BolgeXeber.Com » Siyasət » Kamaləddin Qafarov: “Bizim Qarabağa qayıdışımız möhtəşəm olacaqdır!”

Kamaləddin Qafarov: “Bizim Qarabağa qayıdışımız möhtəşəm olacaqdır!”

21-12-2020, 14:00
Oxunub: 3 588 “Azərbaycan xalqı  Ölkə  Prezidenti , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  30 ildən bəri  bizə miras qalmış çox böyük vəzifəni-torpaqlarımızın işğaldan azad edilməsi kimi  əzəmətli və qürurverici missiyanı ləyaqətlə  yerunə yertirərək, dinc quruculuq və  sülh prosesini davam etdirir”.
Bolgexeber.com xəbər verir ki, bu sözləri millət vəkili Kamaləddin Qafarov yap.org.az-a müsahibəsində bildirmişdir.
O demişdir ki,  cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi,biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik. ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqların gedişində  imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri və dünya ictimaiyyətini vicdansızcasına  aldadırdı. İndi- Vətən müharibəsindən sonra  əldə edilmiş məlumatlar və  düşmən tapdağı altında olan torpaqlarda  aparılmış mühəndis-istehkam işlərinin monitorinqi  göstərir  ki, Ermənistan işğal etdiyi əraziləri qətiyyən qaytarmağa hazırlaşmırdı.
Kamaləddin Qafarov demişdir ki, rəsmi Yerevan törətdiyi cinayətlər üçün çox yaxın müddətdə  beynəlxalq ədalət məhkəməsi qarşısında dayanacaqdır və buna heç kəsin şübhəsi yoxdur. Erməni işğalının, vəhşiliklərinin nəticələrinin kompleks şəkildə aradan qaldırılması üçün tədbirlər planı hazırlanmışdır və bu sahədə əsas diqqət cinayətkarların cəzalandırılması səyləri ilə paralel olaraq, viran edilmiş ərazilərin bərpa edilməsinə  yönəldilir. Bunun üçün ilkin olaraq əhaliyə dəyən zərərin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər reallşdırılır.
Millət vəkili bildirmişdir  ki, məlum olduğu kimi, dekabrın 14-də cənab Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı  Sərəncam imzalanmışdır. Bu Sərəncama əsasən təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardım ayrılacaqdır.  
Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin reallaşdırılmasına  başlanılacaqdır.
K.Qafarov demişdir ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri üzrə proseslər də davam edir. Dövlət başçısının da qeyd etdiyi kimi, artıq yol tikintisi, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Dost ölkələr investisiya layihələrini reallaşdırmaq  üçün  Azərbaycana cəlb edilir. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlanılması planlaşdırılır. Azərbaycan Prezidenti  İlham Əliyev  MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı  ölkəmizin  dostluq  münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət edərək, onların  şirkətlərini də bu layihələrdə podratçılar kimi fəal iştirak etməyə çağırmışdır. “Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. … Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.