BolgeXeber.Com » Xəbərlər » Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

24-07-2020, 18:49
Oxunub: 1 440 İyulun 24-də Azərbaycan Respublikasının Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2020-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
Bolgexeber.com xəbər verir ki, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini davam etdirən, Azərbaycanın sürətli inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni və digər  sahələrdə əldə olunmuş nəaliyyətlərdən bəhs edərək, ölkədə aparılan islahatlar və mütərəqqi dəyişikliklər nəticəsində dövlətimizin daha da qüdrətlənməsini bildirmişdir.
Eyni zamanda, Baş Prokuror dövlətimizin güclənərək əldə etdiyi uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolunu qeyd etməklə, Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin, o cümlədən mədəniyyətimizin bütün dünyaya tanıdılmasında misilsiz xidmətlərini xüsusi vurğulamışdır.
Həmçinin, Baş prokuror mayın 1-də Prezident cənab İlham Əliyevin videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələri, bununla əlaqədar qarşıda duran vəzifələrin icrasını, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən səmərəli islahatları qeyd edərək, bu prosesin uğurlu davam etdirildiyini bildirmişdir.
Bundan sonra, hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev göstərmişdir ki, ötən dövrlərdə olduğu kimi, 2020-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, görülmüş məqsədyönlü tədbirlərin nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır.
Qeyd edilmişdir ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra işlər görülmüş, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalmışdır.
Vurğulanmışdır ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülmüşdür.
Çıxışının sonunda Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını diqqətə çatdırmışdır