BolgeXeber.Com » Xəbərlər » Ehtiram Əliyev: Tarix yazan qəhrəman

Ehtiram Əliyev: Tarix yazan qəhrəman

6-08-2021, 09:39
Oxunub: 3 232 İnsan əvvəlcə doğulduğu mühitin övladı kimi tanınır. Zaman isə onu əsl şəxsiyyət kimi yetişdirməyi öhdəsinə götürür. Vətən torpağdır(!). Torpağı vətən edənlər zamanın şəxsiyyətə çevirdiyi məhz həmin kəslərdir. Vətən şəxsiyyətlərin boynundakı əbədi torpaq yüküdür. Torpaq yükü vətən təəssübündən doğur; bu yükün ağırlığı, uğrunda savaşanların əbədi qan yaddaşı, sevgisi, bir millətin min illərin daş yaddaşından üzü bəri gələn haqqına sahib çıxmaq təşnəsidir. Bu haqq torpaqla doğulub, torpaqla ölənlərin haqqıdır.
Torpaq haqqı vətən borcudur; vətən borcu şəxsiyyəti doğan ananın haqqıdır. Şəxsiyyətin ləyaqəti onun haqqına sahib çıxmasındadır. Haqqına sahib çıxan insanın vətən borcu ona verilmiş mükafatıdır. Çünki, şəxsiyyətlər zamanın süzgəcindən dipdiri keçənlər, torpaq yükünü boynuna əbədi götürənlərdir. Vətən haqqını qazanmaq, şəxsiyyətin anasını qorumağıdır; çünki, yalnız haqqı çatan şəxsiyyətlərə torpağa çevrilən anasını qorumaq tapşırılır. Bu gücə sahib olmaq, savaş ruhunu daim içində gəzdirənlərin əbədi işidir. Çünki, vətən namus məsələsidir. Bir millətin şərəf və ləyaqəti onun namusuna sahib çıxması ilə yadda qalır. Milləti şərəfləndirən isə onun savaşıb şəxsiyyətə çevrilən övladlarıdır. Həmin insanlardan birinin,- içində savaş ruhunu, torpaq ağırlığını gəzdirən, üz cizgilərində bərk qayaların sərtliyini, məğrurluğunu saxlayan, ciyərləri hələ də barıt qoxulu, döyüşçü ruhu nəm, rütubətli səngərlərdə dolaşan, nəfəsi vətən havası ilə dolu bir qəhramanın söz haqqını özünə qaytarmaq, əsl şəxsiyyət, döyüşçü ləyaqətini olduğu kimi, təqdim etmək istəyirik. Bu mübarək insan,- Azərbaycanın tarixi, genetik və qan yaddaşında hər zaman igid, cəsur, savaşmağı bacaran övladları ilə tanınan Şirvan torpağının sayılıb- seçilən oğullarından biri, 1972 - ci ilin 1 avqustunda Ucar rayonunun Qazyan kəndində İsrayıl kişinin ocağında dünyaya göz açan, gələcəkdə mərdlik, şücaət, ərənliyi ilə ad qazanacaq, həm doğulduğu ocağı, mahalı, eli, həm də bir xalqı şərəfləndirəcək Azərbaycan Milli Qəhramanı, hazırda Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının rəis müavini Ehtiram Əliyevdir.
Ehtiram Əliyevin həyat yoluna düz və iti həndəsi bucaqların baxış prizmasından ekuskurs edərkən, bu insanın keçdiyi yolun nə qədər rəngarəng, maraqlı, keşməkeşli, enişli- yoxuşlu, qabarıq, ölümün, təhlükələrin daim ağzında qalan olduğunun şahidinə çevrilirsən. Belə ki, 1972-- ci il avqustun 1- də Ucar rayonunun Qazyan kəndində doğulan Ehtiram Əliyevin uşaqlıq və yeniyetməklik illəri doğulub boya – başa çatdığı Şirvan elində keçsə də, lakin sonrakı həyat mərhələləri, daha maraqlı, daha yadda qalan səhifələrdə vərəqlənir.

1987-ci ildə səkkizinci sinfi müvəffəqiyyətlə bitirən Milli Qəhraman, elə həmin ildə də Bakı Maşınqayırma Texnikumuna qəbil edilir.Oxuduğu texnikumu başa vurduqdan sonra isə hərbi xidmətə yollanan Ehtiram Əliyevin həyatının ən mühüm, ən keşməkeşli, vətən qarşısında ən çətin sınaqlarla yadda qalan anları elə bu tarixdən də başlayır. Həyat qəhramanımızı doğurdan da sınaqa çəkir. Beləki, Ehtiram Əliyevin hərb yolu, ermənilərin Azərbaycanın ərazi bütövlüyünə qarşı başladıqları düşmənçilik əməlləri ilə toqquşan qanlı, qadalı günlərin üstündən qırmızı, qara xəttlərlə keçir. Xalqının bu dar , keşməkeşli günlərində, vətəni düşməndən qorumaq borcunu üzərində hiss edən Ehtiram Əliyev, silaha sarılır və uzun bir döyüş yolunu mərdlik, cəsurluqla adlayır.
1992- ci ildə xidmət etdiyi hərbi hissədə hərbi təlimlərə əsl döyüçü kimi yiyələnən Ehtiram Əliyev, Naxçıvana, Sədərək və Batabat yaylağı istiqamətində ermənilərin bu ərazilərimizə qarşı düşmənçilik niyyətlərinin qarşısını almaq üçün göndərilir. Gələcək qəhramanımız, Naxçıvanda hərbi xidmətini keçdiyi müddət ərzində adıgedən Sədərək və Batabatın müdafiəsinin təşkilində, erməni həmlələrinin qarşısını cəsurluqla alınmasında çox böyük mərdlik nümunəsi, əsl əsgər şücaəti göstərir və ermənilərin bu ərazilərimizə qarşı murdar niyyətlərinin baş tutmasına maneçilik törədirlər. Əvəzində də, düşməni qəhramanlıqla geri oturdurlar.
Naxçıvan döyüşlərinin ardınca, Ehtiram Əliyev və onun xidmət etdiyi hərbi hissənin döyüşçü heyəti Qarabağa, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Tərtərin müdafiəsinin təşkili üçün həmin istiqamətə ezam edilir. Naxşıvanda ermənilərə qarşı rəşadətlə döyüşən Ehtiram Əliyev, Qarabağda da düşmənə qan uddurur. Adıgedən rayonların müdafiəsi uğrunda əsl döyüşçü əzmi, igidlik nümayiş etdirir. Çünki bu onun vətən qarşısında övladlıq borcu idi. Torpağ uğrunda vuruşmaq isə qəhramanların işidir. Ehtiram Əliyev də bu borcu vətən qarşısında haqqı olaraq göstərmək üçün, özündə həmin gücü tapmağa müvəffəq ola bilir. Onun döyüşçü əzmi, mübariz əhval- ruhiyyəsi, qəhramanlara xas şücaəti, torpaq uğrunda gedən savaşlarda özə çıxır. Bu güc, Ehtiram Əliyev kimi qəhrəmanları vətən torpaqlarını daim düşməndən qorumağın talismanı kimi də yadda qalandır. Bir xalqın daş yaddaşına yazılan tarixi yazısıdır. Bu yazını həmən xalqın tarixinə yazan əlbəttə ki, onun qəhramanlarıdır. Ehtiram Əliyev də Azərbaycanın yaxın milli tarixinin qəhramanlığ səhifələrinin əbədi yaddaşında qalan, igidlik təcəssümünü özündə ehtiva edən canlı səlnamlərindəndir.
1993- cü il avqustun 23- də bir neçə strateji yüksəkliyi xaincəsinə ələ keçirən düşmən, ağır texnika ilə həmin istiqamətdən Füzulinin Əhmədbəyli kəndinə hücuma keçir. Bu vəziyyət Azərbaycan ordusunun işini çətinləşdirsə də, lakin ordudakı yüksək döyüş əzmi, düşmənin ağır texnikasının qarşısında tab gətirir və az keçmir düşmən özü Azərbaycan əsgərinin sönməz iradəsinə duruş gətirmir və geri çəkilməyə məcbur olur. Bu da igid əsgərlərimizin ard-arda bir neçə kəndi düşməndən azad etməsinə imkan verir.Bu döyüşlərdə Ehtiram Əliyevin igidliyi, mərdliklə vuruşaraq torpaqlarımızı düşməndən geri alması, ermənilərin canına qorxu salması yadda qalan tarixi anlardandır. 1994- cü ilin yanvarında da həmin istiqamətdə ordumuz daha bir neçə uğurlu əməlliyat həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Bu əməliyyatlarda da Ehtiram Əliyev mərdliklə vursa da, ancaq qəfil düşmən gülləsinə tuş gəlir və yaralanır. Lakin buna baxmayaraq, Ehtiram Əliyev yaralansa da, döyçü dostlarını bir an belə tək buraxmaq istəmir, daim döyüş meydanına can atır. Belə də edir. Yaralanmasına baxmayaraq, tezliklə silaha sarılıb, döyüşə qayıdır. Daha neçə- neçə igidliyə imza atır. Ağdam- Füzuli istiqamətlərində gedən döyüşlərdən sonra, Ehtiram Əliyev Tərtər istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmək üçün 1994- cü ilin 20 aprelində bu döyüş bölgəsinə göndərilir. Çünki Tərtər istiqamətində də düşmən fallığ göstərməyə meyilli isi. Bu üzdən də bu ərazidə də döyüşlər səngimək bilmirdi.
Beləcə 1992- 96- cı illər ərzində Azərbaycanın əraz bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə vuruşan Ehtiram Əliyev nəhayət ordudan tərxis olunur.Dörd illik döyüş yolu keçən igid vətən oğlu, özünün vətən qarşısındakı borcunu vətənə layiq yerinə yetirir.Azərbaycan Respublikasının 4 aprel 1995- ci il tarixli 307 saylı fərmanı ilə Ehtiram İsrayıl oğlu Əliyevə, Azərbaycan torpaqlarının müdafiəsində igidliklə vuruşaraq, göstərdiyi rəşdət və şücaətə görə “Azərbaycanın Milli Qəhramanı “ adı verilir.
Ordudan tərxis edildikdən sonra, Ehtiram Əliyev 1997- 98- ci illərdə Azərbaycan Respublikası DİN Sabunçu rayon polis idarəsində çalışır. Daha sonra təhsilni artırmaq üçün “Təffəkkür “ universitetində ali təhsil alır. Bundan sonra isə Milli Qəhramanımız, vətənə xidmətin ardınca, Azərbaycanın dövlətçiliyinə xidməti özünə növbəti borc hesab edir. Əvvəlcə, o zamankı nəqliyyat nazirliyinin tabeçiliyndə olan Bakı Beynəlxalq və Şəhərlərarası avrovağzalında sərnişindaşımanın təşkili şöbəsində rəis müavini, daha sonra isə həmin şöbənin rəisi kimi xalqa mədəni xidməti vicdanla yerinə yetirməyi özünə vətəndaşlıq borcu bilir. Ehtiram Əliyev, hazırda da bu sahədə xidməti borcunu yerinə yetirməkdədir.
Bəli, bu gün biz torpağı vətən, vətəni ana hesab edən və onun uğrunda savaşmağı bacaran bir əsgər haqqında söz açdığ. Bu onun-, həmən igid əsgərin, vətən fədaisinin, dövlət və dövlətçiliyinə bağlı qəhramanın həyat yoludur; bütün bunları bu mübarək, mərd, cəsur vətən oğlu, xalq və dövlət qarşısında üzərinə düşən vəzifə borcunu şəxsiyyəti, insani münasibəti, vətəndaş ləyaqəti, əsgər şərəfi, hərbiçi şücaəti ilə addım-addım, pillə-pillə qazanıb. Əlbəttə ki, bu, onun haqqıdır. Çünki, həyatda öz haqqına sahib çıxanlar, qazandıqları bütün uğurları öz prinsiplərinə, dövlətinə, xalqına, vətəninə, torpağına sədaqətləri ilə əldə edə bilirlər. Azərbaycannın Milli Qəhramanı Ehtiram Əliyev də bütün qazandıqlarına öz əməyi, sədaqəti, inamı, ləyaqət və şərəfi ilə nail ola bilib. Yolun bundan sonra da açıq olsun, İgid Əsgər! Sən daha ucalara layiqsən !!! Çünki, bu, sənin haqqındır ! Vətən səni heç zaman unutmaz, sən vətəni sevdiyin və unutmadığın üçün !!! Vətən qarşısında borcu və haqqı olanları Tanrı da qoruyur; Milli Qəhraman Ehtiram Əliyev kimi mübarək insanları da qorumaq və dəyər vermək bu xalqın haqqıdır ! Haqqımıza Salam olsun !!!




Tayfun Qafqazlar