BolgeXeber.Com » Xəbərlər » Nazirlik Kürdəmir səhiyyəsinə əl gəsdirməlidir... - İTTİHAM VAR

Nazirlik Kürdəmir səhiyyəsinə əl gəsdirməlidir... - İTTİHAM VAR

8-10-2016, 15:49
Oxunub: 2 458 Nazirlik Kürdəmir səhiyyəsinə əl gəsdirməlidir... - İTTİHAM VARArtıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəmməd Musayevin yarıtmaz fəaliyyətindən və məhz bu fəaliyyətin nəticəsi olaraq, rayon səhiyyəsinin düşdüyü bərbad durumdan bəhs olunur

Aldığımız açıqlamalarda vurğulanır ki, bu gün Kürdəmirin istisnasız olaraq bütün tibb müəssisələrində Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Məhəmməd Musayevin qoyduğu və hər bir halda ölkə qanunları ilə barışmaz ziddiyyət təşkil edən xüsusi qaydalara riayət olunur. Artıq qeyd olunduğu kimi, bu gün Kürdəmir əhalisinə 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayonun səhiyyə sistemində 112 həkim, 416 tibb bacısı və 415 kiçik tibb işçisi çalışır. RMX-nın baş həkimi isə, bütün bu müəssisələri də, orada çalışan kollektiv üzvlərini də birbaşa özünün maraqlarına tabe etdirməyi bacarıb. Bu maraqlarsa, rayon sakinlərinin və əlbəttə ki, ilk növbədə xəstələrin maraqları ilə qətiyyən uzlaşmır. Baş həkim davamlı olaraq, tabeliyində çalışan insanlardan pul yığımları həyata keçirməyi tələb edir. Həkimlər, tibb işçiləri dövlət müəssisələrində çalışmaqlarına rəğmən, ən adi müayinə və digər prosedurlar müqabilində belə, xəstələrdən pul istəməyə məcbur edilirlər. Rayonun bütün tibb müəssisələrində Məhəmməd Musayevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur. Eyni zamanda da, daxil olan məlumatlarda Məhəmməd Musayevin rayonun bir çox kəndlərində özünə “sadiq” kadrlar yetişdirə bildiyindən də söz açılır. Məsələn, elə bir müddət əvvəl aldığımız açıqlamada rayonun Karrar kənd ərazi xəstəxanasının baş həkimi Mənsim Əliyevin də rəhbərlik etdiyi müəssisədə eynən öz “rəhbərinin” iş üsullarını tətbiq etdiyi vurğulanmışdı. Mənbənin deməyinə görə, Karrar xəstəxanasında yaranmış vəziyyət bura müraciət edən xəstələri çıxılmaz durumda qoyur. Xəstəxanada antisanitar vəziyyət hökm sürür, xəstələr heç nə ilə təmin olunmurlar: “ Burada adi şorbanı da xəstələrə çox görürlər. Elə bu səbəbdən də xəstə hər şeyi özü ilə gətirir. Bundan başqa, tibb ocağının əməlli-başlı təmirə ehtiyacı var. Bu da hamıya bəllidir ki, xəstəxanaların təmir olunması üçün dövlət tərəfindən maliyyə ayrılır. Lakin baş həkim Mənsim Əliyev Kürdəmir səhiyyəsinin baş həkimi Məhəmməd Musayevlə əlbir olaraq, bu vəsaitləri mənimsəyirlər. Həmçinin Məhəmməd Musayevlə Mənsim Əliyev əlbir olaraq, müxtəlif dərman maxinasiyaları, eləcə də saxta xəstəlik tarixçələrinin açılması ilə bağlı çoxsaylı maxinasiyalar həyata keçirirlər. Təəccüblü deyil ki, Məhəmməd Musayev yalnız onun korrupsiya əməllərinə şərik olan həkimləri “etibarlı” kadrlar kimi qəbul edir...” Həmçinin aldığımız məlumatlarda rayon sakinlərinin xüsusi narazılığını doğuran əsas məqamlardan birinin də, Kürdəmirin səhiyyə müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlı olduğu göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Açıqiamalarda vurğulanır ki, mərkəzi xəstəxanada, eləcə də rayonun digər tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır.

Təəssüflər olsun ki, bütün bu deyilənlərin dəfələrlə təkrar olunmasına baxmayaraq, ölkənin Səhiyyə Nazirliyi tərəfindən Məhəmməd Musayevin fəaliyyətinin araşdırılması istiqamətində hələ də konkret addımlar atılmır.

Qarşı tərəfin də öz mövqeini bildirmək hüququ var.