BolgeXeber.Com » Media » Sabiq icra başçılarının taleyi necə oldu?

Sabiq icra başçılarının taleyi necə oldu?

29-07-2012, 23:30
Oxunub: 5 459 Vurulan məddahlar və ya parklarda kitab oxuyan icra başçıları...

Ölkə tarixində məmurların tutduqları vəzifələrdən çıxarılmaları, onların bir işdən başqa işə keçirilmələri və sair məsələlər normal hesab olunandır. Bu, sanki şahmat oyununa bənzəyir. Hansısa fiquru gəzdirib başqa yerə qoyursan. Həqiqi reallıq budur. Uzun illər hansısa vəzifədə çalışan məmurlar qəflətən “vurulur”lar. Dövlət daha həmin adamlara etimad göstərmir. “Vurulan” məmurlar arasında nazirlər, icra başçıları, millət vəkilləri, komitə sədrləri kifayət qədərdir. Bizim bu gün araşdıracağımız mövcu “vurulan” icra başçılarının nə işlə məşğul olmasıdır.

İcra başçısı olduğu vaxtlarda Suraxanı rayonunda əməlli-başlı ağalıq edən, indi isə gözə görünməyən Natiq Mehdiyev vəzifədən “vurulduqdan” sonra özünə peşə kimi biznesi seçib. Başçı olduğu müddətdə xeyli vəsait yığan N.Mehdiyevin Suraxanının bəzi qəsəbələrində müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. Araşdırmalarımız nəticəsində məlum olur ki, Natiq Mehdiyev vəzifədən çıxandan sonra özünü sırf bu işlərə həsr edib. Boş vaxtlarında isə Mərdəkandakı bağında istirahət edir. Qeyd edək ki, N.Mehdiyev prezidentin 11 may və 25 oktyabr tarixli sərəncamlarının müddəalarının yerinə yetirilməməsinə və noyabrın 6-da Milli Məclisə keçirilən seçkilər zamanı səslərin hesablanması prosesinə müdaxilələrinə görə işdən çıxarılmışdı.

Vəzifədən çıxarılandan sonra səsi-sorağı gəlməyən sabiq icra başçılarından biri də Mehbalı Əliyevdir. Nizami rayonunun köhnə “şefi” işdən qovulandan bir müddət sonra “havalı” gəzirdi. Hətta onun infark keçirdiyi, əlinə həsa alıb çöllərə düşdüyü də deyilirdi. Əldə etdiyimiz məlumatlara görə, hazırda M.Əliyev gününün çox hissəsini parklarda kitab oxumaqla keçirir. Başçı işlədiyi müddətdə əldə etdiyi gəlirlər hesabına o da özünə biznes qurub. Və həmin biznesləri idarə etməklə məşğuldur. Deyilənlərdən belə aydın olur ki, sabiq başçının bir neçə iri avtosalonu var. Onun biznesinin əsas hissəsi də məhz avtomobil satışı ilə bağlıdır. Xatırladaq ki, vəzifəyə gəldiyi gündən bəri ciddi narazılıqlara yol açan Mehbalı Əliyev işindəki ciddi nöqsanlara görə ölkə başçısı tərəfindən tutduğu postdan azad edilmişdi.

Vəzifəsini itirənlərdən biri də Naftalanın keçmiş icra başçısı Musa Musayevdir. O da digərləri kimi işindəki kobud səhvlərə və dövlət əmlakına ziyan vurduğuna görə işdən uzaqlaşdırıldı. Onun vəzifədən getməsinə səbəb kimi isə özünə Naftalanda möhtəşəm ad günü keçirməsi oldu. Dövlətin etibarını itirən M.Musayev işdən çıxarıldıqdan sonra özünü elmə verib. Əldə etdiyimiz məlumatlara görə, Musayev hətta Bakı Dövlət Universitetində müəllim işləyir, dərs deyir. Bununla yanaşı, onun da kiçik biznesi mövcuddur. Köhnə başçının ölkənin bəzi rayonlarında mal-qara təsəərrüfatı ilə məşğul olan fermalarının olduğu deyilir. Həmçinin M.Musayevin paytaxtın bahalı yerlərində obyektləri də var.

Qeyd edək ki, M. Musayev bələdiyyə seçkisində səsvermə prosesinə qeyri-qanuni şəkildə müdaxilə etmişdi.

2012-ci ilin aprelin 14-də ölkə başçısının müvafiq sərəncamları ilə 8 rayon və şəhərin icra hakimiyyətlərinin başçısı dəyişdirildi. Budəfəki sərəncamlarla da bəzi icra başçılarının iş yeri dəyişdirildi. Amma vəzifədən götürülənlər də oldu ki, onlarla bağlı yeni təyinatın şahidi olmadıq. Prezidentin budəfəki təyinatları zamanı Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev, İmişli rayonu İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev və Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev işdən çıxarılsalar da, yeni vəzifə ala bilməyiblər.

Bizə çatan xəbərlərdə qeyd olunur ki, Əlibaba Əliyevin vəziyyəti heç də yaxşı deyil. Sabunçuya rəhbərlik etdiyi 13 il ərzində saysız-hesabsız qanunsuzluqlar törədən Ə.Əliyevin barəsində yaxın vaxtlarda araşdırma başlanacağı gözlənilir.

Sabunçunu viran qoyan eks-başçının bunlardan duyuq düşüb xaricə getdiyi də bildirilir. İmişlinin sabiq icra başçısı Əbülfəz Ağayev isə kənd təsərrüfatı sahəsindən gəlir götürməyə çalışır. Mənbənin söylədiyinə görə, onun İmişlidə, Xaçmazda və Qubada kənd təsərrüfatı ilə bağlı olan müxtəlif obyektləri var.

Məhz aldığı təhsil də bu sahə ilə əlaqədardır. Çünki o, 1980-ci ildə Moskva Kənd Təsərrüfatı İstehsalı və Mühəndisləri İnstitutunu bitirib.

10 ildən artıq Ağdaşa rəhbərlik etmiş Rafiq Niftəliyevin isə hələlik dincəldiyi vurğulanır. Mənbə söyləyir ki, Niftəliyev vaxtını balıq ovunda “ölüdürür”. Çoxları isə iddia edir ki, Rafiq Niftəliyev yenidən vəzifəyə gətiriləcək.