BolgeXeber.Com » Xəbərlər » Göyçayda uşaqları təhdid edən, heyvan güllələyən, korrupsiyada suçlanan eks direktorun əməlləri

Göyçayda uşaqları təhdid edən, heyvan güllələyən, korrupsiyada suçlanan eks direktorun əməlləri

9-07-2021, 22:56
Oxunub: 2 232 Oliqarx həyatı yaşayan Qabil Zeynalovun 1 iyunadək rəhbərlik etdiyi liseydə nələr baş verib?; rüşvətxorluq iddiaları və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət

Rüşvətxor, korrupsioner adamların ictimai davranışlarında da bir qayda olaraq problemlər olur. Onların gözünü pul elə tutur ki, ətrafı saymır, anormal tərz sərgiləyirlər.
Ən dəhşətlisi odur ki, əyri əməllər sahibləri arasında “pedaqoq” adını daşıyanlar da var...
Bu günlərdə Göyçay Peşə Liseyinin direktoru (son məlumata görə 1 iyundan işdən çıxarılıb) Qabil Zeynalov (bu adam uzun illər Göyçayda 3 saylı məktəbin də direktoru olub) elə bir davranış nümayiş etdirib ki, sözün bitdiyi yerdir...
Təsəvvür edin ki, müxtəlif məktəblərdə 30 ilə yaxın direktor işləmiş adam sərxoş vəziyyətdə azyaşlı uşaqların psixikasını sarsıdan hərəkət edib. Bu uşaqların içərisində bəndənizin qardaşı övladları da var...
Hadisə belə olub: Bir neçə gün öncə qardaşımın uşaqları Göyçayda babalarının həyətinin qarşısında məhəllə uşaqları ilə futbol oynayarkən həmin məhəllədə yaşayan Qabil Zeynalov sərxoş vəziyyətdə uşaqları təhdid edib, qovub. Bununla ürəyi soyumayıb, topu uşaqlardan alıb və maşınında gəzdirdiyi bıçağı götürərək, topu partladıb, özlərini də küçə söyüşləri ilə təhqir edib. Bundan sonra o, sərxoş vəziyyətdə maşınına oturaraq harasa gedib.
Qardaşım hadisədən xəbər tutduqdan sonra Qabil Zeynalova telefon açıb, ona etdiyi hərəkətin müəllim adına yaraşmadığını, uşaqların sarsıldığını bildirib. Ondan xahiş edib ki, uşaqların topunu alıb versin.
"Yaxşı" deyən Qabil bundan sonra öz qafasına uyğun hərəkət edib. "Qara məni basınca, mən qaranı basım" prinsipi ilə polisə ərizə yazıb ki, guya qardaşım onu hədələyir. Hansı ki, qardaşımın ona votsapda yazdığı mesaj da durur, orada yalnız topu alıb verməsini xahiş edib.
Bundan sonrakı telefon danışığında qardaşıma deyib ki, mən filankəsəm, pulum-param da var, mənə heç kim heç nə edə bilməz!
Qardaşımı səhəri gün polis şöbəsinə dəvət ediblər, rəis müavini onu dinləyib və Qabil Zeynalovun əməlinə hüquqi qiymət verilməsi üçün işin məhkəməyə göndəriləcəyini bildirib.
Q.Zeynalov isə bundan sonra “yoxa çıxıb”...
12-13 yaşlı uşaqlara əlində bıçaq hədə-qorxu gələn, əllərindən topu alıb bıçaqla vurub partladan adam necə 30 il direktor işləyib?
Bu barədə sosial şəbəkədə bir status yazdım, Təhsil Nazirliyi dərhal reaksiya verdi. Nazirliyin sözçüsü hörmətli Cəsarət Valehov qeyd etdi ki, Q.Zeynalov 1 iyun 2021-ci il tarixdən işdən azad edilib...
Özüm üçün ilkin araşdırma apardım ki, Q.Zeynalov rayonda necə xarakterizə olunur?
Öncə sosial şəbəkədə məsələyə dair yazdığım statusdakı onun şagirdi olmuş iki şəxsin rəyini yazım.
Jurnalist həmkarım Emil Mustafayev yazıb: “Bizim məktəbdə (3 saylı məktəb) direktor olub. Dələduz adamdir…”
Nuran adlı 3 saylı məktəbin keçmiş məzunu isə bildirib: “Məşhur Qabil. Buraxılış imtahanında pul almaq üçün qiymətimi kəsmişdi. Halbuki imtahan vərəqini yoxlayan müəllim bunun mümkünsüz olduğunu deyirdi”...
Ardınca Qabil Zeynalovun haqqında mediada nələr yazıldığını bilmək üçün googledə axtarış verdim. Qarşıma çıxan ancaq bu oldu ki, peşə liseyinin şagirdlərinin təqaüdünü, məktəbə ayrılan pulları mənimsəyir. Saytlardan sitatlar:
- “Göyçay şəhərində Peşə Liseyinin direktoru Qabil Zeynalov şagirdlərin təqaüd pullarını mənimsəyir. Bu barədə redaksiyamıza adlarının hallanmasını istəməyən peşə liseyinin şagirdləri müraciət edib. Şagirdlər müraciətində direktor Qabil Zeynalovun hərəkətlərindən təngə gəldiklərini bildiriblər.
Şagirdlərin müraciətini olduğu kimi oxucularımıza təqdim edirik: "Göyçay Peşə Liseyinin direktoru və eyni zamanda Riyaziyyat müəllimi Qabil Zeynalov bizə dərs keçmir, lakin aldığımız 38 manat təqaüdü hesablamağı yaxşı bilir. Təqaüdlərimiz gələn vaxt bizə hədə-qorxu gəlir və təqaüdlərimizi mənimsəyir. Əgər həmin pul ona çatmasa başlayır şagirdləri və müəllimləri təhqir etməyə, əsəbini şagirdlərdən, müəllimlərdən çıxır”...
- “Göyçay Peşə Liseyinin direktoru Qabil Zeynalov müəllimlərdən pul yığaraq Xocalı faciəsinin 26-cı ildönümündə Xocalıda həyatını itirmiş insanlar üçün ehsan verib.
Bu barədə redaksiyamıza müəllim kollektivindən məlumat daxil olub. Belə ki, Göyçay rayon İcra hakimi Mehdi Səlimzadənin tapşırığı ilə Xocalıda həyatına itirən insanlar üçün ehsan verilib.
Qabil Zeynalov isə Peşə Liseyinin müəllim kollektivindən pul yığaraq bu ehsanı təşkil edib. Daha sonra isə bu əməlinin üstü açılan direktor onu Çingiz Məmmədovun şərlədiyini bildirərək müəllim kollektivini şantaj edərək imza toplayıb, saxtalaşdırdığı bu sənədi Peşə Agentliyinin direktoru Famil Mustafayevə göndərib. Qeyd edək ki, daha əvvəl də Qabil Zeynalovun adı şagirdlərin təqaüd kartlarını özünə götürərək pullarını mənimsəməkdə hallanmışdı”...
Saytlarda o da yazılıb ki, Q.Zeynalov illərlə direktoru olduğu Göyçay Peşə liseyinin şagirdlərinin təqaüdü ilə yanaşı, təmir, texniki vəsaitlər alınması üçün ayrılan yüz minlərlə manat vəsaiti də mənimsəyib.
Qabil Zeynalovun qardaşı Famil Zeynalov isə uzun illər ərzində Göyçay xəstəxanasının rəhbəri, səhiyyə şöbəsinin müdiri olduğu müddətdə rayonun səhiyyə sistemini məhv etmişdi. Bircə fakt - xəstəxana üçün ayrılan lifti aparıb öz evinə quraşdırmışdı və buna görə barəsində araşdırma başlanmışdı, işdən azad olunmuşdu...
Q.Zeynalovun hüquq-mühafizə orqanlarında işləmiş oğlu isə sistem işçisi adına yaraşmayan hərəkətlər etdiyinə görə bir neçə il öncə orqandan qovulub. Rayonda davakar biri kimi tanınır.
Hazırda Qabil Zeynalov 50-60 minlik maşın sürür, oliqarx həyatı yaşayır. Hansı pullarla? Aldığı 600 manat direktor maaşı iləmi? Əlbəttə, onun anormal davranışları da elə buradan qaynaqlanır. Gözü ətrafı görmür...
Aldığım qeyri-rəsmi informasiyaya görə, Q.Zeynalov 1 iyunda məhz qanunsuz əməllərinə görə əmək qanunvericiliyinin ağır maddəsi ilə tutduğu vəzifədən azad olunub.
Onun belə tərzinə səbəb olan əməllərində korrupsiya şübhələri ciddidir.
Bundan sonra o qənaətə gəldim ki, bir jurnalist, vətəndaş kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə müraciət ünvanlayım.
7 iyulda elektron qaydada müraciəti yazıb yolladım və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi hörmətli Rəcəbov Nazim Hafiz oğlundan peşə liseyinə rəhbərlik etməzdən öncə Göyçay rayonu 3 saylı məktəbin də direktoru olmuş bu şəxslə bağlı iddiaların araşdırılması üçün göstəriş verməsini xahiş etdim. Heç şübhəsiz, müraciətə ciddi reaksiya veriləcək...
Çox təəssüf ki, cəmiyyətimizdə belə “ziyalılar” var və biz onlarla mübarizə aparmaq zorundayıq...
P.S. Yazı dərc edildikdən sonra Göyçaydan bir vətəndaş əlaqə saxlayaraq bildirdi ki, Qabil Zeynalov 6 iyulda sərxoş vəziyyətdə məhəllədə tir tüfəngi ilə bir it və bir pişiyi vuraraq öldürüb. Həmin heyvanlar ərazidə yaşayan yəhudi əsilli sakinə məxsus olub. 
Belə təsəvvür yaranır ki, bu adamın ciddi psixoloji problemləri var.
Elşad MƏMMƏDLİ
"Yeni Müsavat" qəzetinin redaktoru