BolgeXeber.Com » Bölgə » Göyçay ƏSMM-də özəl qaydalar

Göyçay ƏSMM-də özəl qaydalar

29-03-2014, 10:15
Oxunub: 3 812 Sosial yardım almaq istəyənlərə şərtlər irəli sürülür?

Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin rəhbərliyi tərəfindən bir sıra rayonların sosial müdafiə mərkəzlərinin rəhbərləri tutduqları vəzifələrdən azad edilsələr də, çoxsaylı şikayətlər göstərir ki, barəsində mümkün qədər tez, həm də təsirli tədbirlər görülməsi gərəkən vəzifəli şəxslərdən biri də Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və onun direktoru Hikmət Həsənovdur. Sakinlərin şikayətləri belə deməyə əsas verir ki, bu qurumun bəzi işçiləri öz fəaliyyətlərində ciddi nöqsanlara yol verirlər. Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun daha da sərtləşdirdiyi tədbirləri sayəsində barəsində ciddi ölçü götürülən şəxslər sırasında məhz bir sıra «Sobez»lərin rəhbər işçiləri az olmadılar.

Qanunvericiliyin tələblərini pozduqlarına görə nazirliyin və mərkəzin yüzlərlə əməkdaşları intizam tənbehi tədbirləri görüldü, ciddi nöqsanlara yol verdiklərinə görə onlarla əməkdaş vəzifədən azad edildi, töhmət verildi, ən nəhayət, bəziləri təqsirkar bilinərək məsuliyyətə cəlb edildilər. Lakin rayon sakinlərinin sözlərinə görə, barəsində mümkün qədər tez, həm də təsirli tədbirlər görülməsi zəruri olan vəzifəli şəxslərdən biri də Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin bir sıra işçiləri və direktorudur. Bildirilir ki, mərkəzin bəzi işçiləri ünvanlı sosial yardım almağa həqiqi ehtiyacı olan insanların üzərinə qəribə tələblər qoyaraq, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün çətinliklər, bürokratik əngəllər törədirlər. Qeyd etmək yerinə düşər ki, adıçəkilən rayonda sosial-iqtisadi durum heç də ürəkaçan deyil. Bunlar azmış kimi, rayonda qanunsuz hallara yol verən məmurlar da kifayət qədərdir. Sakinlərdən əldə etdiyimiz məlumata görə, ünvanlı sosial yardımları almaq istəyənlərə müəyyən «hesab» müəyyənləşdirilib. Məsələn, ünvanlı sosial yardımı almaq üçün bəzi vətəndaşlar ən azından dövlətin ona ayırmış ünvanlı sosial yadımın 6 aylarını «güzəşt»ə getməlidir. Əks halda aztəminatlı ailələrin üzvləri və yoxsullar növbəti 1 il üçün müavinət və yardım almaqdan məhrum olacaqlar. Elə buna görə də, aztəminatlı ailələrə çatmalı olan sosial yardımlar bəzi hallarda ehtiyacı olanlara deyil, kənar şəxslərə verilir. Bütün bunlara rəğmən sakinlər qeyd edirlər ki, rayon «Sobez»inin fəaliyyəti, o cümlədən maliyyə əməliyyatları ciddi araşdırılmalıdır. Bəlkə onda vaxtilə Qaradağ «Sobez»ində aşkarlanmış xoşagəlməz hallar burada da müəyyən olunar.