BolgeXeber.Com » Xəbərlər » Günəş panelləri istehsal edən zavodda maaş böhranı

Günəş panelləri istehsal edən zavodda maaş böhranı

21-02-2017, 09:51
Oxunub: 1 512 Günəş panelləri istehsal edən zavodda maaş böhranıİşçilərə 7 aydır əməkhaqqı verilmir, dövlət qurumları məsuliyyəti biri-birinin üzərinə atırlar

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş “Azgüntex” Günəş Modulları Zavodu 7 aydır işçilərinin maaşını vermir. Belə ki, işçilər 2016-cı ilin iyul ayından əmək haqlarını ala bilmirlər.

“Bizimlə, nə əmək müqaviləsi, nə də xidməti müqavilə bağlanıb. Zavodda 60 nəfər çalışır. Onların yarısından çoxuna maaş verilməyib. Hüququmuzun pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etdik. Onlar da gəlib araşdırdıqlarını və cərimə etdiklərini dedilər. Amma bizim maaşımız verilmədi. Pozulmuş hüququmuz bərpa olunmadı”,-deyə zavodun keçmiş işçisi, mühafizəçi kimi çalışmış Vüsal İsayev bildirir.

Onun sözlərinə görə, hüquqlarının bərpa olunması üçün hər gün zavodunun qarşısında etiraz aksiyası keçirirlər: “Zavodun rəsmi olaraq rəhbəri Səbuhi Musayevdir. Biz onun üzünü görməmişik. Burda ancaq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovu görmüşük. Yəni faktiki rəhbər odur. Biz pozulmuş hüququmuzun bərpa olunması üçün Akim Bədəlovun Badamdar qəsəbəsində yerləşən evinin qarşısında aksiya keçirəcəyik”.

İşçilərin əmək haqqı 80-360 manat arasında dəyişib. Dediklərinə görə, onlara 100 manat da mükafat veriblər. Yeni il bayramı öncəsi işçilərə 200 manat öədnilib. İşçilər iki aya yaxındır ki, mərkəzi icra hakimiyyəti qurumlarına müraciət edərək, pozulmuş hüquqlarını bərpa ediblər.

Dövlət Agentliyi 24 noyabrda ölkə başçısının fərmanı ilə Energetika Nazirliyinin tabeliyinə verilib. İşçilər isə maaşlarını alacaqları halda 7 ayda yığdıqları borcları bağlayacaqlarını deyirlər.
Məsələ ilə bağlı Energetika Nazirliyinə göndərilən sorğuya cavabda bildirildi ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə bağlı sulları bu qurumun özünə etmək lazımdır. Çünki təhvil-təslim işləri başa çatmayıb.

Dövlət Agentliyi isə sorğuaya cavab vermədi.

Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş “Azgüntex” MMC hazırda iki zavodu özündə birləşdirir: Azgüntex Günəş Modulları zavodu və Azgüntex LED Lampaları Zavodu.

Prezident İlham Əliyev də iştirak etdiyi təntənəli mərasimlə işə başlayan Günəş Modulları Zavodu 2012-ci il aprelin 24-dən günəş panellərinin istehsalı ilə məşğul olur. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış zavod 30mVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir.
Bolgexeber.com