BolgeXeber.Com » Xəbərlər » "Hacıbala Abutalıbov Ramiz Mehdiyevə zəng elədi, o da dedi ki..."- Sahibkar qadın 14 milyon ziyan etdiyini deyir

"Hacıbala Abutalıbov Ramiz Mehdiyevə zəng elədi, o da dedi ki..."- Sahibkar qadın 14 milyon ziyan etdiyini deyir

4-10-2021, 18:43
Oxunub: 1 136 Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub.


Musavat.com xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Bu gün baş tutan prosesdə şahid qismində "FF" Mənzil Tikinti Kooperativin təsisçisi Tamella İbrahimova ifadə verib. Şahid bildirib ki, 2011-ci ildən şirkətin təsisçisidir: "11 ildir bütün sənədlərin arxasınca özüm gedirəm. Onkoloji xəstəyəm".

T.İbrahimova Rasim Quliyevi tanımadığını deyib:

"Korrupsiyaya İdarəsində dindirilməmişəm. Rasim Quliyevlə üzləşmə də olmayıb. Eldar Səfərovdan məni üzləşdirməsini istəmişəm, amma şərait yaratmayıb. Mən BŞİH-də Rasim Quliyevi görməmişəm. Memarlıq və Şəhər Salma İdarəsində müavin Anar Əliyev var idi. O da mənə Rasim haqqında heç nə demədi.

2012-ci ildə pul əvəzinə Dilarə Əliyeva küçəsində yer verdilər. Sonradan dedilər ki, orada park olacaq.

Mən də icra hakimiyyətinə müraciət etdim. Dedilər ki, sənə yer verəcəyik. Yay ayları idi, mənə zəng gəldi, çağırdılar. Dedilər ki, sizə icazə verəcəklər, ev tikəcəksiniz. Mənə icazə verildi, başladım. Dilarə Əliyeva 145 ünvanındakı evləri aldıq, layihə hazırladıq. Akif Abdullayev mənə memar təklif etdi, həmin memar bizimlə işləməyə başladı.

Əvvəldən heç bir pozuntu olmayıb. Layihəni apardım Akif Abdullayevə göstərdim. Dedi ki, bina böyükdür, ölçünü azaldaq. Layihədə azalatma etdim və bütün qurumlarda təsdiqlətdim, verdim Akif Abdullayevə".

Şahid deyib ki, Rasim Quliyevi birinci dəfədir burda görür:

"Ötən il mən əməliyyat olunanda Namiq Hümbətova danışdım. Namiq Hümbətov bildirdi ki, məsələ həll olunacaq. Mənim layihəmdə Namiq dəyişikliklər etdi, razılaşdım. Müharibə başladı, bir müddət keçdi, amma ortada heç nə yoxdur. Bu il fevral ayında Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətov mənim yoldaşıma dedi ki, iş alınmır. Mən dedim ki, kimə lazımdı yenə pul verim, işim dayanmasın. Namiq çox yerlərə müraciət etdi, cavab gəlmədi. Sonra eşitdim ki Rasim Quliyevlə bağlı cinayət işi başlandı, tutuldu. Mən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi görüm, tanıyım. Amma imkan vermədilər. İdarədən dedilər ki, bu işdə 32 şirkət var, sənlik deyil. Sonra gördüm ki, ancaq mənim şirkətimin adını çəkirlər".

Sahibkar qadın deyib ki, bundan sonra Baş nazirin müavini olan Hacıbala Abutalıbovun yanına gedib: "Ona dedim ki, Rasim Quliyev kimdir? Dedi ki, nə olub? Söylədim ki, deyilənə görə Rasim Quliyev mənim sənədimə imza çəkdiyinə görə işim alınmayıb. Hacıbala dedi ki, ola bilməz. Məni arxayın elədi və götürdü Ramiz Mehdiyev, Xaləddin Heydərov, Əbülfəz Qarayev və ədliyyə nazirliyinə zəng elədi.

Ramiz müəllimə dedi ki, arxitektura deyir ki, Rasim Quliyevin imzasını tanımırıq. Ramiz Mehdiyev dedi ki ola bilməz, biz onun sənədlərini qəbul edirik. Zakir Qaralov bir məktub göndərdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq. Hacıbala dedi ki, mənim müavinim Rauf Pənahov rəhmətə getdi, ona görə saxlayıblar. Sonra dedilər ki, mənim 2013-cü ildə aldığım sərəncam 2014-də ləğv edilib.

2014-cü ildə mən ora 17 milyon pul qoymuşam. Mənim o qədər sübutlarım var.

2021-ci ildə Namiq Hümbətov deyib ki, mən nə qədər vəzifədəyəm, "FF" şirkəti burda bina tikməyəcək. Mən Samir Nuriyevlə görüşdüm. Samir Nuriyev dedi ki, binanın tikilməsinə icazə veriləcək. Ora milyonlarla pul qoymuşam.

Dilarə Əliyeva 141 və 145 də söküntü işləri gedirdi. Namiq Hümbətov gəldi ora, başladı nəzarət eləməyə.  Mənə dedi ki, özüm nəzarət edəcəm. 141 ünvanından evlər almışam. Ora sökülməyib. İcradan dedilər ki, o vaxt tikməli idin. Adama deyirəm ki, mən 2013- cü ildə sərəncam almışam, 2014-cü ildə ləğv etmisiniz. Necə tikim?".

İttihamda yazılır ki, R.Quliyev tərəfindən Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verilib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.