BolgeXeber.Com » Xəbərlər » Rusiya tarixi məğlubiyyətini yaşaya bilər...

Rusiya tarixi məğlubiyyətini yaşaya bilər...

11-04-2017, 10:55
Oxunub: 2 080 Rusiya tarixi məğlubiyyətini yaşaya bilər...Rusiya NATO ilə birbaşa hərbi toqquşmaya getməyəcək

Bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Suriya hökumət qüvvələrinin bazalarına endirdiyi zərbələrdən sonra ABŞ-Rusiya gərginliyinin artması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ABŞ Rusiyaya qarşı hərbi strateji tədbirləri daha da sərtləşdirəcək:

“Söhbət Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən gedir. Artıq Konqresdə embarqoların siyahısı dəqiqləşdirilir. Bundan sonra Rusiya üçün ağır günlər başlayacaq. Vaxtilə Rusiyanın Suriya hadisələrində bataqlığa batdığını deyəndə bəziləri bunu istehza ilə qarşılayırdı. Ancaq bu gün aydın olur ki, Rusiya Suriyada çox ciddi problemlə üzləşib. Rusiyanın Suriyadakı hərbi hava zərbələri Moskvanın bu ölkəyə ciddi köməyi anlamına gəlmir. Yaxın vaxtlarda biz ABŞ-ın NATO ilə birlikdə Suriyada irimiqyaslı hərbi əməliyyatlarının şahidi olacağıq. Suriyada Əsədin devrilməsi də bu əməliyyatların tərkib hissəsidir. Bəziləri hesab edir ki, bu, Rusiya-ABŞ toqquşmasına gətirib çıxaracaq. Ancaq Rusiya NATO ilə birbaşa hərbi toqquşmaya getməyəcək. Çünki hərbi qüvvələr nisbəti kəskin şəkildə NATO-nun xeyrinədir. Üstəlik, Rusiyada iqtisadi vəziyyət ürəkaçan deyil. Rusiyanın arxa cəbhəsi ön cəbhəni təchiz etmək qüdrətinə malik deyil. Ancaq Alyans ölkələri texnoloji cəhətdən inkşaf etmiş silah ehtiyatlarına malikdirlər və tez bir zamanda Rusiyanı lokallaşdıra bilərlər. Zənnimcə, Rusiya bundan sonra əvvəlkitək aqressiv olmayacaq və mənasız qarşıdurmalara getməyəcək. Moskva məsələləri kompromislər yolu ilə çözməyə çalışacaq. Əks təqdirdə, Rusiya tarixdə ən böyük məğlubiyyətini yaşaya bilər”.

Qeyd edək ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.