BolgeXeber.Com » Xəbərlər » Prezident nazirləri topladı - “Bu qanlı toqquşma göstərdi ki...”

Prezident nazirləri topladı - “Bu qanlı toqquşma göstərdi ki...”

9-04-2016, 14:36
Oxunub: 2 576 Prezident nazirləri topladı - “Bu qanlı toqquşma göstərdi ki...”Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Bolgexeber.com xəbər verir ki, iclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident İlham Əliyev şəhidlərimizin yaxınlarına səbir, yaralananlara şəfa diləyib.

Dövlət başçısı deyib ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib. “Bu qanlı toqquşma bir daha göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır”, - deyən Prezident İlham Əliyev danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistanın təxribatlara əl atdığını bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Ermənistan-Azərbaycan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atıb, nəticədə qarşı tərəfə məxsus bir helikopter vurulub və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırılıb. Prezidentlərin keçən ilin dekabrında keçirilən görüşü də nəticəsiz başa çatıb.

Dövlət başçısı vurğulayıb ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə edib. “Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq”, - deyən İlham Əliyev vurğulayıb ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir.

Prezident ilin birinci rübündə bir çox xarici səfərlərdə olduğunu, ölkəmizə 10 xarici dövlət və hökumət başçısının səfər etdiyini bildirdi, bütün bunları Azərbaycanın fəal xarici siyasət yürütməsi ilə əlaqələndirib. Birinci rübdə Avropa Komissiyasının iki vitse-prezidentinin Azərbaycana gəldiyini, ABŞ-a səfəri çərçivəsində aparılan danışıqların səmərəli olduğunu, ölkələrimiz arasındakı əlaqələrin hər iki tərəf üçün yeni imkanlar açdığını, Birləşmiş Ştatların rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar verdiklərini deyən Prezident İlham Əliyev onu da bildirib ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb. Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir.

İlham Əliyev birinci rübdə ümumi daxili məhsulun aşağı düşməsinə baxmayaraq, il ərzində bu sahədə artımın proqnozlaşdırıldığını bildirib, bütün maliyyə-iqtisadi sektorun mütərəqqi prinsiplər əsasında inkişaf etməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı deyib ki, birinci rübdə 37 min yeni iş yeri yaradılıb və bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq.

Azərbaycan Prezidenti regional inkişaf proqramının icrası, investisiyaların qoyulması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının cədvəl üzrə getdiyini, bu strateji layihənin vaxtında icra olunacağını bildirib.

Bu ayın sonunda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini, Azərbaycanın multikulturalizm və sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm rol oynadığını deyən İlham Əliyev ölkəmizdəki müsbət dinamikanın qarşıdakı dövrdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Sonra energetika naziri Natiq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilin birinci rübündə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

Prezident İlham Əliyev yekun nitqində ordu quruculuğuna daha böyük diqqətin göstərilməsinin vacibliyini bildirib, buna nail olmaq üçün iqtisadiyyatın sürətlə inkişaf etməsinin əhəmiyyətinə toxunub. “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”, - deyən dövlət başçısı bildirib ki, ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür.

Prezident qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğuladı, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını diqqətə çatdırıb.

Dövlət başçısı bildirib ki, bu il 40-dan çox kənd yolu layihəsinin icrası, nəqliyyat dəhlizlərində vahid tarif siyasətinin həyata keçirilməsi, Ələt dəniz limanının yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi, genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.