BolgeXeber.Com » Bölgə » Samir Şərifov Dubayda bahalı oteldə dincəlir

Samir Şərifov Dubayda bahalı oteldə dincəlir

25-03-2014, 07:45
Oxunub: 3 464 Belə görünür ki, Dubar azərbaycanlı məmurların, yaxud keçmiş məmurların ən sevimli istirahət məkanlarından birinə çevrilib.

Bir neçə gün öncə mötəbər və məlumatlı qaynaqlara istinadən xəbər verilmişdi ki, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Dubaydakı dəbdəbəli “Atlantis” otelində ailə üzvləri ilə birgə bahalı bir Novruz tətili keçirir. Bu yazı saytımızda işıq üzü görəndən sonra T.Əhmədov faktı təsdiqləyib bildirdi ki, o və ailə üzvləri doğrudan da beşulduzlu “Atlantis”də istirahət edirlər.

Mötəbər mənbələrə istinadən bu dəfə daha bir məmurun orada dincəlməsi haqda məlumat əldə edilib. Xəbərə görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov da hazırda Dubayda Novruz tətilindədir. Tağı Əhmədov kimi cənab Şərifov da “Atlantis” otelinin ən bahalı nömrələrinin birində yaşayır.

Otelin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin virtualaz.org saytına verdiyi xəbərə görə, S.Şərifov ailə üzvləri ilə birlikdə 7 min dollarlıq apartamentdə qalır.

Ümumiyyətlə, bu oteldə nömrələrin qiymətləri 700 dollardan başlayaraq 10 min dollara qədər dəyişir. Yada salaq ki, Azərbaycanın maliyyə nazirinin aylıq maaşı 1500 manatdır.

Maliyyə naziri Bakıya qayıdandan sonra virtualaz.org saytı cənab Şərifova Dubayın ən bahalı otelində ona bayram tətili keçirməyə imkan verən əlavə gəlir mənbələri barədə sorğu ilə müraciət etmək niyyətindədir. Və bildirirk ki, cənab nazirin sorğumuza rəsmi cavabını saytımızda dərc etməyi özümüzə vəzifə bilirik.