BolgeXeber.Com » Bölgə » Gədəbəyin başçısı şəxsi maraqlarını vətəndaşların mənafeyindən üstün tutur

Gədəbəyin başçısı şəxsi maraqlarını vətəndaşların mənafeyindən üstün tutur

2-04-2014, 15:05
Oxunub: 4 912 Ramiz Yediyarov 6,7 milyon manatı necə xərcləyəcək?

Prezident İlham Əliyev martın 31-də Gədəbəy rayonu ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Qeyd edək ki, ölkə başçısı bölgələrin inkişafı, yolların müasir formada qurulması və əhalinin rahatlığının təmin edilməsi məqsədilə mühüm işlər görür. Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan 7 milyon manata yaxın vəsaitlə nəzərdə tutulan yolu ən yüksək səviyyədə tikib başa çatdırmaq olar. Lakin gədəbəylilər çox narahatdırlar. Ona görə narahatdırlar ki, rayonda vəzifə sahibi olan bəzi məmurlar dövlətin göstərdiyi qayğıya biganə münasibət sərgiləyirlər. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyətindən razı qalmayan yerli sakinlər ayrılan məbləğin təyinatı üzrə sərf olunmayacağından əndişəlidirlər. Redaksiyamıza daxil olan xəbərlərə görə, indiyə qədər, yəni Ramiz Yediyarov rayona icra başçısı təyin olunandan büdcədən ayrılan vəsaitlərin yetərli hissəsi şəxsi maraqlara qurban verilib. Diqqətinizə çatdıraq ki, sözügedən məmur 2012-ci ildən etibarən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısıdır. Bundan əvvəl isə o, 1997-ci ildən 2000-ci ilə qədər Şəki şəhəri üzrə Dövlət Vergi Müfəttişliyinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin dövlət vergi müfəttişi, 2000-ci il tarixdən 2001-ci ilədək Şəki şəhəri üzrə Vergilər Şöbəsinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi bölməsinin dövlət vergi müfəttişi işləyib. 2010-cu ildə isə Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifəsində çalışıb. İki illik fəaliyyəti dövründə icra hakimi vətəndaşların ondan gözlədiklərini verə bilməyib.

Rayonu daha abad və gözəl üslubda görmək istəyən sakinlərin arzusu belə demək mümkünsə, gözündə qalıb. Verilən məlumatda bildirilir ki, icra hakimi və başqa-başqa vəzifələrdə çalışan məmurlar vətəndaşların qeydinə qalmayaraq ancaq öz mənafeləri üçün çalışırlar: «Qış fəslindən üzü qara çıxan rayonun kommunal xidmət qurumları camaatı pis vəziyyətdə qoydu. Qışın soyuğunda qaz xətlərinin olduğu kəndlərdə insanlar odun daşıyırdı. Günlərlə mavi yanacaq verilmirdi. Havanın qarlı-şaxtalı keçdiyi günlərdə əsl zülm yaşadıq. Elektrik enerjisinin və içməli suyun verilişində də uzun fasilələr əmələ gəlirdi. Bu qışı min bir çətinliklə başa vurduq. Prezidentimizdən Allah razı olsun. Hər zaman bizi yadda saxlayır. Amma hansısa səbəblərə görə icra başçısı rayonun inkişafını sanki istəmir. Eşitdiyimizə görə, cənab prezident rayonda bir sıra kəndləri birləşdirən yolların tikintisi üçün vəsait ayırıb. Ramiz müəllimin dövlətinin gəlhagəlidir. Əmin olun ki, həmin məbləğin heç də hamısı layihəyə salınmış işlərə xərclənməyəcək.

O, icra hakimi təyin olunandan sonra rayonumuza bir neçə dəfə dövlət büdcəsindən vəsait ayrılıb. Buna baxmayaraq, Gədəbəy baxımsız və bərbad durumdadır». Sakinlərin narahatlığını başa düşürük. Əksər bölgələrdə inkişafın getdiyini görən gədəbəylilər də doğma rayonlarının gözəl olmasını arzu edirlər. Biz inanırıq ki, Maliyyə Nazirliyinin əməkdaşları prezidentin sərəncamı ilə Rayon İcra Hakimiyyətinə ayrılan 6,7 milyon manatın xərclənməsinə nəzarət edəcək və yeyinti hallarının qeydə alınmasına imkan verməyəcəklər.(gundelik-baku)

Qarşı tərəf münasibət bildirmək istəsə, böyük məmnuniyyətlə dərc edərik.

P.S. Biz gözləyirik ki, bu puldan "Plan” kəndə gedən yolun təmirinə də xərclənəcək.