BolgeXeber.Com » Xəbərlər » “İflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edək, yerli özünüidarə institutu yaradaq"

“İflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edək, yerli özünüidarə institutu yaradaq"

6-02-2021, 10:42
Oxunub: 2 028

Prezident nümayəndəliyi: ərazi-inzibati idarəetmədə islahatların başlanğıcı


Fevralın 4-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının struktur bölməsidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.
Təsdiq olunmuş əsasnamədə xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri olaraq  müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək; müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək; müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək; Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək qeyd edilib.
Xüsusi nümayəndəliyin vəzifələri isə müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin, digər təşkilatların müvafiq ərazidə əlaqələndirilmiş fəaliyyətini təmin etməkdən; əhalinin yaşayış yerlərinə qayıtması və məskunlaşması üçün zəruri təhlükəsizlik, iqtisadi, sosial, kommunal və digər tədbirlər planları layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasına nəzarət etməkdən; müvafiq ərazidə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılmasının təşkilinə nəzarət etməkdən; müvafiq ərazi hüdudlarında dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya istifadəyə, icarəyə verilməsinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların səmərəli istifadəsi və mühafizəsi üçün zəruri tədbir görülməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları), bələdiyyə qarşısında məsələ qaldırmaqdan; müvafiq ərazidə kənd təsərrüfatı üçün yararlı torpaqların və onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, heyvandarlıq məqsədləri üçün saxlanılan heyvanların uçotunun aparılması, saxlanılması, mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi işlərinə nəzarət etməkdən; sahibkarlıq fəaliyyəti subyektlərinin müvafiq ərazidə həyata keçirdikləri və ya təqdim etdikləri biznes layihələrinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq və müvafiq tədbirlər görməkdən; müvafiq ərazidə tikinti layihələrinin, tikinti, tikinti-quraşdırma, bərpa, yenidənqurma, abadlaşdırma və digər bu kimi işlərin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq və müvafiq tədbirlər görməkdən; zərurət olduqda, müvafiq əraziyə giriş-çıxışın xüsusi rejimini müəyyənləşdirmək və həmin rejimin tətbiqini müvafiq ərazinin komendantı vasitəsilə təmin etməkdən; Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərarların dövlət orqanları (qurumları) tərəfindən müvafiq ərazidə həyata keçirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı aidiyyəti üzrə məlumat verməkdən  və sair ibarətdir.
Qeyd edək ki, Prezidentin xüsusi nümayəndəliyi ilə yanaşı, işğaldan azad olunmuş rayonların yerli icra hakimiyyətləri də fəaliyyətlərini davam etdirəcəklər.
İqtisadçı-ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərlinin fikrincə, növbəti addım rayon inzibati bölgüsünün və rayon icra hakimiyyətlərinin ləğvi olmalıdır: “Ümid edirəm ki, bu keçici, müvəqqəti qərardır, yerli İcra Hakimiyyətlərinin tamamən ləğvini hazırlamağa zaman qazanmaq üçündür. Əks halda, belə ikitirəlik, ikihakimiyyətlik ən çox elə vətəndaşa, biznesə ziyan vuracaq, orqanlar problemi bir-birinin üzərinə atacaqlar”.
Ekspert yeni Konstitusiya komissiyasının yaradılmasını təklif edir: “Sıfırdan ”oyun qaydaları" müəyyən edək, işlək institutlar quraq, iflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edək, yerli özünüidarə institutu yaradaq, ölkədə 12 (15 də ola bilər, baxır necə bölgü olacaq) iqtisadi bölgə təsis edək. Prezident isə bu 12 bölgədə öz nümayəndəsini təyin etsin, hökumət parlamentdən çıxsın, sosial-iqtisadi məsələlərə hökumət baxsın, xarici siyasət, təhlükəsizlik, ordu, hüquq-mühafizə sahəsi Prezidentin nəzarətində qalsın. Səlahiyyətin və məsuliyyətin şəxslər deyil, institutlar arasında proporsional bölünməsi zamanıdır.
Dayanıqlı ölkə qurmağın, əsl sabitliyin yolu budur. İdarəetmənin fəlsəfəsi və sistemin özü dəyişməlidir. Amma bunun üçün konstitusiya islahatlarına ehtiyac var. İstər bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı, istərsə də, icra hakimiyyətlərinin səlahiyyətlərinin ləğvi ilə bağlı hər hansı addım atılacaqsa, bu konstitusiya islahatları olmadan mümkün deyil. Çünki bu orqanlar konstitusiya ilə təsbit olunub. Qanunla nəyisə dəyişmək mümkün deyil. Ona görə də, bunu əsas götürərək ümumilikdə yeni bir konstitusiya layihəsinin yaranmasına ehtiyac var. Hakimiyyət yeni konstitusiya üçün komissiya qursa, biz əlimizi daşın altına qoymağa, birgə çalışmağa hazırıq"...
Dünya SAKİT