BolgeXeber.Com » Xəbərlər » General hələ ki "dərsindən" 2 almaqdadır - Niyə səfərbər ola bilmirik?

General hələ ki "dərsindən" 2 almaqdadır - Niyə səfərbər ola bilmirik?

7-10-2016, 16:03
Oxunub: 3 148 General hələ ki "dərsindən" 2 almaqdadır - Niyə səfərbər ola bilmirik?Bir çox hərbi ekspertlər isə, konkret olaraq Arzu Rəhimovun ünvanına çox ciddi ittihamlar səsləndirməkdədirlər

Son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik Xidməti) fəaliyyətində müşahidə olunan nöqsanlar ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb etməkdədir. Təbii ki, qeyd olunan nöqsanlar öz növbəsində ciddi narazılıqların yaranmasına, Səfərbərlik Xidmətinin rəhbərliyinin və şəxsən Xidmətin rəisi general-leytenant Arzu Rəhimovun ünvanına ciddi iradların səsləndirliməsinə də səbəb olur. İlk növbədə Xidmətin fəaliyyətində müşahidə edilən nöqsanlar isə əlbəttə ki, Silahlı Qüvvələrdə hərbi xidmətə çağırılma proseduru zamanı yol verilən ciddi qanun pozuntuları ilə bağlı olur. Mövzuya dair rədc etdiyimiz ötən yazılarımızda da biz dəfələrlə qeyd etmişik ki, Səfərbərlik Xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Halbuki vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik Xidmətinə verilməsindən sonra ümid etmək olardı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin yerli mənbələrin iddialarına görə, son nəticədə bütün bu islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirlərin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Hətta əvvəllər komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib. Bu haqda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, hazırda bəzi rayon və bölgələrdə sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Bir çox mənbələr isə iddia edirlər ki, Arzu Rəhimovun rəhbərlik etdiyi qurum tərəfindən indiyədək yüzlərlə çağırışçı məhz sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi, eksudativ plevlit, nevroz diaqnozu ilə ordu sıralarına cəlb olunub və qısa müddətdən sonra hərbi hissələrdən geri qaytarılıblar. Yeri gəlmişkən, ötən saylarımızda bu kimi hallara dair bir neçə konkret faktı da biz öz yazılarımızda təqdim etmişik. Lakin təəssüflər olsun ki, Səfərbərlik Xidmətinin rəhbərliyi tərəfindən hələ də təqdim olunan faktların araşdırılması və müvafiq tədbirlərin görülməsi istiqamətində heç bir addım atılmayıb.
Bir çox hərbi ekspertlər isə, konkret olaraq Arzu Rəhimovun ünvanına çox ciddi ittihamlar səsləndirməkdədirlər: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti indiyə qədər üzərinə düşən vəzifələri yerinə yetirməyib. Bu qurumun vəzifəli şəxsləri nə edəcəklərini hələ də müəyyənləşdirməyiblər. Azərbaycan müharibə vəziyyətindədir və istənilən an müəyyən təhlükələrə məruz qala bilər. Lakin buna baxmayaraq, adıçəkilən qurum bu günə kimi səfərbərliklə bağlı heç bir iş aparmayıb. Təsəvvür edin ki, general-leytenant utanmadan deyir ki, hələ bundan sonra onlar hansısa təhlillər aparacaq, hansısa işlər görəcəklər. Ortada çox biabırçı bir mənzərə mövcuddur. Hesab edirəm ki, bu qurumda kifayət qədər ciddi araşdırmalar aparılmalıdır. Belə ki, indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində bir sıra ciddi qanunsuzluqlar aşkarlanıb. Bu isə öz növbəsində, general-leytenant Arzu Rəhimovun qanun qarşısında cavabdehliyini zəruri edir...”
Birmənalı olaraq demək olar ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Son illər ərzində bu sahədə həyata keçirilən islahatlara baxmayaraq, bu qurumun fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunur.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.