BolgeXeber.Com » Siyasət » Novruz Məmmədovun seçkiləri mənasız edən sensasion açıqlaması

Novruz Məmmədovun seçkiləri mənasız edən sensasion açıqlaması

12-06-2013, 10:10
Oxunub: 4 992 PA rəsmisi deyir ki, üçüncü prezidentlik məsələsi bütün böyük ölkələrlə razılaşdırılıb; müxalifət isə bu iddiaya inanmır
“İlham Əliyevin prezidentliyə üçüncü dəfə namizədliyinin irəli sürülməsinə bütün böyük dövlətlər başda olmaqla, razılıq verilib”. Bu sensasion bəyanatla Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr üzrə şöbənin müdiri Novruz Məmmədov çıxış edib. N.Məmmədov deyib ki, İ.Əliyevin üçüncü müddətə namizədliyindən istifadə edib Azərbaycana təzyiq göstərmək istəyənlərin niyyəti baş tutmayıb. O əlavə edib ki, bu məsələdə “Azərbaycanın imicini” düşünənlər öz qayğılarına qalsalar yaxşıdır.
“Beynəlxalq imicə qalsa, bəzi inkişaf etmiş Avropa dövlətlərində vəziyyət daha ciddidir. Bu baxımdan üçüncü prezidentlik müddəti ilə bağlı heç bir problem ola bilməz və bu, artıq həll edilmiş məsələdir” deyə, N.Məmmədov vurğulayıb. “İkincisi, başda bütün böyük ölkələr olmaqla, bu məsələyə özlərinin tam razılıqlarını veriblər”.

Bir qayda olaraq seçkilərin taleyinin Azərbaycanda həll olunduğunu, ayrı-ayrı xarici qüvvələrin ölkədə stabilliyin pozulmasına yönəlik hərəkətlərinə yol verilməyəcəyini bəyanlayan, müxalifəti hansısa qüvvələrə işləməkdə ittiham edən hakimiyyət təmsilçilərinin qəfildən fərqli mövqedən çıxış etməsi kifayət qədər təəccüb doğurur. Hakimiyyət mənsubları YAP-ın namizədinin müəyyənləşdirilməsində hakim partiyanın 600 minlik üzvünün, həmçinin xalqın rəyinin əsas olduğunu bildirdiyi halda, nədən xarici faktorun önəmini qabartmağa qərar verib? Maraqlıdır, böyük dövlətlər deyərkən N.Məmmədov Rusiyanın da dəstəyinin alındığını demək istəyib?

Yeri gəlmişkən, YAP təmsilçiləri bir qayda olaraq Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılını 1992-ci ildə “hakimiyyətə gəlmək üçün 8 dövlətin razılığını almışıq” deməkdə ittiham edir. A.Hacılı isə N.Məmmədovun dediklərini şərh edərkən öncə onun adı ilə əlaqələndirilərək ictimaiyyətin çaşdırılmasına xidmət edən sözügedən açıqlamaya bir daha aydınlıq gətirmək istədiyini dedi: “O zaman İsa Qəmbərin parlament sədrliyinə namizədliyi irəli sürülmüşdü və mən çıxış edərkən Qarabağ probleminin həlli istiqamətində xarici dövlətlərlə bəzi razılaşmaların olduğunu dilə gətirmişdim. Ancaq sonradan bu fikrin guya İsa Qəmbərin spiker seçilməsinə aid olduğunu iddia etdilər. Lakin bir neçə il əvvəl Mirşahinin təşkil etdiyi ”Ən yeni tarix" verilişində mənim çıxışım nümayiş etdirildi və bu fikrin əslində Dağlıq Qarabağın işğaldan azad olunması məsələsinə aid olduğu bir daha təsdiqləndi. Düşünmək olardı ki, fərqli istiqamətdə fikir səsləndirən opponentlər sakitləşər. Lakin sakitləşmədilər, bundan sonra da mənə qarşı olan bu böhtanı davam etdirdilər".

A.Hacılı qeyd etdi ki, indi N.Məmmədovun İlham Əliyevin namizədliyinin böyük dövlətlərlə razılaşdırıldığını iddia etməsi zərərli bir mövqedir: “Təbii ki, bu, Azərbaycanın milli mənafelərini təhdid edən bir mövqedir. Eyni zamanda bu, yalan bir fikirdir. Çünki əgər böyük dövlətlərdən söhbət gedirsə, o dövlətlərdən biri də ABŞ-dırsa, bu ölkənin prezidenti Barak Obama öz açıqlamalarının birində bildirmişdi ki, müxtəlif üsullarla öz prezidentlik müddətlərini uzatmağa çalışan dövlət başçıları demokratiyanın düşmənləridir. Eyni zamanda bir nəfərin iki dəfədən artıq dövlət başçısı seçilməsi yalnız Konstitusiya, qanunlarla tənzimlənmir, həm də bu, beynəlxalq bir normadır. Bütün dünyada bir nəfərin iki dəfədən artıq prezident seçilməməsi qaydasının tətbiq olunması məhz demokratik dəyərlərə, demokratik cəmiyyətin ruhuna uyğun bir qayda kimi qəbul olunub. Bu baxımdan hesab edirəm ki, istənilən halda həm Azərbaycanda, həm bütün dünyada demokratiya tərəfdarları olan insanlar İlham Əliyevin yenidən prezidentliyə namizəd irəli sürülməsini mənfi qarşılayacaq”.

Milli Şuranın təsisçilərindən biri, politoloq Zəfər Quliyev qeyd etdi ki, N.Məmmədovun bu açıqlaması əslində təəccüb doğurur: “Ona görə ki, birincisi, bizim hakim dairələr daim vurğulayırdılar ki, Azərbaycan müstəqil dövlətdir və ona görə heç bir ölkə Azərbaycanın daxili işlərinə qarışmamalıdır, mühüm seçki prosesi də Azərbaycanın daxili işidir. Ona görə də bu mövqedən çıxış edirdilər ki, seçki məsələsində heç bir ölkənin dəstəyinə ehtiyac yoxdur. Təxminən bu cür tezislər dəfələrlə rəsmi təbliğatda gedib. İndi Novruz Məmmədov birdən bəyan edəndə ki, artıq İlham Əliyevin üçüncü dəfə prezident seçilməsi ilə bağlı bir sıra ölkələrlə danışılıb, razılığa gəlinib, dəstək alınıb, bu, həm əvvəlki təbliğat tezisi ilə ziddiyyət təşkil edir, digər tərəfdən də məntiqsizlik üzə çıxır. Çünki 2003-cü ildə İlham Əliyev ilk dəfə seçiləndə, yaxud 2008-ci ildəki seçkisində heç bizim rəsmi şəxslər məsələ ilə bağlı beynəlxalq dəstəyin alındığını demirdilər. Ona görə ki, seçkiyə çox arxayın gedirdilər”. Z.Quliyev deyir ki, arxayın olan adamın əslində bu cür ifadələr işlətməsi, dəstək haqqında danışıb zəifliyini nümayiş etdirməsinə ehtiyac yoxdur: “Ona görə də mən əslində Novruz Məmmədovun sözlərindən sonra o fikrə gəlirəm ki, deyəsən, heç bir dəstək yoxdur və əslində burda bir blef elementi var. Özləri özlərini, cəmiyyəti sakitləşdirmək istəyirlər. Ona görə ki, belə bir dəstək olsaydı, bunu bəyan etməyə ehtiyac qalmazdı”. Rusiyanın dəstək verib-vermədiyinə gəldikdə, politoloq güman etmir ki, geniş miqyasda Azərbaycanda marağı olan bütün ölkələrin dəstəyi alınıb: “Ona görə ki, Rusiya-Azərbaycan münasibətlərində hansısa pozitiv tendensiyalar nümayiş olunmur. Düzdür, Azərbaycan rəsmiləri həm Rusiya, həm Amerika, həm Avropa ilə dil tapmağa çalışır. Lakin YAP-ın son qurultayı və qurultayda qəbul olunmuş qərarlar göstərir ki, narahatlıq ciddidir. Ona görə də şəxsən mən hesab edirəm ki, hələlik hakimiyyət bu narahatlığını ört-basdır etmək üçün ortaya bu cür tezislər atır. Bu da sırf təbliğat xarakteri daşıyır və o qədər də uğurlu təbliğat tezisi deyil”.