BolgeXeber.Com » Xəbərlər » Laçında müəmmalı maliyyə əməliyyatları - Yeyinti ittihamı...

Laçında müəmmalı maliyyə əməliyyatları - Yeyinti ittihamı...

1-07-2016, 15:43
Oxunub: 2 416 Laçında müəmmalı maliyyə əməliyyatları - Yeyinti ittihamı... “Ramiz İsayev Laçın rayonunu özünün gəlir mənbəyi bilir və işlərini də buna uyğun qurur

Laçın rayon Maliyyə şöbəsinin yarıtmaz fəaliyyətindən bəhs edən şikayətlər bizimdovr.az-a daxil olmaqdadır. Bu mövzuda dərc etdiyimiz ötən materiallarda da biz göstərmişdik ki, redaksiyamıza açıqlama veürən mənbələr rayonun təhsil, mədəniyyət və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin mənimsənildiyini iddia edirlər. Bütün bu qanun pozuntularında ittiham olunan əsas şəxs kimi isə, yenə də Laçın rayon Maliyyə şöbəsinin rəisi Ramiz İsayev çıxış edir. Bu yaxınlarda aldığımız növbəti məlumatlardan birində deyilir: “Ramiz İsayev Laçın rayonunu özünün gəlir mənbəyi bilir və işlərini də buna uyğun qurur. Məsələn, bu şəxs əksər işləri elə şəkildə qurur ki, nəticədə ayrılmış pullarda şişirdiləmələr ən pik həddə çatır. Çünki ayrılmış pulun miqdarı ilə görülən işlərin arasında tərs mütənasiblik elə ilk baxışdan diqqəti çəkir. Maraqlı məqamlardan biri də odur ki, Laçın Maliyyə İdarəsinin rəisi Ramiz İsayev dəfələrlə Maliyyə Nazirliyi tərəfindən tənbeh olunub, tənqid edilib və töhmət alıb. Bütün bunlar isə, onun işdə yol verdiyi nöqsanlarla bağlı olub. Aparılan yoxlamalar zamanı aydınlaşıb ki, İsayev ciddi yeyintilərə yol verib. Amma bütün bunlara rəğmən, onu işdən yenə də çıxarmayıblar...”

Həmçinin aldığımız məlumatlarda təsdiq olunur ki, Laçın rayon Maliyyə İdarəsinin yuxarı instansiyalara təqdim etdiyi hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Bu xüsusda bizimdovr.az-a təqdim edilən açıqlamalarda qeyd olunur ki, Laçın rayon Maliyyə şöbəsinin rəisi Ramiz İsayevin öz işində yol verdiyi bir çox ciddi nöqsanlar müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub. Lakin nədənsə həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur. Açıqlamalarda vurğulanır ki, qeyri-qanuni yollarla əldə etdiyi külli miqdarda sərvət sayəsində Laçının maliyyə şefi daha yuxarı instansiyalarda yerləşmiş bəzi korrupsioner məmurlar arasında özünə himayədarlar tapa bilmişdir. Məhz elə bu himayədarların sayəsində də şöbə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalaya bilib. Aldığımız digər bir məlumatda deyilir: “10 ildən çoxdur ki, yaxındır rayon Maliyyə şöbəsinə rəhbərlik edən Ramiz İsayev rayona ayrılan maliyyə vəsaitlərini amansızcasına talayır. Büdcə təşkilatlarına ayrılan əmək haqlarının hər ay faizi çatmasa, heç bir təşkilat vaxtında əmək haqqı ala bilməz. 50-dən çox ərazi icra nümayəndələri hər ay əmək haqlarının yarısını Ağcabədinin yollarında, yarısını isə Ramiz İsayevin yığımcıl maliyyə şöbəsində qoymalı olurlar. Əks təqdirdə süründürməçiliklə bir neçə gün rayonda onun-bunun qapısında qalmaqla daha artıq pul xərcləməli olurlar. Ona görə də Ramiz İsayevi bəri başdan “görməklə” işlərini asanlaşdırırlar. Laçın rayonuna hər ay yarım milyona qədər vəsait ayrılır. Bu vəsaitin ən azı bircə faizi Ramiz İsayevin dədə-malı kimi şəxsi büdcəsinə gedir. Özünün dediyinə görə, bu pullar onun əziyyətinin bəhrəsidir. Ramiz İsayev hətta Maliyyə nazirinin və icra başçısının da bu məbləğdən xəbərdar olmalarını deməkdən belə çəkinmir...”

Redaksiyamıza təqdim olunan açıqlamalara görə, Ramiz İsayevin xeyli sayda mülkü var. Onlar İsmayıllı rayonundan tutmuş, Bakıya qədər bir çox yerlərdə mövcuddur. Həmin villalardan təkcə birinin isə, qiymətinin 300 min manatdan baha olduğu deyilir...

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.