BolgeXeber.Com » Xəbərlər » Balakəndə ictimai yerdə aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb

Balakəndə ictimai yerdə aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb

16-04-2021, 13:00
Oxunub: 1 200 Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a bildiriblər ki, rayonun Talalar kənd sakini Etibar İsmayılov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib və digərlərinin sağlamlığı üçün real təhlükə yaradıb. Həmin şəxs idarə etdiyi “VAZ-2106” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
E.İsmayılov barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.