BolgeXeber.Com » Bölgə » Bərdənin icra başçısı özünü yandıran şəxslə bağlı anti-kampaniyaya başlayıb

Bərdənin icra başçısı özünü yandıran şəxslə bağlı anti-kampaniyaya başlayıb

31-01-2014, 11:10
Oxunub: 3 731 Bərdənin icra başçısına yaxın mətbuat Maarif Vəliyevin özünü Tərtərdəki evində yandırdığına dair iddialar ortaya atıb

Ötən günlərdə Bərdə rayonunda keçmiş Qarabağ qazisi Maarif Vəliyevin özünü İcra Hakimiyyətinin binası qarşısında od vuraraq yandırdığına dair məlumat yayılmışdı. Jam.az xəbər verir ki, hadisənin sosial problemlərdən dolayı baş verdiyi məlum olmuşdu. Özünü yandıran və hazırda ağır vəziyyətdə olan Vəliyevin mətbuata verdiyi açıqlamasında isə vurğulanırdı ki, o, bu addımı xəstə oğluna dövlət tərəfindən heç bir yardım etdiləmdiyi üçün atıb.

Amma bu hadisədən bir qədər sonra Bərdənin icra başçısını tərifləyən yazılar və olayın Bərdə İcra Hakimiyyətinin binası qarşısında baş vermədiyinə dair məlumatlar yayılmağa başladı. Az sonra isə o da vurğulandı ki, guya, özünə qəsd etmiş Maarif Vəliyev özünü evində yandırıb və onun da evi Tərtər rayonunda yerləşir.

Həmin məlumatda deyilir: «Maarif Vəliyev hələ 8 il bundan əvvəl ailə üzvləri ilə (anası və bacısı) yola getməyərək, yaşadığı Bərdənin Alpout kəndindən qeydiyyatdan çıxaraq, Tərtər rayonunun Köçərli kəndində məskunlaşıb. Hal hazırda da o, Tərtər rayonunda daimi qeydiyyatdadır. Belə olan təqdirdə, sözügedən şəxsin Bərdədən sosial yardım istəməsi və köməklik gözləməsi də mümkünsüzdür».

Əslində, bu yazılardan Bərdənin icra başçısı Vidadi İsayevin dəstə-xətti aydın görünür. Ona görə ki, belə bir intihar hadisəsinin onun rayonunda baş verməsi yaxın gələcəkdə icra başçısını vəzifəsindən edə bilər. İndiki həssas məqamda ölkənin dilinə-dişinə düşməkdənsə, ən yaxşı yol «günah keçisi» axtarmaqdır. Elə İsayev bunu da edib və o, hədəf olaraq Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovu göstərib. O, mətbuatda Maarif Vəliyevin hazırda Tərtərdə yaşadığını və özünü elə yaşadığı evdə yandırmaq istədiyini yazdırmaqla bu istəyini həyata keçirib.

Bildirək ki, Vidadi İsayev bir müddət Tərtərin icra başçısı olub və onu Ceyhun Cəfərov əvəzləyib. Eyni zamanda, Bərdə ilə Tərtər qonşu rayonlardırlar. Amma o da mümkündür ki, Vidadi İsayevin Ceyhun Cəfərovdan xoşu gəlməsin. Ona görə ki, Cəfərov onun yerinə gəlib və şübhəsiz ki, Tərtərdəki bəzi obyektlərinə də əl qoyub. Və bu hirsin fonunda qalmaqallı məsələni onun üzərinə yıxmaqla İsayevin intiqam almaq istədiyini demək mümkündür.
Bolgexeber.com