BolgeXeber.Com » Bölgə » Şabranda icra başçısı ilə bələdiyyə sədrinin torpaq alveri

Şabranda icra başçısı ilə bələdiyyə sədrinin torpaq alveri

17-04-2014, 05:15
Oxunub: 5 724 “Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov öz imkanlarından, tutduğu vəzifəsindən sui-istifadə edərək Pirəbədil bələdiyyəsinin sədri Cəmaləddin Müzəfəddin oğlu Nuriyevin vəzifəsində qalmağına hərtərəfli himayədarlıq edir. Baxmayaraq ki, bələdiyyənin əhatə etdiyi ərazidə yaşayan sakinlər bu şəxsin hərəkətlərindən, fəaliyyətsizliyindən ciddi narazılıq edirlər”. Bunlar redaksiyamıza Pirəbədil sakinləri adından daxil olan məktubda yazılıb.

Məktubda bildirilir ki, C.Nuriyev Qarabağ savaşı zamanı fərarilik edib: “Erməni silahlı birləşmələrinə qarşı aparılan müharibə zamanı hərbi xidmətdən yayınmaqla fərarilik edərək Rusiyaya qaçıb. Məlumatlara görə, orada Şabranın Gilvar kəndindən köçmüş ermənilərlə sıx əlaqədə olub. Sonradan N saylı hərbi hissənin 2-ci taborunda xidmət keçməsi barədə Nərimanov Rayon Hərbi komissarlığının sabiq rəisi, polkovnik Ruslan Məmmədovun və hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olan Malik Məmmədovun vasitəsilə hərbi xidmət keçməsi haqda saxta yolla hərbi bilet əldə edib.

Hərbi Prokurorluğa və digər instansiyalara daxil olmuş məlumatlar əsasında məsələ araşdırılıb və C.Nuriyev barəsində 29 yanvar 2013-cü ildə CM-in 334.1 və 320.2 maddələri ilə 301603 cinayət işi başlanıb.

Bakı Hərbi Prokurorluğunda ilkin təhqiqatlar 2012-ci ilin iyun ayından başlanıb və 17 may 2013-cü il tarixdə başa çatdırılıb. Fərarilik etməsi Cəmaləddin Nuriyevin etirafı əsasında sübut olunub".

Məktubda C.Nuriyevin cəzadan kənarda qalmasının səbəbi də izah olunur: "16 may 2013-cü ildə C.Nuriyev Bakı Hərbi Prokurorluğuna ərizə ilə müraciət edərək CM-in 334.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bildiyini göstərib və həmin cinayət əməllərini törətmiş olduğu vaxtdan uzun müddət keçməsini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edib. Bu müraciət əsas gətirilərək cinayət işi üzrə icraata xitam verilib. Ona verilmiş AO 0314842 nömrəli hərbi biletin məhvi barədə qərar qəbul olunub.

Belə bir keçmişi olan şəxsin hansı prinsiplərə əsasən bələdiyyə sədri vəzifəsində çalışması nə qədər məqsədə uyğundur? Ana vətəni, torpağı darda olduğu bir vaxtda qoyub qaçan, torpağın qədrini bilməyən şəxsə bələdiyyə sədrliyini tapşırmaq, torpaqları etibar etmək olmaz".

Məktub müəllifləri yazır ki, rayonun əsasən Ermənistan qaçqınları yaşayan Gilvar kəndinin sakinləri də C.Nuriyevin hərəkətlərindən narazılıq edirlər: “Cəmaləddin Nuriyev əvvəlki bələdiyyə tərəfındən torpaq sahələrinin Gilvar kəndində məskunlaşmış qaçqınların mülkiyyətinə qanunsuz verildiyini bəhanə gətirərək, torpaq ayrılmasında guya pozulmuş qanunların bərpa edilməsi pərdəsi altında polis əməkdaşlarının iştirakı ilə kənd əhalisinin əlindən torpaqların alınması üçün onların yaşayış və təsərrüfat həyətlərinə hücuma keçib. Yalnız kənd əhalisinin kütləvi şəkildə etiraz etməsindən sonra qorxaraq geri çəkilib. Hazırda Pirəbədil bələdiyyəsinin sədri olaraq Cəmaləddin Nuriyev birbaşa havadarı olan Novruz Novruzovun dəstəyi ilə yenidən Ermənistan qaçqınlarına qarşı həmin çirkin əməllərini davam etməkdədir. Torpaq sahələrini onların əllərindən alaraq şəxsi maraqları əsasında böyük villalar tikərək hər ikisinə - Novruz Novruzovla Cəmaləddin Nuriyevə havadarlıq edən məmurlara bağışlayıblar”.