BolgeXeber.Com » Bölgə » Şirvan şəhərində qeyri-qanuni fəaliyyət göstərən avtovağzal ölüm saçır

Şirvan şəhərində qeyri-qanuni fəaliyyət göstərən avtovağzal ölüm saçır

4-04-2014, 05:20
Oxunub: 8 850 Misirxan adlı şəxs «Avtovağzal və avtostansiya haqqında» Əsasnaməyə məhəl qoymur



Dəmir yolu xəttinin düz yanında yerləşən avtovağzalda faciə qaçılmazdır



«Avtovağzal və avtostansiya haqqında» Əsasnamədə qeyd olunur ki, avtovağzal yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksidir.

Əsasnamədə hər bir məsələ öz dəqiqliyi ilə əks olunub. Ölkə ərazisində nəqliyyatın bu sahəsi ilə məşğul olan şəxslər məhz həmin əsasnamə əsasında fəaliyyətlərini tənzim edirlər, daha dəqiq desək etməlidirlər. Üzülərək demək istəyirik ki, bəzi rayonlarda qanunun tələblərinə əməl etməyən sahibkarlar az deyil. Həmin şəxslər «Avtovağzal və avtostansiya haqqında» Əsasnamənin tələblərini pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər. Dünən aldığımız məlumatlara görə, Şirvan şəhərində iki avtovağzal mövcuddur. Onlardan biri rayon camaatının lap əvvəldən istifadə etdiyi rəsmi avtovağzal, digəri isə Şirvanın mərkəzi bazarında fəaliyyət göstərən qeyri-rəsmi avtovağzaldır. Misirxan adlı şəxsin rəhbəri olduğu avtovağzalın fəaliyyətinin heç bir qanuni əsası yoxdur.

Mənbəmiz deyir ki, avtovağzal dəmir yolu xəttinin düz yaxınlığında yerləşib ki, bu da potensial təhlükə mənbəyi deməkdir: «Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları avtovağzalın fəaliyyətinə xitam vermir. Mövcud qanuna əsasən, dəmir yolu xəttinə bitişik ərazilərdə heç bir obyekt yerləşə bilməz. Buna baxmayaraq, Misirxan adlı şəxs insanların həyatını təhlükə qarşısında qoyaraq burda avtovağzal açıb. Şirvanın qanuni avtovağzalı olduğu halda, bu nəyə və kimə lazımdır? Misirxanın bütün işlərini Rəfael Dəmirov adlı şəxs aparır». Məlum əsasnamədə həmçinin yazılıb ki, avtovağzallar şəhərlərarası (rayonlararası) marşrutlar üzrə müntəzəm sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədi ilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur. Hər bir avtovağzalın onun kateqoriyasına uyğun pasportu olmalıdır.

Pasport avtovağzalın fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Müvafiq pasport olmadan avtovağzalın fəaliyyət göstərməsinə görə avtovağzalın rəhbərliyi qanunvericiliyə görə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Mənbəmiz iddia edir ki, Misirxan adlı şəxsin rəhbəri olduğu avtovağzalın nə pasportu, nə də digər müvafiq sənədləri var: «O, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarına «görüm-baxım» etməklə avtovağzalı bu vaxta qədər qoruyub saxlayır. Buna görə də Şirvanda heç kim avtovağzal rəhbərinin fəaliyyətinə müdaxilə edə bilmir». Nəqliyyat Nazirliyinin rəsmiləri vaxtaşırı olaraq qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı mübarizə apardığını açıqlayır. Hətta bu yaxınlarda Bakı Sərnişin Nəqliyyat Departamentinin əməkdaşları Bakı- Sumqayıt istiqamətində qeyri-qanuni fəaliyyət göstərən avtomobil vasitələrinə qarşı növbəti reyd keçiriblər. Yoxlamalar zamanı sərnişindaşıma qaydalarını pozan, qeyri-qanuni fəaliyyət göstərən sürücülər cərimə olunub. Bizə elə gəlir ki, nazir Ziya Məmmədov və adamları Şirvanda qeyri-rəsmi fəaliyyət göstərən avtovağzaldan xəbərdar deyillər? Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı mübarizə aparılırsa, o zaman Misirxan adlı şəxsin avtovağzalı günü bu gün fəaliyyətini dayandırmalıdır. Qanun hamı üçün qanundur. Əgər nazir bizə inanmırsa, söhbətini etdiyimiz avtovağzalın işini araşdırsın. Və görsün ki, qanunu ayaqlar altına sərən insanlar kimlərdir. Avtovağzalın sərbəst fəaliyyətində Ziya Məmmədovla yanaşı, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərovun da günahı var. Qanunvericiliyə görə, dəmir yolu zolağına aid olan torpaq sahələrində heç bir tikinti işləri aparmaq, sahibkarlıq obyekti yaratmaq olmaz. Avtovağzal rəhbəri qanunu pozaraq dəmir yolu xəttinə bitişik yerdə avtovağzal açıb. Siz deyin cənab Arif Əsgərov, buna göz yummaq olarmı? Dəmir yolu xətlərinin çoxu istifadə müddətini başa vurduğundan iki gündən bir hansısa istiqamətdə qatarların aşdığını eşidirik. Sabah avtovağzalın yanındakı dəmir yolu xəttindən keçən qatarlar aşsa, düşünürsüz necə böyük faciə baş verə bilər? Gərək faciə olsun sonra nəysə tədbir görəsiniz? Avtovağzalların fəaliyyətinə nəzarət qanunla müəyyən edilmiş qaydada birbaşa Nəqliyyat Nazirliyinin tabeliyindədir. Nazir Ziya Məmmədov, o cümlədən QSC rəhbəri Arif Əsgərov məsələ ilə bağlı təcili olaraq ölçü götürüb avtovağzalın fəaliyyətinə qadağa qoymalıdır. Əks təqdirdə, Şirvanda böyük faciə yaşana və avtovağzal «ölüm maşını»na çevrilə bilər.

Yazı ilə bağlı bütün tərəflərin münasibətini öyrənə bilərik.