BolgeXeber.Com » Xəbərlər » Dünya azərbaycanlılarının həmrəyliyi günü

Dünya azərbaycanlılarının həmrəyliyi günü

27-12-2021, 17:53
Oxunub: 1 560 Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.
1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu, ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlılar bayram kimi qeyd edir. Bu gün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni İl isə ikinci plana keçib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
“Hamılıqla Həmrəylik Günümüz mübarək olsun” deyir, bu yeni ildә hәr bir azərbaycanlıya can sağlığı, xoşbәxt, firavan Qarabağlı hәyat vә bütün türk dünyasına hәmrәy olmağı arzulayırıq.  
YAP Bərdə rayon təşkilatının məsləhətçisi Elmir Məmmədov