BolgeXeber.Com » Xəbərlər » Toy və şənlik mərasimlərinin keçirildiyi məkanlarla bağlı tələblər

Toy və şənlik mərasimlərinin keçirildiyi məkanlarla bağlı tələblər

11-08-2021, 17:09
Oxunub: 1 192

"Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunmasına dair metodiki göstərişlər” təsdiq edilib.

Sənəd nişan, toy və digər şənlik mərasimlərində (bundan sonra "şənlik mərasimləri”) çalışan əməkdaşların və qonaqların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına və bu infeksiyaya qarşı aparılan mübarizədə əldə olunmuş təcrübələrə əsaslanaraq tərtib olunub.

Sənədə əsasən, şənlik mərasimi keçirilən məkanlara olan tələblər aşağıdakılardır:

- şənlik mərasimi keçirilən məkanların sahəsinə və müəyyən olunmuş "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq hər bir zal üzrə qonaq tutumunun yenidən müəyyənləşdirilməsi, həmin tutuma və yol verilən maksimum qonaq sayına uyğun olaraq şənlik mərasiminin keçirilməsinə icazə verilməsi;

- şənlik keçirilən məkanların saat 00:00-dək fəaliyyət göstərə bilməsi;

- gigiyena və təmizlik, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələbləri əks etdirən lövhələrin məkanların girişlərində və zallarda yerləşdirilməsi;

- girişlərdə, ümumişlək yerlərdə və sanitar qovşaqlarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, masalarda əl üçün antiseptik məhlulların olması;

- girişlərdə müəyyən olunmuş əməkdaşlar tərəfindən qonaqların təmassız termometrlərlə hərarətinin ölçülməsi və hərarəti olan qonaqların içəri buraxılmaması;

- təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməsi, ümumişlək yerlərin mütəmadi təmizlənməsi, mərasimdən sonra zalların tam dezinfeksiya edilməsi və havalandırılması;

- xidmət edən personalın gigiyena qaydalarına riayət etməsi, COVID-19-a xas olan əlamət(ləri) hiss edən (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) əməkdaşların işə buraxılmaması;

- xidmət edən personalın növbəli iş rejimində eyni tərkibdə fəaliyyət göstərməsi;

- şənlik mərasimi keçirilən məkanların mətbəxlərində "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş qaydalara riayət edilməsi;

- şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi etməsi.