BolgeXeber.Com » Bölgə » Gədəbəydə mədəniyyətə ayrılan pullar hara gedir?

Gədəbəydə mədəniyyətə ayrılan pullar hara gedir?

18-03-2014, 07:35
Oxunub: 4 466 Rayonun mədəniyyət və turizm sektoruna təkcə ötən il ayrılmış 200 mindən artıq vəsait şöbə müdirinin cibinə gedib

Gədəbəyin mədəniyyət və turizm sektoru sözdə və sənəddə ən yüksək həddə inkişaf etmiş kimi göstərilsə də, reallıqda tamam tərsidir. Azərbaycanın ən dilbər guşəsi olmasına rəğmən, bu sahələrdə geri qalması isə idarəçiliklə bağlı olan problemlərlə əlaqədardır.

Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edən Fazilə Məmmədova mövcud vəziyyəti düzəltmək əvəzinə, daha çox şəxsi maraqlarını güdür. Bununla bağlı verilən məlumatlarda qeyd olunur ki, sözügedən quruma təkcə ötən il 200 min manatdan artıq vəsait ayrılıb. Amma həmin pullar olduqca maraqlı şəkildə bölüşdürülməklə yanaşı, həm də inanılmaz səviyyədə talan edilib.

Qeyd edək ki, ayrılmış pulların 40250 manatı əsaslı təmir işlərinin satın alınmasına və "Alyans-SS" MMC-nin əliylə xərclənib. TİA.AZ-ın əldə etdiyi məlumatlardan belə başa düşülür ki, xanım Məmmədova ümumilikdə, elə də güclü təmir işləri aparmayıb. Əksinə, onun kosmetik işləri əsaslı təmir işləri kimi sənədləşdirdiyi vurğulanır. Bəzi kənd kitabxanaları olmadığı halda, onların təmir edildiyini sənədləşdirən şöbə müdiri əslində, nə etmək istədiyini özü yaxnı bilib.

Cari təmir işlərinin satın alınması isə "Dağ ES" MMC vasitəsi ilə reallaşdırılıb və bu məqsədlə 95080 manatın sərf olunduğu sənədləşdirilib. Hərçənd bunun da sənədlərdə qeyd olunması reallığı əks etdirmir. Çünki Fazilə Məmmədova bu pulları cari təmir işlərinə deyil, bilavasitə şəxsi maraqlarına sərf edib. Elə buna görədir ki, Gədəbəy mədəniyyət və turizm şöbəsinin müdirinin əmlakı ilə bağlı səs-səda Bakıdan gəlir.

Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsi nə ayrılmış 90700 manat isə bərk inventarların satın alınmasına «sərf» olunub. "Landşaft Dizayn S" MMC ilə müqavilə əsasında reallaşdırılan prosesin mahiyyəti isə ondan ibarətdir ki, şöbə müdiri bu pullara adı olub, lakin özü olmayan obyektlərə «inventar» alıb.

Şöbənin dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasına xərclədiyi vəsait isə 37000 manat təşkil edib. Ki, bunun da real olmadığı elə ilk baxışdan məlumdur. Çünki Gədəbəyin kəndlərində kitabxana və mədəniyyət evlərinin fəaliyyət göstərdiyi kağız üzərində təsdiqini tapsa da, real həyatda onların mövcudluğundan xəbər belə yoxdur.

Yumşaq inventarların satın alınmasına sərf olunmuş 19425 manat da yuxarıdakı digər işlər kimi sənəd üzərindədir. Bu pulun yalnız kiçik bir qismi müdirin otağının mebellərini dəyişməyə sərf olunub. Qalanlarının aqibəti isə hamıya məlumdur.

Həmçinin dgər maşın və avadanlıqların satın alınmasına ayrılmış 77500 manat da başqa pulların taleyini yaşayıb.

Eyni zamanda, avadanlıqların satın alınmasına ayrılmış 47765 manatın da aqibətindən xəbər yoxdur. Deyilənlərə görə, həmin pulların böyük bir qismi məhz şöbənin müdirinin şəxsi maraqlarına sərf olunub.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com