BolgeXeber.Com » Xəbərlər »  “Elə bələdiyyələr var ki, hesabında 5 manat yoxdur” - deputat

 “Elə bələdiyyələr var ki, hesabında 5 manat yoxdur” - deputat

14-04-2017, 12:14
Oxunub: 2 051   “Elə bələdiyyələr var ki, hesabında 5 manat yoxdur” - deputat“Azərbaycanda bələdiyyələr qanunun onlara verdiyi imkanlardan aşağı işləyirlər. Yaxşı işləyən bələdiyyələrimiz də var. Amma onların içərisində pisləri daha çoxdur”

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, elə bələdiyyələr var ki, hesablarında 5 manat da pul yoxdur.

“Amma fəaliyyət göstərirlər. Əvvəllər belə bələdiyyələrin sayı daha çox idi. Ona görə 1200-ə yaxın bələdiyyə birləşdi və ya ixtisar olundu. Bu proses yenə də getməlidir. Çünki maliyyə bazası olmayan bələdiyyə heç kimə lazım deyil. O bələdiyyələr ki, işləyə bilmirlər, qanun da buna icazə verir ki, bələdiyyələr özlərini buraxa bilərlər. Yaxud da vətəndaşların belə bir səlahiyyəti var ki, yerlərdə yığıncaqlar keçirsinlər və bələdiyyələri ləğv etsinlər. Biz durub deyə bilmərik ki, sən ləğv olunmalısan. Qanunla bizə bu ixtiyar verilmir. Bu seçicilərin özləri tərəfindən yaradılan bir təşkilatdır”.

Tahir Rzayev qeyd edib ki, qanunla bələdiyyələrə uçaq bağçası, məktəb və xəstəxana tikməyə icazə verilir. Amma Azərbaycanda belə tikinti həyata keçirən bələdiyyələrin sayı çox azdır.

“Nümunəvi bələdiyyələrimiz də var. Yasamal, Sumqayıt, Şəmkir bələdiyyələri digərləri üçün nümunə olmalıdır. Bələdiyyələrin məktəb, bağça və xəstəxana tikdirməsi üçün onların maliyyə bazası olmalıdır. Yerli özünü idarəetmə orqanlarının xidmət sahəsi çoxdur, amma heç nə edə bilmirlər. Xarici ölkələrdə bələdiyyələr bağça, məktəb tikdirən zaman orda olan iş adamları buna diqqət göstərirlər. Bizdə isə bu təşəbbüs hələ ki yoxdur. Bələdiyyə bağça tikdirdiyi təqdirdə həmin obyekti müəllimlərlə, tərbiyəçilərlə təmin etməlidir, oradakı uşaqlara yemək verməlidir. Bu işlərin görülməsi vəsait tələb edir. Bizdə olan bələdiyyələrin isə bu vəsaiti yoxdur”.