BolgeXeber.Com » Xəbərlər » Deputatın polisi döyməsi olayı böyüdü - Eldəniz Səlimovun mandatı alına bilər

Deputatın polisi döyməsi olayı böyüdü - Eldəniz Səlimovun mandatı alına bilər

31-07-2021, 09:30
Oxunub: 904

Hüquqşünas: “Deputat toxunulmazlığı zirehinin altında gizlənib, ancaq...”

Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb. Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev məsələ ilə bağlı Bakıya çağırılıb. Zaur Mirzəyevin ilkin ifadəsi Daxili İşlər Nazirliyinin istintaq idarəsində alınıb və fakta hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edilib.
Deputat “Starıy dvor” restoranında yeyib-içərkən ora polis əməkdaşları gəlib
Deputat Eldəniz Səlimovun polis əməkdaşına əl qaldırmaşı ilə nəticələnən insident iyulun 28-də gecə saatlarında Xaçmaz rayonunda baş verib. Eldəniz Səlimov qohumu, Xaçmaz rayon maliyyə idarəsinin rəisi Nizami Həsənova aid olan, rayonunun Bakı prospektində yerləşən “Starıy dvor” restoranında yeyib-içərkən ora polis əməkdaşları gəlib. Polis əməkdaşlarından biri də Zaur Mirzəyev olub. Deputatın olduğu məclisə gecə 12 olduğunu xatırladıb və restoranın artıq fəaliyyətini dayandırmalı olduğunu bildiriblər. Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb, polislərdən restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. Növbəti gün deputatın yaxınları polis əməkdaşının evinə gedərək ona məsələni böyütməməsi üçün minnətçi olublar.
Deputat susur...
“Yeni Müsavat” əməkdaşı baş vermiş olayla bağlı Eldəniz Səlimovla əlaqə saxlamağa cəhd edib. Deputat zənglərimizi cavabsız qoyub. Milli Məclisin saytında onun köməkçisinin nömrəsi qeyd edilsə də, dəstəyi qaldıran şəxs artıq Eldəniz Səlimovun köməkçisi olmadığını bildirib.
Deputatın polisə əl qaldırması məsələsi sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və artıq onun hərəkətləri ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
“Baş prokurorun təqdimatına əsasən, Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilə bilər”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib.
F.Ağamalı bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir: “Beləliklə, araşdırmadan sonra çıxarılan nəticələrə əsasən, Baş Prokuror Eldəniz Səlimovun deputat kimi toxunulmazlığıına xitam verilməsi üçün Milli Məclisə təqdimat verə və Milli Məclisin qərarı ilə deputat toxunulmazlığına xitam verildikdən sonra Eldəniz Səlimov barədə cinayət işi açıla bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir”.


“Baş prokurorun təqdimatı olarsa...”
Parlamentin İntizam komissiyasının sədr müavini qeyd edib ki, məzuniyyət dövründə baş prokurorun təqdimatı Milli Məclisə daxil olarsa, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır: “Hazırda deputatlar məzuniyyətdədir və məncə, araşdırmalar davam edəcək, müəyyən dövrdən sonra baş prokurorun təqdimatı olarsa, buna da sentyabr ayında, payız sessiyasında baxıla bilər”.
“Birincisi, karantin qaydaları pozulub, deputatın da buna ixtiyarı yoxdur”
Ağamalı onu da qeyd edib ki, fakt baş verib, polis döyülüb, qanun pozuntusu olub və bu, ictimailəşib: “Birincisi, karantin qaydaları pozulub, deputatın da buna ixtiyarı yoxdur. İkincisi, polis vəzifə borcunu yerinə yetirərkən Milli Məclisin deputatı tərəfindən təhqir olunub və zorakılığa məruz qalıb. Üçüncü, deputat öz səlahiyyətlərindən sui-istifadə edib. Üç ciddi qanun pozuntusu var. Bütün bunlar da istintaqın predmetidir”
Deputat polisi (yaxud hər hansı şəxsi) döyə bilərmi? Hüquqşünas Ələsgər Əhmədoğlu suala cavabında deyib: “AR Konstitusiyasının 90-cı maddəsi səlahiyyət müddətində deputatların şəxsiyyətinin toxunulmazlığını qoruyur. Cinayət başında yaxalanarsa, deputat tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Deməli, deputat cinayət başında yaxalanmayıbsa, konstitusiya onun tutulmasını nəzərdə tutmur. Lakin 2016-cı ildə deputatların statusunu məhdudlaşdıran bir müddəa 89-cu maddəyə 7-ci bənd olaraq əlavə edilib. Deputat etik davranış qaydalarını kobud surətdə pozduqda o, mandatından məhrum edilir.
Bu Konstitusiya əlavəsindən sonra 2017-ci ildə “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun qəbul edilməsində məqsədlər bunlardır:
- deputat fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması;
- Azərbaycan Respublikası Milli Məclisinin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması;
- deputat fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması;
- deputatın etik davranış qaydalarına əməl etməsinin təmin olunması;
- deputat fəaliyyətinə ictimai etimadın gücləndirilməsi.
Bunula yanaşı, qanunun 4-cü maddəsi deyir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.
Qanunun 6-cı maddəsi deputatdan vicdanlı və mədəni davranış tələb edir.
- Deputat vicdanlı davranış nümayiş etdirməlidir.
- Deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır.
- Deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.
Gördüyümüz kimi, deputatın adam döyməsi qanunun 3-cü, 4-cü və 6-cı maddələrinin açıq pozulmasıdır və Parlamentdaxili məsuliyyətə səbəb olan pozuntudur.
Qanunun 14-cü maddəsi bildirir ki, “Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır”.
Deməli bu hadisəyə görə Milli Məclis hərəkətə keçməlidir. Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci və 23-cü maddələrinə əsasən, etik davranış qaydaları pozulduqda Milli Məclisin Sədrinin təqdimatı əsasında Milli Məclisin İntizam komissiyası araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatının mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi Milli Məclisin sədrinə təqdim etmək vəzifəsi daşıyır.
Pozuntu halları rəydə öz təsdiqini tapdıqda, Milli Məclisin sədri İntizam komissiyasının Milli Məclisin deputatının mandatından məhrum edilməsi barədə rəyini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.
Göründüyü kimi deputat toxunulmazlığı zirehinin altında gizlənib, kimisə döymək, təhqir etmək, kobud, nəzakətsiz davranışlara yol vermək olmaz. Bu davranış etik pozuntu olduğundan deputat mandatının itirilməsi ilə yekunlaşa bilər.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. “Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
E.MƏMMƏDƏLİYEV