BolgeXeber.Com » Müsahibə-Reportaj » «Mənim oğlum qatil deyil»

«Mənim oğlum qatil deyil»

30-08-2010, 11:35
Oxunub: 3 398
Rəqibə Rəhmanova: «Mahir Cərayevin ölümünü oğlum Dindar Rəhmanovun üzərinə qoymaq üçün ona işgəncələr verirlər»

Azərbaycan ordusunda baş verən bəzi neqativ halların doğurduğu qəribə səbəblər artıq hər kəs tərəfindən qəbul edilir. Çünki əsgərlə əsgər arasında adi bir dalaşma yekunda ya həbsə gətirib çıxarır, ya da valideynlərin dərisinin soyulmasına. Bununla bağlı xeyli sayda şikayətlər var və onlardan biri də dünən "Bolgexeber"-e daxil olub.

Bakı şəhəri sakini, M.Hadi küçəsi ev 109, mənzil 108 ünvanında yaşayan Rəhmanova Rəqibə Novruz qızı dövlət başçısı İlham Əliyevə yazdığı müraciətində bildirir ki, oğlu Dindar Rəhmanov Xətai rayon Hərbi Komissarlığı tərəfindən 11.04.2006-cı ildə hərbi xidmətə çağrılıb. «Çox keçməmiş, yəni 2006-cı ildə bizə xəbər verdilər ki, oğlunuz Rəhmanov Dinar Sarcalıda hərbi hospitalda yatır. Oğlumun üz nahiyəsinin bir tərəfi göz qarışıq ağır zərbədən əzilmişdi. Demək olar ki, üzündən bir hissəsi sıradan çıxmışdı. Döyülməyin səbəbini soruşduqda isə nə həkimlər, nə zabitlər bizə heç bir məlumat vermədilər. Belə çıxdı ki, oğlumun da danışmamağı tələb olunmuşdu. Oğlum hospitaldan çıxmamışdan bir gün əvvəl Tərtər rayon Hərbi Prokurorluğunun Müşfiq adlı müstəntiqi mənə zəng vurub bildirdi ki, xanım, sizin oğlunuzu həbs gözləyir. Mən müstəntiqə iradımı bildirərək səbəbini soruşanda müstəntiq suallar ağzımda qoyub telefon üzümə bağladı və bir daha nömrəsinə zəng çatmadı. Çox keçmədi oğlumu hospitaldan çıxarıb təkrar hərbi hissəyə göndərdilər».

Rəqibə Rəhmanova yazır ki, 2007-ci il 13 yanvarında oğlumun qulluq etdiyi manqasına qətlə yetirilmiş əsgər Cərayev Mahir Pənah oğlu gətirilib. Şikayətçi deyir ki, oğlu ilə Mahir Cərayevi hər gün Tap Qaraqoyunludakı postlara xidmətə aparırmışlar. R.Rəhmanova yazır ki, həmin müddət ərzində oğlu ilə mərhum əsgər arasında heç bir münaqişə baş verməyib. «Yanvarın 17-də hər ikisi xidmətlərini başa vurub, postu təhvil verirlər. Həmin vaxt bunlarla bərabər postda olan Elşən Bəhrəm oğlu Məmmədov tualetə getmək üçün postu tərk edibmiş. Aşağıya enən Elşən baş leytenant İlkin Ziyadovdan bir əlisilahlı əsgər istəyir ki, onunla bərabər gedə bilsin. Zabit də mərhum Mahir Cərayevi ona qoşaraq göndərir. Həmin vaxt saat 20-00-da oğlum postu təhvil verib, hissəyə qayıdır. Və bunun üzərindən 35 dəqiqə keçməmiş Mahirin tualetin yanında aldığı güllə yarasından keçindiyi məlum olur».

Bakı sakini bildirir ki, bu hadisədən sonra baş leytenant İlkin Ziyadov onun oğlunun üzərinə düşərək, onu sahibsiz, kimsəsiz və çeçen milləti kimi tanıdığından günahı Dindarın üzərinə yıxmağa çalışıb. «Mahirin ölümü ilə bağlı bütün günahları oğlumun üzərinə atan İlkin hər gün Dindarı döyərək, «çeçen milləti sıroka getməlidir» deyərək, «ya işi boynuna götürməlisən, ya da nəsilini ortadan götürəcəm» sözləri ilə oğlumu hədələməyə başlayıb. Bu azmış kimi, hətda Tərtər rayon hərbi prokuroru Şahin Zamanov və müstəntiq Qabil Əlizadə ilə də əlbir olaraq, oğlumu 9 gün hərbi prokurorluqda saxlayaraq, döyərək işgəncə veriblər. Ardından da ağır şəkildə təhqir edərək, ona həbs cəzası kəsiblər».

Rəhmanova deyir ki, nə o, nə də oğlu çeçen deyillər. Onun sözlərinə görə, Şəmkirdə doğulub. Həyat yoldaşı Səfər isə Qroznıda doğulmuş azərbaycanlıdır və 18 il orada yaşadıqdan sonra Bakıya köçüblər. O qeyd edib ki, Qroznıda yaşadıqları müddətdə oğlu Dindar dünyaya gəlib. «Dünyanın hər yerində azərbaycanlılar yaşayır və uşaqları dünyaya gəlir. İndi buna görə, onları hansı ölkədə doğulduqlarına görə millət anlayışı verilməlidir? Mənim uşağımı işgəncəyə məruz qoyub, cinayəti zorla boynuna qoymağa çalışırlar. Bəlkə, mərhum Mahirə düşmən gülləsi dəyib? Bəs, məsələnin bu tərəfini niyə araşdırmırlar?»

Bakı sakini daha sonra bildirir ki, bu azmış kimi Gəncə Apelyasiya Məhkəməsinin hakimi Rəşid Məhərrəmli də zabitlərin tərəfini saxlamağa başlayıb. Belə ki, məhkəmə prosesindən sonra patrullar Dindar Rəhmanovun başına vura-vura zaldan çıxarıblar. «Səbəbi də o idi ki, oğlum orada zabitlərin iç üzünü açıb tökmüşdü ortaya. Bundan da nə zabitlərin, nə də hakimin xoşu gəlmişdi. Maraqlı burasıdır ki, Cərəyev vurulanda yanında əsgər Məmmədov olub. Bəs, 11 şahid hardan Cərayevin vurulduğunu gördülər? Əgər bu belə deyildisə, niyə oğlumu heç bir məhkəmə «proseslərin»də dindirilməyə çağırmadılar?»

Dövlət başçısına etdiyi müraciətində Rəhmanova yazır ki, burada iki məntiq var. Onun sözlərinə görə, birinci məntiq pulun alınmasıdır. Yəni, rüşvət alınması müqabilində onun oğlunu həbs ediblər. «İkinci məntiq isə odur ki, «şahid»lərd ə oğlum kimi işgəncələrə məruz qalıblar».

Müraciətinin sonunda Dindar Rəhmanovun anası xahiş edir ki, oğlu barəsində çıxarılmış ədalətsiz hökm ləğv edilsin və həbsdən azad edilsin. «Burada qanunun 6-cı maddəsi pozulub. Həmin ədalətsizliyin araşdırılmasını istəyirəm. Mənim oğlum qatil deyil. O günahsız yerə cəza çəkir. Möhtərəm Prezident bu məsələdə mənə kömək edin».