BolgeXeber.Com » Xəbərlər » "Bərdə camaatı naminə bu fədakarlığı edəcəyik"

"Bərdə camaatı naminə bu fədakarlığı edəcəyik"

21-10-2015, 11:34
Oxunub: 3 256 "Bərdə camaatı naminə bu fədakarlığı edəcəyik"Zahid Oruc Bərdədə seçicilərlə görüşlərini davam etdirir

94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürmüş Zahid Oruc dairənin əhatə etdiyi kəndlərdə görüşlərinin davam etdirir. Bununla bağlı namizəd özü məlumat verib. O, bildirib ki, indiyə qədər 30-a qədər kənddə görüşlər keçirilib.

“Açıq etiraf etmək lazımdır ki, Qarabağ müharibəsinin ən ağır nəticələrini həyatının bütün sahələrində hiss edən bu rayon artıq bölgənin humanitar, iqtisadi, sosial cəhətindən məlum müharibə ağrılarını aradan qaldırmaqla məşğuldur. 2000-ci illərdən başlayaraq bu bölgəyə parlament üzvü kimi gələrkən ən başlıca problemlərin xəritəsini müəyyənləşdirməyə çalışdıq. Şükürlər olsun ki, dövlətin imkanları çərçivəsində sovet dövründən sonra dağılmış strukturun, su ilə təminat, xüsusilə də təsərrüfat xarakterli su məsələlərinin həlli, o cümlədən, yaşı 70-i, 80-i keçmiş məktəblərin vəziyyəti ilə bağlı köklü adımlar atıldı. Çox yaxşı xatırlayıram ki, 110 kəndə malik olan Bərdənin bir kəndində də o zaman mavi yanacaq yox idi. Bu, əhalinin sosial vəziyyətinə ağır təsir edirdi. Eləcə iri şirkətlərin, kampaniyaların bu rayona investisiya qoymasından da danışmaq mümkün deyildi. Bərdədə yarımqaranlıq vəziyyət hökm sürürdü. İndi Bərdənin artıq 90-a qədər kəndi qazlaşdırılıb. Bu, heç şübhəsiz Azərbaycan dövlətinin hesabına, ölkə başçısının məlum sosial-iqtisadi inkişaf proqramları hesabına baş verib. Qarabağ üçün, bir strateji istehkam mənasında olan bu bölgə üçün atılan addımların xüsusi mənası var. Burada 136 min yerli əhaliyə 126 minə yaxın köçkün düşürdü. Bu, o deməkdir ki, Bərdə üçün görülən işlər bir neçə rayon üçün görülən işlər idi. Buranın güclənməsi Qarabağda ermənilərlə savaşın tərkib hissəsi idi. Ötən dövr ərzində bu sahədə köklü addımlar atıldı. Sonra da əhalinin su ilə təminatı yönündə işlər kifayət qədər normal səviyyəyə qalxdı. İndi biz 850-yə qədər subartezian quyusunun işlədiyindən danışa bilərik. O cümlədən, 30-a qədər məktəbin yeni tikintisi reallaşdı”,- deyə Zahid Oruc ötən illər ərzində Bərdədə görülən işlərdə onun da əməyinin olmasından danışıb.

Z.Oruc qeyd edib ki, sadalanan sosial problemlərin həllində yaxından iştirak edib: “Nəhayət ki, seçki dönəminə daxil olaraq, xüsusi vurğulamaq istəyirəm. Parlament üzvü sadəcə qanun istehsalçısı deyil. İctimai fikri Milli Məclisə daşımaq üçün seçilmir. Eyni zamanda, bölgənin, təmsil etdiyi əhalinin əsas, aparıcı problemlərini görür. Bunların həlli yolları üçün hökumət strukturları ilə birgə fəaliyyət aparmağa çalışır. Çox şadam ki, bu mənada, əhalinin üzərimizə qoyduğu vəzifələri yerinə yetirmək istiqamətində bir misqal da olsa, əməyimiz ortadadır. Qeyd etdiyim o 90 kəndin hamısının açılışlarında iştirak etmişəm. O, mavi yanacağın xətti, turbalar torpağa qoyulandan ta işin başa çatmasına qədər bütün prosesi müşayiət edən addımları atmışıq. İnsanların ayağına gəlmişik. Camaat üçün əlçatan olmuşuq. İnsanların qarşısına gedərkən, 2015-ci il üçün seçki təbliğatı başlayan gündən bu yana 30-a qədər kəndi əhatə edən görüşlərimizi reallaşdırarkən bu məqamları insanlar yüksək qiymətləndiriblər. İnsanlar dəyərləndirir ki, yuxarıdan aşağı baxmadan, bürokratik əngəl yaratmadan, əlçatan olaraq, sadəcə yaxanı qırağa çəkməyərək, bu dövrün, keçid mərhələsinin şərtlərini nəzərə alaraq, işləməyi dəyərləndirir, ona rəğbətlə yanaşır. Öz gələcək həyatını da bu yöndə müəyyənləşdirərkən dövlətin məlum xəttinə, həm də bizlərin buradakı fəaliyyətinə öz müsbət mövqeyini göstərir”.

O, bundan sonrakı vəzifələrdən də danışıb: “9 oktyabrdan başlayaraq seçki qrafiki əsasında işlərimizi həyata keçirmişik. Görüşlərimiz uğurlar həyata keçirilib. Hər bir görüşdə 300-500 arası insan iştirak edib. Bu çərçivədə əsas problemlər, bundan sonrakı dövr üçün vəzifələr də müəyyənləşib. Yəni hesabat vermək məsələnin bir tərəfidir, gələcəyə baxmaq, daha hansı məsələlər görülə bilər, fikirlərimizi də ümumiləşdirməyə çalışmışıq. Qarabağ bölgəsi üçün əsas məsələlərdən biri enerji təminatı ilə bağlı infrastrukturdakı problemi tam aradan qaldırmaqdır. Bunu vəd etmişik. Bu sahənin yuxarı təmsilçiləri ilə bölgəyə dönəcəyik. O etibarı daha da üzərimizdə saxlamaq üçün bu yöndə bütün addımları atmağa çalışacağıq. Eyni zamanda, xüsusi olaraq, Qarabağ problemindən sonra əhalinin ən böyük çətinliyi, ən böyük yarası işsizlik problemidir. Bu yöndə Qarabağda istehsalat sahələrinin açılmasına ciddi ehtiyac var. Biz bunu hər bir görüşdə hiss edirik. Xüsusilə də istəyiriksə ki, Azərbaycan gəncliyi sadəcə iş yerlərinə, təhsilə, böyük dünyaya, yaxşı əlaqələrə və sair kimi işlərə can atsınlar, onda bu dediyimiz sahədə addımlar atmalıyıq. Üçüncü, kənd yerləri üçün xarakterik olan vətəndaşların sənədləşmə işlərində problemlərdir. Bu sahədə bürokratik əngəllər kifayət qədər çoxdur, vətəndaş o sədləri keçərək, özünün əmlakı, mülkiyyəti üzərində sənədləşmələrə gedə bilmir. Bu yöndə hansı addımlar atıla bilərsə, o insanlara sadə bir şəkildə söyləmişik. Ən sonda, onu deyim ki, görüşlərimiz uğurla davam edir. Qarşıdakı on gündə də müxtəlif ünvanlarda tədbirlərimiz olacaq. Hər bir görüşdə bizə çoxlu ictimai, eyni zamanda, fərdi məsələlər deyilir. Bunların hər biri ilə bağlı addımlar atmağa çalışırıq. Amma bunun üzərində sadə bir ümid insanlarımız üçün vermişik. Bu da ondan ibarətdir ki, parlament üzvü kimi bu bölgədə bir kvadrat metr yerə sahib olmadan, sadə xalq dilində desək, Bərdə camaatının başını uca etmək naminə bu sadəliyimizi saxlayaraq, fəaliyyətimizi tribunada göstərərək, ölkənin beynəlxalq əlaqələrinə parlament cinahından bir misqal da olsa təsir göstərərək, rol oynayaraq, ölkədə hər hansı bir şəkildə mandatımzı qohum-əqrəbaya, dostlara, yaxınlara yönəltmədən, insanlarımız üçün vəd etmişik. Bu yolda davamlıyıq, punktualıq. Çox açıq da söyləyim ki, bəzən paytaxt siyasi mübarizələrində bizi süngüyə taxmağa hazır olanlar bəzən bu bölgəyə gəlib, qeyd etdiyim işləri gördüyündə öz fikirlərində xeyli yanlış olduqlarını da görməkdədirlər. Amma siyasətçi aqibəti daim onun obrazına, siyasi mövqeyinə hücumların olmasını tələb edir. Biz də bunu könüllü seçmişik. Ona görə də Bərdəyə, Bərdə xalqına, camaatına xidmətimizi bundan sonra da uğurla davam etdirməyə çalışacağıq”.