BolgeXeber.Com » Xəbərlər » İqtisadiyyatın inkişafında “Azad iqtisadi zona“-ların böyük rolu va

İqtisadiyyatın inkişafında “Azad iqtisadi zona“-ların böyük rolu va

5-07-2021, 18:16
Oxunub: 1 336 Dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır. Bu zonaların yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir. Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri normativ-hüquqi baza formalaşdırılmışdır. Azərbaycanda belə zonaların təşkilini və fəaliyyətini tənzimləyən qanunvericilik bazası ölkəmizdə sahibkarlığa dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır.
Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, iri istehsalat obyektlərinin fəaliyyəti üçün vacib tranzit xidmətlərinin təşkil olunması və digər əlaqəli xidmətlərin inkişaf etdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması baxımından Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun hesab edilmişdir.
Prezident İlham Əliyevin 2016-cı il mart ayının 17-də Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması da məhz yuxarıda xatırlatdığımız məqamla bağlı olub. Sərəncamın əsas məqsədlərindən biri Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsindən ibarətdir. "Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir. Azad iqtisadi zonanın yaradılması Azərbaycanı böyük iqtisadi mərkəzə çevirəcək. Nəhəng iqtisadi mərkəzi yaratmaq üçün hüquqi baza ilə yanaşı, ölkənin beynəlxalq aləmdə böyük siyasi nüfuza sahib olması zəruridir. Çünki investorların təhlükəsizlik baxımından ölkəyə inamı olmalıdır. Bunun üçün ölkədə ictimai-siyasi sabitlik vacibdir. Bu kimi meyarlar ölkəmizdə tam şəkildə mövcuddur. Bu səbəbdən xarici iş adamları sərmayələrini ölkəmizə gətirməyə tərəddüd etmirlər”. Bu bağlılıqda Prezident İlham Əliyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı mərasimində söylədiyi fikirlər diqqət çəkir: “Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək”. Yeri gəlmişkən, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı birinci kateqoriya limanlar üçün müəyyən edilən texniki tələblərə uyğun layihələndirilib və inşa olunub. Bu isə onu göstərir ki, Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Xatırladaq ki, son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli tədbirlər həyata keçirilir, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Bura su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan hazırda dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyur.
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan və ölkədən çıxan, habelə tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Qeyd edim ki, bu addım eləcə də məşğulluğun inkişafına yüksək təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir. Zona həmçinin digər sektorlarda aktivliyin artmasına münbit şərait yaradacaq. İnvestisiyalar həyata keçirildikdən sonra yerli xammala ehtiyac yaranacaq. Bundan başqa, yeni iqtisadi zona imkan verəcək ki, iqtisadçı kadrların işlə təmin olunması həyata keçirilsin. Bu da bütün ölkə rayonları daxil olmaqla, Qaradağ insanlarının da işsizliyinin aradan qaldırılmasına vəsilə olacaq”. Onu da xatırladaq ki, yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək. Göründüyü kimi, Azad Zona da inkişafda olan Qaradağ rayonunun daha da çiçəklənməsi üçün zəmin yaradır. Paytaxta yaxın bu rayonun qısa müddətdə daha abad, daha zəngin rayon olacağına şübhə qalmır.