BolgeXeber.Com » Xəbərlər » Əhali banklardan əmanətini kütləvi şəkildə çıxarır

Əhali banklardan əmanətini kütləvi şəkildə çıxarır

8-07-2015, 11:05
Oxunub: 2 980 Əhali banklardan əmanətini kütləvi şəkildə çıxarırMayda 116 milyon manatdan artıq əmanət çıxarılıb, ekspertlər bunun davamlı olacağını vurğulayır

Mərkəzi Bankın rəsmi məlumatına görə, may ayı ərzində əhali banklardan külli məbləğdə-116 milyon manatdan artıq əmanət çıxarıb.

Mart ayı ərzində 151, aprel ayı ərzində isə 64 milyon manatdan çox əmanət çıxarılmışdı. Ekspertlər bildirirlər ki, proses davam edəcək. Çünki Mərkəzi Bank adekvat və lazımi tədbirləri görmür.

Ekspertlərin fikrincə, əmanətlərin kütləvi çıxarılması prosesi davamlı olacaq. Səbəblər isə müxtəlifdir. Bank sisteminə etimadın azalması, Mərkəzi Bankın banklara səmərəsiz nəzarəti, növbəti devalvasiya gözləntisi, gəlirlərin azalması əsas səbəblər sırasındadır. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, başqa səbəblər də var: “Məsələn, Konstitusiya Məhkəməsinin məlum qərarı göstərdi ki, banklarla münasibətlərdə qanun əhalini qorumur. Yəni borc alanların başına gətirilən əmanətçilərin də başına gətirilə bilər. Əsaslandırma da eyni olacaq: banklar şivən qaldıracaq ki, qərar bankların deyil, əmanətçilərin xeyrinə olsa, maliyyə sistemi çökəcək. Əmanətçilər narahatdır ki, əgər maliyyə sistemi borc alanların haqqının tanınması nəticəsində bankların bir neçə milyon itirməsinə görə çökə bilərsə, belə sistemə necə etibar etmək olar”.

Ekspertin sözlərinə görə, Konstitusiya Məhkəməsinin məlum qərarının əhalinin əleyhinə olması həm də onu göstərir ki, bankların problemli kreditlərinin onsuz da yüksək olan həcmi daha da artacaq: “Problemli krediti çox olan bank əmanəti nəyin hesabına qaytaracaq?”

Ə.Həsənov qeyd edib ki, banklar maliyyə imkanları daxilində borc alanlara güzəşt etməlidir: “Böyük ehtimalla banklar ağlaşma quracaq ki, maliyyə vəziyyətləri qənaətbəxş deyil, buna görə də az güzəşt edə bilərlər. Bu məlumatla təbii ki, əmanətçilər də tanış olacaq və əmanətlərini maliyyə vəziyyətləri qənaətbəxş olmayan banklara etibar etdiklərini biləcəklər. Beynəlxalq Banka milyonlarla borcu olan ”sahibkarların" tutulması isə növbəti səbəbdir. Əmanətçilər düşünür ki, deməli, onların banklara qoyduğu əmanətlər hər yoldan keçən dələduza kredit kimi verilir və sonradan qaytarılmır. Qaytarılmırsa, bank sabah əmanəti necə qaytaracaq? Nəhayət, əmanətçilərin çoxu artıq bilir ki, onların əmanəti dövlət tərəfindən deyil, hüquqi statusu və pulları necə idarə etməsi məlum olmayan adi hüquqi şəxs, fond tərəfindən sığorta edilib. Yəni bir neçə bank müflis olsa, həmin fond da müflis olacaq və dövlət əmanətlərə görə məsuliyyət daşımayacaq. Deməli, sığortaya da bel bağlamaq olmaz".

Ekspert vurğulayıb ki, çıxış yolu Mərkəzi Bankın və kommersiya banklarının daha şəffaf olması, ictimaiyyəti dəqiq və vaxtında məlumatlandırması, əhali ilə kompromisə getməsidir: “Etimadı bərpa etmək lazımdır. Əks halda, maliyyə sistemi doğrudan da çökəcək”.
BOLGEXEBER.COM