BolgeXeber.Com » Xəbərlər » Aqrar sığorta PROBLEMİ: - Nazirlik sığorta şirkətlərini ittiham edir

Aqrar sığorta PROBLEMİ: - Nazirlik sığorta şirkətlərini ittiham edir

11-03-2017, 15:06
Oxunub: 2 086 Aqrar sığorta PROBLEMİ: - Nazirlik sığorta şirkətlərini ittiham edirKənd təsərrüfatı bütün ölkələr üçün riskli sahə sayılır. Aramsız yağışlar, qar, şaxta fermerin ilboyu çəkdiyi əziyyəti bir anda məhv etməyə qadirdir

Fermer isə ona dəyən zərəri yalnız aqrar sığorta vasitəsilə kompensasiya etdirmək imkanına malikdir. Azərbaycanda isə aqrar sığorta işlək hala gətirilə bilmir...
2003-cü ildə imzalanmış “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanuna 2013-cü ildə Prezident İlham Əliyev dəyişikliklər və əlavələr edib.
Qanunun əsas məqsədi kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətdən sığortasında dövlətin iştirakını təmin etmək, sığorta hadisələrindən dəyən zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarını gücləndirməkdir. Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular və digərləri ilə bağlı əmlak mənafeləri sığorta obyekti sayılır.
Qanunda göstərilir ki, həmin obyektlər yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması, zəlzələ, torpaq sürüşməsi və bir sıra digər hallardan sığortalanırlar.
Amma görünən odur ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri fermer təsərrüfatlarının sığortalanmasında maraqlı deyil.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə Modern.az-a bunun səbəblərini izah edib. O, hazırda aqrar sığortanın tətbiqinin çox aşağı səviyyədə olduğunu açıqlayıb:

“Fermerlərin, eləcə də sığorta şirkətlərinin aqrar sığortaya marağı qənaətbəxş deyil. Bununla bağlı sığorta mexanizmi də kifayət qədər inkişaf etməyib. Ona görə də strateji yol xəritəsində kənd təsərrüfatı sığortasının inkişafı ilə bağlı kompleks tədbirlər nəzərdə tutulub. Aqrar sığortanın köklü şəkildə inkişaf etdirilməsinin iki əsas mexanizmi tətbiq olunacaq. Kənd təsərrüfatı riskli sahə olduğundan risklərin sığortalanması üçün Aqrar Sığorta Fondu yaradılacaq. Bununla da bazar iştirakçılarının bu sahədə fəaliyyəti stimullaşdırılacaq”.
Nazirlik rəsmisi qeyd edib ki, bütün məlumatları özündə cəmləşdirən informasiya sistemi də qurulacaq:

“Aqrar sığorta sisteminin iştirakçısı olan sığorta bazarı iştirakçılarının bu sahədə effektiv risk qiymətləndirməsini aparmasına imkan verən informasiya sistemi qurulacaq. Təbii iqlimlə, heyvan və bitki xəstəliklər və s. ilə bağlı hansı risklərin olduğunu özündə kompleks şəkildə əks etdirən informasiya bazasının yaradılması kənd təsərrüfatı sığorta sisteminin inkişaf etdirilməsinin əsas vəzifələrindən biri kimi müəyyən olunub. Hazırda bununla bağlı fəaliyyət həyata keçirilir. Beləliklə, həm risklərin aşağı səviyyədə olması üçün Sığorta Fondu, həm də sığorta bazarı iştirakçılarının bu sahədə riskləri effektiv şəkildə qiymətləndirməsinə imkan verən informasiya bazası yaradılacaq.

Əslində sığorta məsələsində problem yoxdur. Sadəcə fermerlərin sığorta barədə məlumatlılığı aşağı səviyyədədir. Ən əsası isə sığorta şirkətlərinin özlərinin aqrar sığorta ilə bağlı maraqları aşağıdır. Həmçinin, sığorta şirkətləri mövcud bazar şərtlərilə sığortada iştirak etməkdə maraqlı deyillər. Çünki mövcud şərtlər onların bu sahədəki risklərini artırır. Ona görə də strateji yol xəritəsində onların risklərinin effektiv şəkildə aşağı salan, əlverişli şərtləri təmin edən sistem formalaşdırılması nəzərdə tutulub”.