BolgeXeber.Com » Xəbərlər » “Kim arvadımı videoya çəksə, 5 min dollar verəcəm” - ŞOK TƏFƏRRÜAT

“Kim arvadımı videoya çəksə, 5 min dollar verəcəm” - ŞOK TƏFƏRRÜAT

21-05-2016, 10:45
Oxunub: 5 288 “Kim arvadımı videoya çəksə, 5 min dollar verəcəm” - ŞOK TƏFƏRRÜAT“Vüsalın baldızına göz dikdiyini dedim”

Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub.

Hadisənin şok təfərrüatlarını təqdim edirik.

Bunu da oxu: “Onu namusum yox, pul maraqlandırırdı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevinc Şirəliyeva qeyd edib ki, 2012-ci ilin sonlarında bir dəfə Vüsalla evdə söhbət edib: “Vüsal dedi ki, Şəkidə İqbal adlı 17 illik dostum var, avtoritet kimi hörmətli adamdır, hər yerdə sözü keçir, hamı ondan qorxur. İqbal Bakıya tez-tez gəlib-gedirdi, onlar görüşürdü. Vwsal dedi ki, İqballa danışmışam ki, sənin ərini aradan götürək, İqbal da söz verib ki, problem yoxdur, edərik. Ona Orucu öldürməyin sərf etmədiyini bildirdim. Vüsal da mənimlə razılaşdı”.

“Qətli təxirə salmağı xahiş etsəm də, Vüsal razılaşmadı”

Təqsirləndirilən şəxs bildirib ki, 2013-cü il aprel ayının 8-də Oruc öz bacısı Nəsibə ilə görüşmək üçün Qaxda olanda Vüsal onun yanına gəlib: “Bu zaman Vüsalın mobil telefonunda Bürhanın “atam bu günlərdə Şəkidən qayıdacaq, mənim sənə pul verdiyimi bilib, məni öldürəcək, aldığın pulu tez qaytar”, məzmunlu yazışmasını gördüm. Soruşanda Vüsalın Bürhandan bir dəfə 3000 dollar, sonra da 1000 dollar aldığını və qaytarmadığını öyrəndim. Orucun bu pul söhbətini biləndə Bürhanın vəziyyətinin pis ola biləcəyini dedim. Vüsal mənə “narahat olma, Oruc gedib oraya çatmayacaq, avtobusdan düşən kimi onu öldürəcəklər, çünki sənin ərin 5 nəfər oğlanın yanında danışıb ki, kim mənim arvadımın pozğunluğunu videoya çəkib gətirsə, ona 5 min dollar verəcəyəm, sonra da həmin videonu göstərib arvadımı boşayacağam. Lakin Vüsal mənə bu 5 nəfərin kim olduğunu deməyib.

İqballa artıq hər şeyi razılaşdırdığını, Orucu öldürmək üçün “Edik” adlı adamlarının artıq Nijnıy Novqordda gözlədiyini, Orucun oraya gedib sağ çatmayacağını artıq Bürhana da zəng vurub dediyini bildirdi. Mən də Bürhana zəng vuraraq “atan oraya gəlir, pula görə səninlə dalaşacaq, sən çıx gəl buraya, mən hər şeyi yoluna qoyaram” deyə bildirdim. Orucun öldürülməsinə görə Bürhanın şübhə altında qalacağını düşündüm. Bu qətli təxirə salmağı, 2-3 ay gözləməyi xahiş etsəm də, Vüsal razılaşmadı”. Sevinc Şirəliyevanın sözlərinə görə, Oruc 9 aprel 2013-cü il tarixdə avtobusla Nijnıy Novqoroda getmək üçün Bakıya yola düşüb: “Oruc gedəndən sonra Vüsal gəldi. Sonra Bakıda vağzaldan həmin avtobusun sürücüsünün telefon nömrəsini öyrəndi, avtobusun Nijnıy Novqoroda nə vaxt çatması ilə maraqlandı. Həmin axşam Bürhan Şəkiyə, evə gəldi. Bürhan dedi ki, Vüsalın tapşırığı ilə Nijnıy Novqoroda onun yanına Elçin adlı bir nəfər gəlib, bir gecə oradakı evdə qalıb”.

“Yas mərasiminə Vüsal da, İqbal da gəlmişdi”

Təqsirləndirilən şəxs bildirib ki, aprelin 12-də Vüsal ilə birlikdə Bakı şəhərinə, özünə maşın almağa gedib: “Həmin gün axşam saatlarında Şəki rayonu, Kiş kəndində yaşayan baldızım Xumar zəng vuraraq Orucun bıçaqlandığını və Nijnıy Novqorodda xəstəxanada olduğunu xəbər verdi. Dərhal Vüsalın göndərdiyi adamın Orucu bıçaqladığını anladım və bunu Bürhana dedim”. Sevinc Şirəliyeva əlavə edib ki, aprelin 17-də Orucun meyiti Şəkiyə gətirilib və dəfn edilib: “Yas mərasiminə Vüsal da, İqbal da gəlmişdilər. Qırx mərasiminə pul çatmadığı üçün Vüsalın məsləhəti ilə Bürhana alınmış VAZ-2107 markalı maşını Şəkidə satdıq. Orucun ölümündən sonra Vüsal mənə notariusda vərəsəlik sənədi çıxardı. Artıq Vüsal sərbəst olaraq mənim yanıma gəlib-getməyə, evimi idarə etməyə başladı”.

“Vüsalın baldızına göz dikdiyini dedim”

Sevinc Şirəliyeva bildirib ki, əri öldürüləndən sonra “Qazel” maşını alıb və Şəkidə sərnişin daşıma xəttinə verib: “2013-cü ilin avqustunda Vüsal məcbur edərək 8 saylı marşrutu və “Qazel” maşınını Qoşqar adlı şəxsə 17 min dollara satdırdı. Vüsal pulun 5 min dollarını götürərək Masallıya getdi. Buna qədər isə bir gün Vüsal zəng vuraraq İqbalın onlara qarşı plan qurduğunu bildirdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, təcili oğlanları - Bürhan və Mərdanla birlikdə Şəki şəhərində olan Karvansara tərəfdə tanımadığı bir evə gedib:

“Orada Zaman adlı şəxslə söhbət etdim. O, Vüsalın yaxşı oğlan olduğunu, marşrutu satmaqdan ehtiyat etmək lazım gəlmədiyini, Vüsalın pulunu qaytaracağını dedi. Vüsal avqustun ortalarında Masallıya getdi və oradan Bürhana zəng vuraraq Zamanın qardaşı Ziyanın Rusiyada “Belıy lebed” adlı həbsxanada cəza çəkdiyini bildirib və ona 500 manat göndərmək lazım gəldiyini deyib. Bürhan da Vüsalın SMS ilə yazdığı ünvana həmin pulu göndərdi. Sonra telefonla əlaqə saxlayaraq Zamanın qardaşı barədə hal-əhval tutdum. Sonra bunu Vüsala dedim. Sentyabrın sonlarında Şəkiyə qayıdan Vüsal məndən niyə Zamanla telefonda danışdığımı soruşdu. Zamanın dediyi kimi Vüsalın onun baldızına göz dikdiyini, qara niyyətli olduğunu üzünə dedim”.

Sevinc Şirəliyeva bildirib ki, Vüsalın aldığı pullardan 3 min dolları Ziya üçün göndərdiyi də bəlli olub: “Daha sonra marşrutun pulundan hissə-hissə yenə 7 min dolları alan Vüsal pullarımı beləcə öz ehtiyaclarına xərclədi. O, məni tam vahimə içində yaşadıb. 2013-cü il sentyabrın axırlarında Vüsal müxtəlif adamlarla zəngləşərək Orucun bacısı Xumarın qızı Pərvanənin əri Kamranı tapdı. Oktyabr ayında Vüsalın xahişi ilə Kamran gəlib mənim evimdə 2-3 gün qaldı. Həmin ərəfədə Kamranın məşuqəsi Samirənin avtovağzal tərəfdə kreditlə aldığı evi olmasını, Kamranın orada qalmağa başladığını bildim. Vüsal isə Şəkidə bir imkanlı adamın maşınında daim çoxlu pul olduğunu, onun maşınının qabağını kəsərək pulunu əlindən almağa hazırlaşdıqlarını, Kamran da bunun üçün bir ədəd lüləsi kəsilmiş tüfəng olduğunu dedi”.

“Oğurluğa getdiklərini həm mən, həm də oğlum bilib”

Sevinc Şirəliyevanın sözlərinə görə, 2013-cü il noyabr ayının əvvəllərində bir axşam Vüsalın zəngi əsasında Bürhan idarə etdiyi VAZ-2106 markalı avtomaşınla evdən gedib: “Oğlum Samirənin evindən Kamranı və Vüsalı götürüb və “Motor aralığı” deyilən tərəfdə düşürüb. Oğlum onları həmin yerdə düşürəndən sonra geri qayıdıb. Vüsalgilin ora oğurluğa getdiklərini həm mən, həm də oğlum bilib. Səhərə yaxın Vüsal yenə zəng vuraraq Bürhanı çağırdı. Bürhan da maşınla getdi və təxminən yarım saatdan sonra qayıdaraq Vüsalın əlində bir çemodan da olduğunu, onu Kamrangilə düşürdüyünü dedi. Səhər açılanda isə Vüsal evə özü ilə bir selofan torba pul gətirdi, dərhal da Bürhana pul verib maşina benzin vurmağa və siqaret almağa göndərdi”.

Sevinc Şirəliyeva bildirib ki, həmin gün Vüsal Kamranla Bakıya gedib. O, qeyd edib ki, Vüsal özü Bakıdan qayıdandan sonra İqbalın ondan şikayətinə görə Daxili İşlər Nazirliyindən onun dalınca Şəkiyə gələnlər olduğunu, şikayəti bağlamaq üçün 1000 manat istədiklərini deyib: “Vüsalın tələbi ilə Bürhan öz maşınını 3000 manata satdı və pulundan 500 manat Vüsala verdi. Vüsal gətirdiyi puldan da 500 manat qoyaraq 1000 manatı apardı. Pullar xərclənib qurtaranda Vüsal həyəti ortadan bölməyi və aşağı hissəni Qoşqar adlı şəxsə satmağı təklif etdi. Həyətin yarısını 10 min dollara Qoşqara satmağa razılıqdan sonra 2 min dollar məbləğində beh pulunu Vüsal özü götürdü. Vüsal həmin pulu Bakıya apardı və orada Kamranla Samirəyə qonaqlıq verdi”.

“Vüsal ailəmi məhv edib”

O, qeyd edib ki, həyətin pulundan qalan 6 min dollarını da sənədləşmə aparılandan sonra Vüsal götürüb: “Vüsal həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləyib. Bununla da Vüsal ailəmi məhv etməklə yanaşı, bütün əmlakımı da hissə-hissə əlimdən çıxarıb”. Sevinc Şirəliyeva qeyd edib ki, 2013-cü ilin dekabrın ortalarından etibarən Vüsal saatlara internetdə oturub və bankomatlardan pulun oğurlanması qaydalarını öyrənib: “2014-cü ilin yanvarın ortalarında bankomat məsələsini evimdə Kamranla da söhbət edib, evin zirzəmisinə qaz balonları qoyub, orada qaynaq vasitəsi ilə dəmir kəsməyi məşq ediblər”.

Sevinc Şirəliyeva bildirib ki, Vüsal və Kamran məşqlərdən sonra Rüfət adlı oğlanın idarə etdiyi avtomobillə Baş Zəyzid kəndinə, Dodu məhəlləsinə bankomat yarmaq üçün gediblər: “Vüsalın dediyinə görə, bir dəfə Mikayıl da onlarla birlikdə gedib, amma bankomatların heç birindən pul çıxara bilməyiblər”. Sevinc Şirəliyevanın sözlərinə görə, 2014-cü ilin yanvar ayında Vüsal evdə mütəmadi olaraq Bürhanı danlayıb: “Vüsal oğluma deyib ki, Kamranın qohumu Rəsulun evində yaxşı pul var, Kamran özü bunu mənə deyib, amma Kamran qohum olduğu üçün getməyəcək, evə girdiyimiz gün Bakıda olacaq ki, Rəsul ondan şübhələnəndə Bakıda olduğunu bilib dinməsin, həm də Rəsul polisdən qorxan adamdır, şikayət edən deyil, sən gəl mənimlə gedək, hasardan aşıb qapını içəridən aç, qalanı mənlikdir. Uuzun-uzadı söhbətlərdən sonra Bürhan Vüsalla razı oldu. Onlar 25 yanvar 2014-cü il tarixdə Rəsulun evinə girsələr də, heç nə tapa bilməyiblər”.
“Kim arvadımı videoya çəksə, 5 min dollar verəcəm” - ŞOK TƏFƏRRÜAT