BolgeXeber.Com » Müsahibə-Reportaj » İcra başçısı sahibkara hücuma keçir?!

İcra başçısı sahibkara hücuma keçir?!

24-05-2011, 17:00
Oxunub: 5 719
Əhəd Abbasov: “Məni elə bir labirintə salıblar ki, baş aça bilmirəm”

Dünən Xaçmaz rayon icra hakimiyyətində baş tutmuş iclasda icra başçısı Şəmsəddin Xanbabayev sahibkarlardan narazılığını dilə gətirib. İcra hakimiyyətindəki mənbəmizin bildirdiyinə görə, uzun müddətdir ki, KİV-də adının sahibkarlara qarşı aqressivlikdə çəkildiyini deyən Şəmsəddin Xanbabayev sahibkarları ona qarşı ədalətsiz mövqe tutmaqda günahlandırıb: “Mən bunlara neymişəm ki?...Nəcibə xanım öldü,mənim üstümə atdılar, indi də Əhəd Abbasov məsələsi gündəmə gəlib. İnternetdə gündə bir şey yazırlar. Mən neyləmişəm ki, torpaq istəyib, vermişəm, sərəncam istəyib, vermişəm. İndi nə istəyirlər bilmirəm?!”

Məlumat üçün deyək ki, xeyli müddətdir KİV-də Xaçmaz rayon icra başçısının qeyri-qanuni sərəncamı barədə müxtəlif yazılar dərc olunmaqdadır. Bu yazılarda Şəmsəddin Xanbabayevin verdiyi qeyri-qanuni sərəncamların məhkəmələr tərəfindən ləğv olunduqları, nəticədə sahibkarların mülkiyyətlərinin təhlükə altında qaldığı vurğulanır.

Əhəd Abbasov da özünə dəyən maddi-mənəvi zərərin ödənilməsi iddiası ilə icra hakimiyyətini məhkəməyə vermişdir. Söhbət qeyri-qanuni sərəncam səbəbindən sahibkara dəyən zərərdən gedir ki, bu da 1.170.000 dəyərində qiymətləndirilmişdir. Maraqlıdır ki, iclas qurtardıqdan sonra isə adıçəkilən ticarət mərkəzinə iddialılar qeyri-qanuni şəkildə obyektə hücum etmiş və onun arxa tərəfini qırıb tökmüşlər. Əhəd Abbasov da 102 xidmətinə zəng vuraraq yardım istəmişdir. Məhz nazirliyin 102 xidmətinin müdaxiləsindən sonra polis şöbəsi gələrək vətəndaşları şöbəyə aparmışlar.

Sahibkarın bildirdiyinə görə, adıçəkilən ticarət mərkəzinin sökülməsi məhkəmə qərarı ilə sabit olunsa da, mübahisəli məsələ hələ də aidiyyatı mənkəmələrdə icraatda olduğu üçün, sökülmə mərhələsini həyata keçirə bilmirlər. “Bundan başqa Paşayev Aslan obyekti müxtəlif şəxslərə icarəyə verib.Mən necə qətnaməni həyata keçirim ki, obyektdə icarədarlar ticarətlə məşğuldurlar. Məni elə bir labirintə salıblar ki, baş aça bilmirəm. Sənədlər göstərir ki, bu yer heç vaxt heç kəsə aid olmayıb. Dövlət sənədləri ilə sübut edirəm ki, bu yer mənə aiddir. Məhkəmələr isə, qarşı tərəfin saxta sənədlərinə əsasən hökm verir. Ali Məhkəmə işimə baxmadı. Konstitusiya Məhkəməsi isə heç bir hüquqi əsas olmadan mənim işimi rədd edir, baxmaq belə istəmir. Halbuki məhkəmələrin sorğu göndərərək, aldığı cavabların surəti məndədir. Onların bütün sorğusuna cavab olaraq bildirilib ki, torpaq da, obyekt də mənə aiddir. Bu boyda da risk olar ki, mənim mülkiyyətimi heç nədən əlimdən alıb, başqasına verəsən, kimə müraciət etmişəm, xeyri yoxdur. Bunların əlindən ya özümü öldürəcəm, ya da vətəndaşlıqdan imtina edəcəyəm. Mən Rusiyada gül kimi yaşayırdım, Heydər Əliyev hakimiyyətə gəldi, bizə dedilər ki, vətəndə investisiya yatırmaq, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün Heydər Əliyevə dəstək olmaq lazımdı, gəldim...İndi məni buna peşman eliyiblər, kimə deyim, kimə danışım, gedib dərdimi ümummilli liderin qəbrinə danışım ki, bu nədi, niyə mənim halalca mülkiyyətimi əlimdən alırlar?!”

Həqiqətən də acınacaqlı bir vəziyyət alınıb. Qanun Əhəd Abbasovun tərəfində olsa da, hakimlər nədənsə onun nə heç bir sənədini, nə də özünü belə görmək istəmir. Beləki, onu məhkəmələrə də proses başa çatdıqdan sonra qətnamələri şikayət müddətləri bitəndən sonra dəvət ediblərmiş.