BolgeXeber.Com » Bölgə » Mingəçevirdə icra başçısı “yaşıl soyqırım”a niyə göz yumur?

Mingəçevirdə icra başçısı “yaşıl soyqırım”a niyə göz yumur?

31-03-2014, 04:20
Oxunub: 4 558 İcra başçısı Şəhidlər Xiyabanına yaxın parkın ərazisini Moskvada yaşayan iş adamına satıb; parkda çay evi tikdirməsi rayon sakinlərinin etirazına səbəb olub
Bir neçə gündür ki, Mingəçevirin Şəhidlər Xiyabanına yaxın parkda ağaclar kəsilir. Bu barədə müraciət edən rayon sakinləri bildiriblər ki, ağacların kəsilməsi ilə bağlı İcra Hakimiyyətinə, rayon bələdiyyəsinə müraciət ediblər. Amma adları çəkilən qurumlar nədənsə bu məsələ ilə bağlı maraqlanmaq istəməyiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edən sakinlərin sözlərinə görə, nazirlikdən onlara bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Mingəçevir sakinləri ağacları kəsdirənin kimliyini də öyrənə biliblər. Bu, əslən Ağdamdan olan, hazırda Moskvada yaşayan iş adamı Mübariz Qubadovdur. Sakinlər iddia edir ki, M.Qubadovun işlərini mingəçevirli dostu Fəxrəddin adlı şəxs idarə edir. Fəxrəddin icra başçısı Niyazi Bayramova yaxınlığı ilə tanınır. Rayonda boş torpaq sahəsi tapmaq müşkülə çevrildiyindən icra başçısı Şəhidlər Xiyabanına yaxın parkın bir hissəsini ona satıb.

Redaksiyamıza şikayət edən rayon sakinləri deyir ki, onsuz da rayonda yaşıllıq çox azdır. Sözügedən park rayon sakinlərinin yayda istirahət etdiyi məkanlardan biridir. İndi bu parkı dağıdıb yerində çay evi tikmək istəyirlər.

Sakinlər isə icra başçısı Niyazi Bayramovla neçə aydır görüşə bilmədiklərini deyirlər. “Jam.az”ın məlumatına görə, buna səbəb kimi onun davamlı olaraq ziyafət məclislərində olması göstərilir.

Həmin iddialarda qeyd olunur ki, Niyazi Bayramov gün ərzində bir neçə saat iş başında olur. Qalan vaxtları isə dostları ilə birlikdə ya Mingəçevirin özündə, ya da qonşu Gəncə şəhərindəki restoranlara baş çəkir. Həftədə bir dəfə qəbul günü elan etsə də, icra başçısı çox vaxt müxtəlif bəhanələr adı altında görüşlərə belə gəlmir.

Yeyib-içmək həvəskarı olan Bayramovun istisna hallarda şəhərdəki tikinti və abadlıq işləri ilə maraqlandığını vurğulayan sakinlər onu da deyirlər ki, onun işlərinin çoxunu müavinləri həyata keçirir. O da qeyd olunur ki, Mingəçevirin icra başçısı ilə bağlı söhbət düşəndə zarafatla məşhur meyxanalardan birində ifadə olunan bənd zümzümə edilir: “Yeyib-içən oğlan yaman olmaz...”

Niyazi Bayramovun yeyib-içmək həvəskarı olmasında qəbahətli bir şey yoxdur. Sadəcə, ölkənin aparıcı şəhərlərindən birinə rəhbərlik edən şəxsin vətəndaşlarla mütəmadi görüşlər keçirməsi zəruridir.

Bazar günü olduğu üçün Mingəçevir Şəhər İcra hakimiyyətindən məsləyə münasibət öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.