BolgeXeber.Com » Siyasət » Liderlər polisə çağrıldı

Liderlər polisə çağrıldı

1-04-2011, 22:25
Oxunub: 6 876

Əli Kərimli və İsa Qəmbər istənilən halda aksiyanın keçiriləcəyini bəyan ediblər

AXCP sədri Əli Kərimli bu gün saat 16-da Bakı Şəhər Baş Polis İdarəsinə gəlib. Bu barədə Bolgexeber.com-a AXCP üzvləri xəbər veriblər. Məlumata görə, Ə.Kərimli BŞBPİ-yə tək, hər hansı vəkilin, jurnalistin müşayiəti olmadan gəlib. O, toplaşan jurnalistlərə ayaüstü məlumat verərək bildirib ki, BŞBPİ rəhbərliyi, şəhər prokuroru onunla görüşmək istədiklərini bildiriblər. Onlar AXCP sədrinə görüşdə hansı mövzunun müzakirə olunacağı barədə məlumat verməyiblər.

Bununla belə, aydındır ki, Ə.Kərimlinin BŞBPİ-yə çağırılması İctimai Palatanın aprelin 2-nə təyin olunan aksiyası ilə bağlıdır. Hakimiyyət orqanları gözlənilən mitinqlə bağlı görünməmiş təlaş içindədrilər və aksiyanın önlənməsi üçün müxtəlif addımlar atırlar.

Son məlumata görə, AXCP sədri Əli Kərimli BŞBPİ-dən çıxarkən jurnalistlərə açıqlama verib. Ə.Kərimli deyib ki, o, BŞBPİ rəisi Rafiq Abbasovla və şəhər prokuroru Əziz Seyidovla görüşüb. Dövlət məmurları AXCP sədri ilə 2 aprel mitinqi ilə bağlı danışıblar və Başı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi aksiyanın yolverilməz olduğunu, təhlükə daşıdığını bildiriblər. Ə.Kərimli isə onlara 2 aprel mitinqinin dinc xarakterli olduğunu bildirib.

Daha sora Ə.Kərimli jurnalistlərə deyib ki, o, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərlərinə mitinqdən öncə tutulanlar və dünən evinin qarşısında tərbiyəsiz aksiya keçirənlərlə bağlı sual ünvanlayıb, ancaq həm Əzizov, həm də Abbasov suala cavab verməkdən yayınıblar.
Ayaqüstü açıqlamasının sonunda Ə.Kərimli bildirib ki, sabaha təyin olunmuş mitinq keçiriləcək.

Bolgexeber.com onu da bildirir ki, eyni zamanda Müsavat Partiyasının başqanı İsa Qəmbər də bu gün saat 17-də Bakı Şəhər Baş Polis İdarəsinə gəlib. Məlumata görə, İsa Qəmbər binaya daxil olmazdan öncə bildirib ki, BŞBPİ-yə dəvət olunmağı barədə bildirişi ona Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin rəisi məlumat verib. O. partiya qərargahına gələrək İsa Qəmbərə bildirib ki, saat 17-də BŞBPİ rəhbərliyi və şəhər prokuroru onunla görüşəcək. Bir qədər əvvəl isə ayrıca şəhər prokurorluğundan Müsavatın qərargahına bildiriş göndərilib.
İ.Qəmbər jurnalistlərə bildirib ki, BŞBPİ-yə dəvət edilməsi aprelin 2-nə təyin edilmiş kütləvi aksiya ilə bağlıdır.

Xəbərə görə, BŞBPİ-nin binası qarşısında ATƏT-in və bəzi diplomatik korpusların nümayəndələri, jurnalistlər, siyasi fəallar var. AXP-nin qurucusu Pənah Hüseynin və Müsavat Divanının keçmiş üzvü Adil Qeybullanın da BŞBPİ-nin önündə olduğu bildirilir.