BolgeXeber.Com » Media » Deputat həbs təhlükəsi ilə üz-üzədir?

Deputat həbs təhlükəsi ilə üz-üzədir?

25-07-2012, 20:35
Oxunub: 3 662 “Azəryolservis” şefi barəsində yayılan məlumatdan qəzəblənib

“Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov həbs oluna bilər. Bu barədə məlumatı “Bizim Yol” qəzeti yayıb.
Qəzetin elektron poçt ünvanına göndərilən həmin məlumatda deyilir ki, son vaxtlar Milli Təhlükəsizlik Nazirliyi (MTN) Cavid Qurbanovun nəzarətində olan regional və yerli əhəmiyyətli layihələrin icra vəziyyəti ilə bağlı, xüsusi tapşırığa əsasən araşdırmalar aparıb. Layihələrə ayrılmış vəsaitlərdən, “razılaşdırılmış” "otkat" sistemindən, 28-32 faiz artıq vəsaitin qeyri-müəyyən istiqamətə yönəldilməsi aşkarlanıb.
Məlumatda qeyd olunur ki, prosesdə iştirak edən dəstənin bütün üzvləri məlumdur. Korrupsiya əməliyyatında iştirak edən “Zaminbank” və “Dəmirbank” bir sıra əməkdaşları artıq müəyyən olunub. Bundan başqa Nəqliyyat Nazirliyinin Maliyyə Idarəsinin ve “Azəryolservis”in bir sıra maliyyəçilərinin adları artıq məlumdur. Əməliyyat-axtarış materialları arasında kifayət qədər audio və video sənədlər toplanıb. Son cinayət prosesleri isə Gürcüsatanda aparılan layihələrin payına düşür. Burada bu proseslərə Qurbanovun rus milliyətindən olan emissarı İvanov soyadlı bir şəxsin nəzarət etdiyi müəyyən olunub. Məsələ ilə bağlı faktların İlham Əliyevə məruzə olunduğu bildirilir. Yaxın günlərdə aidiyyatı üzrə qərar veriləcək. Avqustun 5- nə qədər həbs ve saxlanılma əməliyyatlarına start verilməlidir.
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev “Bizim Yol” qəzetinə deyib ki, onlar qeyri-rəsmi məlumatları şərh eləmirlər.
“Azadlıq” məlumatla bağlı Cavid Qurbanovun özü ilə danışıb. “Azəryolservis”in şefi əvvəlcə əməkdaşımızın sualına əsəbi şəkildə “Sizin nəyinizə gərəkdir ki, məni kim araşdırır?!” deyə cavab verib. Lakin əməkdaşımız Cavid Qurbanova bu məlumatların mətbuatda işıqlandırıldığını, doğru olub-olmadığını şəxsən onun özü ilə dəqiqləşdirmək zərurətinin yarandığını və bunun normal hal olduğunu izah edəndən sonra “Azəryolservis” şefi yenə də əsəbi şəkildə “mən onlara (məlumatı yayan qəzetə) fikir vermirəm” deyərək xəbəri yayan qəzetin haqqında yazılası mümkün olmayan ifadələr işlədib və telefonu qapadıb.
Xatırladaq ki, bundan əvvəl də Hesablama Palatası “Azəryolservis”də yoxlamalara başlamışdı. Palatanın sədri Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Ona görə də bu yoxlamanın nəqliyyat nazirinin sifarişilə həyata keçirildiyi bildirilirdi. Və bu, son vaxtlar Cavid Qurbanovla Ziya Məmmədovun arasında münasibətlərin soyuması ilə əsaslandırılırdı.