BolgeXeber.Com » Bölgə » Ucarda doğum şöbəsində növbəti ana ölümü

Ucarda doğum şöbəsində növbəti ana ölümü

24-04-2014, 12:05
Oxunub: 5 854 Ucar səhiyyəsində böhran...

Həkim məsuliyyətsizliyi bu dəfə də can aldı. Baş həkim Zeynal Bayramlının xoşagəlməz fəaliyyəti səhiyyə ocağında problemlərin artmasına səbəb olub.Son vaxtlar ana və uşaq ölümlərinin sayında müşahidə edilən artım Səhiyyə Nazirliyinin (SN) rəhbərliyini narahat etməyə başlayıb. Bakıda və bölgələrdə fəaliyyət göstərən xəstəxanaların doğum şöbələrində qeydə alınan xoşagəlməz hadisələrin bir çoxunda həkim səhlənkarlığı əsas rol oynayır. Nazir Oqtay Şirəliyev bu günlərdə səhiyyə işçiləri ilə keçirdiyi iclasda ana və uşaq ölümlərinin üzərində xüsusi dayandı. Müəyyən neqativ halların olduğunu diqqətə çatdıran nazir tibb işçilərini insanlarla münasibətdə diqqətli olmağa çağırıb.

O, ana ölümü hadisələrinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsinin zəruri olduğunu qeyd edib: «Həkimlik çətin, ağır peşədir. Amma bu, bizim sənətimizdir. Bu sənəti seçənlər bilməlidirlər ki, ağır xəstəsi də olacaq, gecə zəngləri, çətinlikləri də. Biz bunların hər birinin öhdəsindən layiqincə gəlməliyik». SN rəhbəri həkimlərə işlərinə məsuliyyətli yanaşmağı tövsiyə etsə də, neqativ hallar bitib-tükənmək bilmir. Növbəti faciə Ucar rayonunda baş verib. Ana doğuşdan sonra dünyasını dəyişib. Ucar Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında dünyasını dəyişib. Qeyd edək ki, bu, Ucar Rayon Mərkəzi Xəstəxanasında baş verən ilk bədbəxt hadisə deyil. Xatırladaq ki, ötən ilin aprel ayında da Ucar RMX-nin doğum şöbəsində ölüm faktı qeydə alınmışdı. Belə ki, Göyçay rayon Kürdəmiş kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədova Flora Gülamət qızı hamiləlik gedişində yaranmış problemlə əlaqədar xəstəxananın doğum şöbəsinə müraciət edib. Reanimasiyaya yerləşdirilən qadın orada dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, hamiləlik zamanı nəfəs çatışmazlığından əziyyət çəkən F.Məmmədova əvvəlcə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, orada onu qəbul etməkdən imtina ediblər. Yaxınları bundan sonra onu Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Baş vermiş hər iki hadisədə həkim məsuliyyətsizliyi olub. Amma buna baxmayaraq, günahsız insanların ölümünə səbəb olan həkimlərin barəsində heç bir cəza tədbiri görülməyib. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Ucar Mərkəzi Xəstəxanasına Zeynal Bayramlı rəhbərlik edir. Rayonda əhalinin sağlamlığını qorumaq məqsədilə 4 xəstəxana, 16 ambulator poliklinika müəssisələri fəaliyyət göstərir. Həmin səhiyyə ocaqlarında 96 həkim və 386 orta tibb işçisi çalışır. Əldə etdiyimiz məlumatlara görə, Zeynal Bayramlı xəstəxanaya baş həkim təyin olunandan sonra səhiyyə müəssisəsində müxtəlif problemlər baş qaldırıb. Rayon sakinlərinin iddiasına görə, əsaslı şəkildə təmir olunan Mərkəzi Xəstəxanada baş həkimin gəlişindən sonra heç bir şey dəyişməyib. Əksinə neqativ hallar bir az da artıb. «Baş həkim tibb müəssisəsini köhnə qaydalarla idarə edir. Xəstəxana dövlətdən maliyyələşdiyi halda, bura müraciət edən vətəndaşlardan nəysə umulur. Pulsuz səhiyyə xidməti burda keçərli deyil. Baş həkim işçilərinə elə göstəriş verib ki, heç kim əlini cibinə salmayan pasiyentləri qəbul etmir. İstəyirsən yıxıl yerdə öl, amma həkimlərə «görüm-baxım» etməsən, sənə yaxın duran olmayacaq. Doğum şöbəsində vəziyyət daha acınacaqlıdır. Şöbədə çalışan həkimlərin yetərli hissəsi savadlı deyil. Onların işlərində yol verdiyi səhvlər doğuş zamanı ölüm hallarının baş verməsi ilə nəticələnir. Buna görə də doğuş zamanı tez-tez Bakıdan həkim dəvət olunur. Əgər şöbənin həkimləri doğuş əməliyyatını apara bilmirlərsə, bəs nəyə görə işdə saxlanılırlar?» Qeydə alınan ana və uşaq ölümü halı Səhiyyə Nazirliyi tərəfindən ciddi şəkildə nəzarətə götürülüb və araşdırılır. Səhiyyə Nazirliyi, həm də nazirliyin Doğuşa yardım Komissiyasının rəsmilərindən xahiş edirik ki, Ucar RMX-nin doğum şöbəsində və xəstəxanada yaşanan xoşagəlməz halları araşdırıb günahı olan şəxsləri cəzalandırsınlar. Baş həkim, eləcə də doğum şöbəsinin müdiri Südabə Hacıyeva ciddi şəkildə tənbeh olunmalıdır. Ana və uşaq ölümlərində səhvi olan həkimlər cəzalanmasa, bu cür itkilərin sayı çox ola bilər. Məsələyə münasibət öyrənmək üçün baş həkimin 0202130001 nömrəli telefonuna zəng vursaq da, cavab verən olmadı.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.