BolgeXeber.Com » Xəbərlər » İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycan üçün qəbul edilmiş hesabatı təqdim olunub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycan üçün qəbul edilmiş hesabatı təqdim olunub

20-02-2017, 16:53
Oxunub: 2 475 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycan üçün qəbul edilmiş hesabatı təqdim olunubFevralın 20-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üçün qəbul edilmiş hesabatı təqdim olunub

Bolgexeber.com xəbər verir ki, tədbirdə OECD-nin rəsmiləri Tatyana Xvanska və Rusudan Mikelidze, eləcə də dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.

OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Azərbaycan Respublikası üzrə əlaqələndiricisi, Azərbaycan Baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu məqsədlə Azərbaycan 2003-cü ildən OECD ilə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq edir. Qeyd olunub ki, İstanbul Fəaliyyət Planı Şəbəkəyə üzv ölkələrdə mərhələli şəkildə antikorrupsiya islahatlarının həyata keçirilməsini və nəticələrinin qiymətləndirilməsini nəzərdə tutur. İndiyədək respublikamız üç monitorinq mərhələsini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Bununla yanaşı, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları təşkilatın xətti ilə indiyədək dörd ölkənin dəyərləndirmə mərhələlərində ekspert qismində çıxış edib, daha iki ölkə üzrə isə dəyərləndirmələrdə əməkdaşların ekspert qismində iştirakı nəzərdə tutulur. Vurğulanıb ki, ötən ilin iyun ayında OECD-nin geniş tərkibli ekspert qrupunun ölkəmizə səfəri olub. Səfər çərçivəsində bir sıra dövlət qurumlarının, eləcə də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilib, aparılan müzakirələrin nəticəsində Azərbaycan üzrə müvafiq hesabat hazırlanaraq ötən ilin sentyabrında Parisdə qəbul edilib. Həmçinin bildirilib ki, əvvəlki mərhələlərdə ölkəmiz üzrə tövsiyələrin böyük əksəriyyətinin uğurlu icrası nəticəsində Azərbaycan Gürcüstan ilə yanaşı, III Monitorinq Raundunu uğurla tamamlayaraq IV Monitorinq mərhələsinə ilk keçən iki ölkədən biri olub. Hazırkı hesabatda korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsində “ASAN xidmət” mərkəzlərinin mühüm rol oynaması və ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti geniş işıqlandırılaraq hər iki qurum region ölkələri üçün nümunəvi model kimi təqdim edilib.

Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov çıxış edərək bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq, aparılan maarifləndirmə tədbirləri hazırkı hesabatda öz əksini tapıb.

Tədbirdə OECD-nin rəsmiləri T.Xvanska və R.Mikelidze çıxış edərək hesabatı təqdim ediblər. Azərbaycan ilə səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edən rəsmilər həyata keçirilən genişmiqyaslı və sistemli hüquqi, institusional və inzibati islahatlar nəticəsində ölkəmizdə beynəlxalq standartlara cavab verən antikorrupsiya qanunvericiliyinin formalaşdırılması, korrupsiyanın qarşısının alınması və bu sahədə cinayət təqibinin həyata keçirilməsi, eləcə də dövlət qulluğunda və məhkəmə hakimiyyəti sistemində şəffaflığın artması, informasiyanın əldə edilməsi, təhsil, gömrük və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahələrində əhəmiyyətli uğurların qazanılmasını müsbət iş təcrübəsi kimi xüsusi vurğulayıblar. Bildirilib ki, hazırkı IV Monitorinq Raundu üzrə hesabatda antikorrupsiya siyasəti, korrupsiyanın qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlər və korrupsiyaya görə cinayət məsuliyyəti, dövlət qulluğunda şəffaflıq, biznesdə dürüstlük istiqamətlərində ölkəmizdə həyata keçirilən islahatların möhkəmləndirilməsi və əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş 31, o cümlədən təhsil sahəsində 11 yeni tövsiyə öz əksini tapıb. Həmin tövsiyələrin əksəriyyəti Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planının müddəaları ilə uyğunluq təşkil edir və 2019-cu ilədək bu tövsiyələr üzrə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Daha sonra dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edib, kütləvi informasiya vasitələrinin sualları cavablandırılıb.

Sonda əminlik ifadə edilib ki, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə öz töhfəsini verərək əməkdaşlığını gücləndirəcək.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycan üçün qəbul edilmiş hesabatı təqdim olunub
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycan üçün qəbul edilmiş hesabatı təqdim olunub