BolgeXeber.Com » Bölgə » Qazaxda sosial yardım bəlası-FOTO

Qazaxda sosial yardım bəlası-FOTO

28-04-2014, 01:35
Oxunub: 3 056 Sosial mərkəzin direktor əvəzi Mürsəlov Yasin Mürsəl oğlu vətəndaşı dinləmək mədəniyyətindən belə kənardır

Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəlişi heç nəyi dəyişmədi. Əksinıə, yerlərdə səriştəsiz kadrların qoyulması imkansız ailələrin işini daha da çətinləşdirdi. O cümlədən, Qazax rayonunda da sosial yardımların başında “turp” əkilməkdədir. Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, Qazax Rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyənlərin qohum-əqrabası onların vasitəsi ilə sosial yardımlara sahib çıxırlar. İşindən başı çıxmayan, ətrafındakıların diktəsi ilə oturub-duran sosial mərkəzin direktor əvəzi Mürsəlov Yasin Mürsəl oğlu vətəndaşı dinləmək mədəniyyətindən belə kənardır. Yaşı 30-a da çatmayan Mürsəlov Qazax seçicilərinə özününkülərdən savayı 1 qara qəpik də xeyiri dəyməyən deputat Əhməd Vəliyevin yaxın qohumudur. Nazir Səlim Müslümov da Əhməd Vəliyevin tələbəsi olub. Bu cür isti münasibətin şirinliyi Qazaxda yaşayan imkansız ailələrə acılıq gətirib.
Qazax rayonunun Çaylı kənd sakini Qocayev Valeh Məhərrəm oğlunun ailəsi olduqca imkansızdır. Özü Qarabağda gedən döyüşlərdə iştirak edib. Qızı vaxtsız həyat yoldaşını itirib. Öhdəsində 2 körpə uşagı qalıb. O da Valeh Qocayevin himayəsindədir. Valehin həyat yoldaşı mədəsindən ağır əməliyyat keçirib, epilepsiya xəstəliyindən əziyyət çəkir. Ailədə heç kim işləmir. Adi fəhləlik də Valeh üçün ərşə çəkilib. Yaşayış yerinə ev deyil, koma demək mümkündür. Nə qaraçının, nə də qaçqının bu cür evi yoxdur. Ailə bir tikə çörəyə belə möhtacdır. Lakin buna baxmayaraq Valeh Qocayev Qazax Rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayaq döyməkdən əldən düşüb. Mərkəzin direktor əvəzi Mürsəlov Yasin işinin öhdəsindən gələ bilmədiyi üçün imkansız ailə sosial yardım ala bilmir. Ailənin gözü mərkəzin direktor əvəzi Mürsəlov Yasinin insafına dikilib.
Vətəndaş Qocayev Valeh bu məsələ ilə əlaqədar başda nazir Səlim Müslümov olmaqla aidiyyəti orqanlardan kömək istəyir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
İlham Hacalı
Bolgexeber.com