yəqin ki, bu haqda geniş fikirlərimi mətbuat vasitəsilə oxuculara çatdıracam. Amma bəri başdan deyim ki, belə dərsliklərin üzə çıxması Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyətinin yeni və çox biabırçı fiaskosundan xəbər verir. Əslinə qalsa, bununla bağlı başqa gözləntim də yox idi. Çünki bu sahəyə rəhbərlik edən məmurların ağlına, savadına, sahib olduqları mənəvi dəyərlərə yaxşı bələdəm. Əminliklə deyə bilərəm ki, yeni dərsliklər əvvəlkilərdən qat-qat pis gündədir və onlar təhsilimizə üz qaralığı gətirir. Onları bu şəkildə ortalığa çıxaranlar isə dövlətin və millətin düşmənləridir”...
Əlövsət müəllim söhbət zamanı təhsil proqramlarının (kurikulumların) ayrı-ayrı şəxslər tərəfindən oyuncağa çevrildiyini – onların “ayaqaltı” olub getdiyini bildirdi: “Bu dərsliklər Təhsil Nazirliyi məmurlarının və onların qoltuq nəşriyyatlarının təhsil proqramlarını ayaqaltı etməsi barədə dəfələrlə səsləndirdiyim fikirlərin doğruluğunu bir daha aydınlığı ilə sübut elədi. Çünki proqramlarda nəzərdə tutulan bir çox bilik və bacarıqlar yenə də “unudulub”. Əvəzində isə savadsız müəlliflərin “özfəaliyyəti” nəticəsində rəsmi dövlət sənədinə dəxli olmayan anlayışlar dərsliklərə doldurulub. Yaranmış vəziyyətdən çıxış edərək onu demək olar ki, dərslikləri seçən qurumun – Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvləri ya savadsızdırlar, ya da ki, onlar öz vəzifələrini yox, kiminsə buyruqlarını yerinə yetirirlər. Nəticə də göz qabağındadır...
Mən buradan təhsil naziri Misir Mərdanova və onun məmurlarına səslənirəm: Baxın 1-ci sinfin riyaziyyat dərsliyinə, görün orada ikirəqəmli ədədlərin yazılışı, yaxud onların çıxılması ilə bağlı bir şey varmı?! Eləcə də bu dərslikdə, proqramda ola-ola, sütun şəklində toplama və ya çıxma öyrədilirmi?! Təhsil proqramı ilə dərsliyinizi tutuşdurun, görün neçə standart öz əksini tapmayıb! Ümumiyyətlə, 1-ci sinfin riyaziyyat dərsliyi (əgər dərslik demək mümkünsə!) sistemsiz və montaj təfəkkürü ilə yazılmış bir kitabdır. Müəllimlər üçün metodik vəsaitsə, başdan-ayağa rəzalətdir. Bu kitabları, yəni “dərsliyi” və “metodik vəsaiti” vərəqləyəndə adam xəcalət çəkir. Elmi-metodiki səhvlərin say-hesabı yoxdur. Anlaya bilmirəm, bu halda bir çox materiallar şagirdlərə haradan və necə öyrədiləcək?! Bu vəziyyət müəllimlərimiz qarşısında hansı problemləri yaradacaq?! Görəsən dərsliyin müəllifləri, nəşriyyat, onu qiymətləndirən ekspertlər və DQŞ üzvləri nədən “Dərslik siyasəti” sənədinin tələblərinə tüpürüblər?!”.
Bütün bunların səbəbini Təhsil Nazirliyində hökm sürən başıpozuqluqla əlaqələndirən ekspert fikrini belə tamamladı: “Yüzlərlə belə misal gətirə bilərəm. Amma demək istədiyim əsas məsələ budur: Neçə ki, Misir Mərdanov və onun komandası iş başındadır, Azərbaycanda nə keyfiyyətli təhsil olacaq, nə də ki, normal dərslik. Çünki həmin komanda ilə bu anlayışlar bir araya sığmır. Bilirik ki, təhsilin məzmunu qurularkən bir nömrəli tələb dərsliklərin proqrama uyğunluğudur. 3-cü sinfin həyat bilgisinə baxın. Proqramda olan 40 standartdan 16-sı bu dərslikdə öz əksini tapmayıb. Bilirsinizmi, bu haqda mətbuatda nə qədər tənqidi məqalə dərc olunub?! Hamısı da qulaqardına vurulub. Onlar, heç olmasa, bu biabırçılıqdan nəticə çıxarmalı idilər. Amma gördüyünüz kimi, təhsil məmurlarımızın “mənəvi-psixoloji durumu” o həddə çatıb ki, onlar nə tənqidə, nə təklifə, nə də ki, tələbə əhəmiyyət vermirlər. Bununsa bircə adı var: bespredel!”...

Bolgexeber.com