BolgeXeber.Com » Bölgə » Şimal bölgəsində qapısı bağlı qalan baxımsız məscidlər

Şimal bölgəsində qapısı bağlı qalan baxımsız məscidlər

7-04-2014, 13:20
Oxunub: 3 625 Şimal bölgəsində illərdir ki, baxımsızlıqdan dağılan məscidlər var

Sakinlər dövlət qurumlarından və Şeyxülislamdan kömək gözləyir

Aprelin 3-də Şeyxülislam Allahşükür Paşazadə Qubada dindarların müşavirəsini keçirəkən tədbir iştirakçıları diqqəti bu ərazilərdəki uçulub dağılmış məscidlərə yönəldiblər. Şeyxdən onların təmir-bərpası xahiş olunub. Şeyx də başçılıq etdiyi qurumun imkanları daxilində bu məscidlərə diqqət ayrılacağını deyib.

15 ildir gözləri yolda qalan inanclılar

“Biz cümə namazına Xudata gedirik. Çünki kənddəki məscid bərbad vəziyyətdədir”,- bunu “Azadlıq” radiosuna Qusarın Ləgər kəndinin sakini Vasif Məmmədov deyir. Onun sözlərinə görə, məscidlərin qapısı uzun illərdir qıfıllıdır. Təmiri üçün yerli bələdiyyələrə, Qafqaz Müsəlmanları Idarəsinə, Dini Komitəyə müraciətləri cavabsız qalıb. Ləgərdəki məsciddən danışır: “Bu məscidin 1 əsrdən yuxarı yaşı var. Dini inanclıların toplaşdıqları bu yer gördüyünüz kimi, bərbad vəziyyətdədir. 10-15 il əvvəl gəlib şəkillərini, ölçülərini çəkib getdilər. Hələ də gözləyirik”. Bu məscidin döşəmələrində addımlamaq mümkün deyil. Döşəmələri, divarları qəzalı vəziyyətdədir.

Ibadət üçün kənddən kənara çıxırıq

“Görürsünüz ki, necə iri, geniş otaqları var. Uşaqlar sınıq pəncərələrdən içəri girirlər, dəfələrlə döşəmələrin arasından dartıb çıxarmışıq. Bu boyda məscid gözümüzün qarşsında qıfıllı qalıb, ibadət üçün kənddən kənara çıxırıq”.



Ləgərlilər cümə namazlarını qılmaq üçün Xudata xeyli yol qət etməli olurlar. Daha bir qıfıllı məscid isə Xaçmazın Xudat şəhərində - Axundov küçəsində yerləşir. Xudatdakı və ətraf kəndlərdən gələn inanclılar ibadətlərini nisbətən istifadəyə yarayan Imam Hüseyn Məscidində etsələr də, digər məscidin də istifadəyə verilməsini arzulayırlar. Deyirlər, Xudatda tibb məntəqəsi, məktəb və başqa obyektlər vaxtaşırı təmir olunur. Ancaq məscid illərdir ki, qıfıllı qalıb.



İllər keçdi, məscid bağlı qaldı...

Kənd sakini Nadir Xosrovoğlu: “O vaxt məscidin qapısından qıfıl asanda dedilər, tez bir vaxtda təmir olunub inanclıların üzünə açılacaq. Ancaq illər keçdi, nə təmir etdilər, nə də hazırkı vəziyyətində özümüzə qaytardılar. Hələ də bilmirik ki, məscidi niyə bağladılar”. Xudatlılar onsuz da dağılıb izini itirməkdə olan tarixi abidəni az-çox öz gücləri ilə qorumağa çalışırlar. Ətrafını təmizləyirlər, pəncərələrinə şüşə taxıblar və dəmir barmaqlılqlar düzəltdiriblər. Yerli bələdiyyə deyir, məscidləri imkanları daxilində təmir etməyə hazırdılar. Ancaq əvvəlcə məscidlər qeydiyyata alınmalıdır.



“Istifadəyə yararlı olmadı, bağladılar”

Bələdiyyə sədri Elman Allahyarov: “Məsələn, imam Hüseyn məscidi qeydiyyatdan keçmiş dini icma olduğuna görə biz oranı bacardığımız qədər təmir etmişik. Ancaq təəssüf ki, əhali bizdən qeydiyyata alınmayan məscidlərin də təmirini tələb edir. O məscid qədim abidə deyil, yaxın vaxtlarda tikilib, tikintisi də yarımçıq qalıb. Istifadəyə yararlı olmadığına görə bağlanıb”.

“Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Iskəndərov bu ilin mart ayında şimal bölgəsində qəbul keçirərkən yerli inanclıların ondan əsas xahişi qeydiyyatsız dini icmaların qeydiyyata alınması ilə bağlı olub. Komitə sədri onlara müvafiq sənədləri komitəyə təqdim etməyi tapşırıb.

Xudat sakini Ələddin Ibrahimov hesab edir ki, ibadət kəndin gənclərinin zərərli vərdişlərdən çəkinməsində bir vasitədir. Buna görə də kəndlərdə qıfıllı qalmış məscidlərin tezliklə açılmasını arzulayır. “Istəyirik ki, kəndin cavanları pis yola düşməsinlər, ibadətə gəlsinlər, ancaq məscidimiz yoxdur”. Şeyxülislam Allahşükür Paşazadə hələlik Qubadakı bir məscidin - Hacı Cəfər məscidinin təmirinə 10 min manat ayırıb.
Bolgexeber.com