BolgeXeber.Com » Siyasət » İlham Əliyev bu həftə and içə bilər - İZAH

İlham Əliyev bu həftə and içə bilər - İZAH

12-02-2024, 13:57
Oxunub: 992

Mərkəzi Seçki Komissiyası 7 fevralda keçirilən növbədənkənar prezident seçkisini yekunlaşdırıb.


MSK-nın fevralın 11-də keçirdiyi iclasda bu barədə qərar qəbul edilib.

Seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.

MSK nəticələr barədə protokolu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsi fevralın 13-də növbədənkənar prezident seçkisinin yekunlarına dair protokolun təsdiq edilməsi məsələsinə və seçkinin nəticələrinə baxaraq qərarını elan edəcək.

Bununla əlaqədar Konstitusiya Məhkəməsi fevralın 12-də məlumat yayıb.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkisinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.

Deməli, sabah Konstitusiya Məhkəməsi müsbət qərarını elan etsə, 16-na qədər andiçmə baş tutmalıdır.

Prosedura əsasən, İlham Əliyevin növbəti dəfə prezident kimi and içməsi bu həftə ərzində reallaşacaq.

Konstitusiyanın 103-cü maddəsinə əsasən, Azərbaycan prezidenti seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.