BolgeXeber.Com » Bölgə » Kəlbəcər rayon təhsil şöbəsində özbaşınalıq

Kəlbəcər rayon təhsil şöbəsində özbaşınalıq

29-04-2014, 10:40
Oxunub: 4 850 “Təzadlar”ın ötən saylarında olan bir qrup Kəlbəcər rayon sakinlərinin ölkə prezidenti cənab İlham Əliyevə müraciət edib.

“Təzadlar”ın ötən saylarında olan bir qrup Kəlbəcər rayon sakinlərinin ölkə prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, həmçinin Baş Prokuror cənab Zakir Qaralova, milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova, surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətlərini təqdim etmişdik.

Müraciətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun, həmçinin rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanovun qanunsuz hərəkətlərindən bəhs olunurdu və ciddi tədbirlər görülməsi xahiş edilirdi...

“Cənab Prezident! Bildiririk ki, Kəlbəcər RİH başçısı Aqil Məmmədovun və rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanovun qanunsuz hərəkətləri ölçüyə sığmır. Belə ki, təhsil şöbəsinin müdiri hər müəllimdən 5000-10000 manat arası pul alaraq Təhsil Nazirliyindən xəbərsiz işə götürür.

Özü də diplomunun qanuni olub-olmamasından asılı olmayaraq. Hətta iş o yerə çatıb ki, o, bəzi müəllimlərin əmək kitabçasını saxta qeydlər yazdırmaqla onları özbaşına işə götürmüşdür. Kəlbəcər RİH başçısı isə qohumu olduğu üçün onun bütün qanunsuz işlərinə göz yumur...”, deyə şikayətlənən sakinlər daha sonra “Hər məktəbə ayda 200-1000 manat arası haqq qoyulub. Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov öz baldızı qızını saxta diplomla ixtisas dəyişmə yolu ilə hər ay psixoloq kimi adına maaş yazır, özü götürür.

Məhyəddin Əbdürrəhmanov əvvəllər TŞ-də məsləhətçi işlədiyi dövrdə hər məktəbə özü məsləhətçi olduğu üçün məktəblərə saxta diplomlar yerləşdirməklə istənilən qədər korrupsiya hərəkətləri etmişdir. Halbuki rayon Təhsil Şöbəsinin məsləhətçiləri və məktəb direktorlarının bu barədə əmri olmuşdur... Ən dəhşətlisi budur ki, həm Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, həm də rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov tutduqları qanunsuz əməllərin adını Kəlbəcərdən millət vəkili seçilmiş Cavid Qurbanovun adı ilə bağlayırlar...

Rayon Təhsil Şöbəsinə ayrılmış 700000 manatı isə TŞ müdiri və başçı 1-ci, 2-ci rübdə yox, məhz 3-cü rübdə cəm şəklində götürüb öz aralarında bölüşüblər (10%-i Salman Qasımovla büdcənin rəisi Məmməd Əliyevin, 50%-i icra başçısı Aqil Məmmədovun, 30%-i isə Məhyəddin Əbdürrəhmanovundur)”, yazan şikayətçilər ümid edirlər ki, tezliklə qanuni tədbirlər görüləcək...

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinini intihar həddinə çatdırıb...

Qeyd olunan şikayətlərin ardınca, neçə gün əvvəl redaksiyamızda olan Kəlbəcər rayon sakini Salmanov Eyvaz Şahməmməd oğlu daha dəhşətli olaylardan danşıdı.

Qəzetimizə geniş müsahibə verən Eyvaz Salmanovun başına gətirilən dəhşətləri öz dilindən eşidək:

-Mən uzun illərdir Kəlbəcər rayon təhsilində çalışıram, rayonun 55 saylı orta məktəbində müəllim işləyirəm.Rayon İH başçısı Aqil Məmmədovun və rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanovun məni intihar həddinə çatdırmasıdır...

İstəyirəm ki, səsimi saytınız vasitəsilə ölkəmizin Prezidenti cənab İlham Əliyevə və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə çatdırasınız...

Mənim hazırda 16 saat dərs yüküm var. Lakin əvvəl 18 saat dərsim var idi. Məhyəddin Əbdürrəhmanov Kəlbəcər rayon təhsil şöbəsinə müdir gələndən sonra öz qohum-əqrabalarını yerləşdirmək üçün dərs saatımı vermədi, 4 ay əmək haqqı almadım...

3 övladım var, biri universitetdə oxuyur, ikisi isə orta məktəbdə. Pulum-imkanım olmadı ki, ötən dərs ilində onları geyindirib məktəbə göndərim. Təsəvvür edirsinizmi, bu gün Kəlbəcər rayonunda arxasız insanlara düşmən münasibəti bəslənir... Məhyəddin Əbdürrəhmanov bilə-bilə ki, mənim başqa dolanışıq yerim yoxdur, onu da kəsdi. Heç bir səbəb olmadan. Bunu hamı bilir. Deməli, Prezidentimiz insanların güzəranını yaxşılaşdırmaq üçün əlindən gələni edir, Məhyəddin Əbdürrəhmanov kimilər isə bizi intihara sürükləyir, deməli, dövlətimizin imicinin korlanmasına xidmət edir... Beləliklə, mən ac-yalavac qalıb uşaqlarımı məktəbə göndərə bilmədim. Məcbur olub uşaqlarımı götürərək Ulu Öndər Heydər Əliyevin Gəncədəki abidəsini ziyarət etdik, burada özümü öldürmək qərarına gəldim...

Bu zaman Gəncə şəhər İcra Hakimiyyətindən gəldilər, sonra DİN-nin 102 xidmətinə zəng edərək bizi apardılar. Hadisə yerinə Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov gəldi, orada qızımı, oğlumu döyüb-söyüb təhqir edib...Uşaqlarımın biri 7-ci sinifdə oxuyur, oğlandır, biri də 5-ci sinifdə oxuyur, qız uşağıdır. Mən başqa yol görmürdüm, özümü öldürmək istəyirdim, çünki uşağımı oxuda bilmədiyim üçün, çörək tapmadığıma görə... Ay yarım, iki ay idi korluq çəkirdik. Bir təhər dözürdük. Sonra Mahiyyəddin Əbdürrəhmanovdan xahiş etdim ki, daşı ətəyindən tök, məni intihara sürükləmə, o isə məni təhqir etdi, qızımı vurdu. Yaxşu ki, Gəncə İcra Hakimiyyətindən gəldilər, bizi qəbul etdilər...

Sonra zəng etmişdilər, Kəlbəcər rayon İcra Hakimiyyətindən nümayəndələr gəldilər, məni sakitləşdirdilər. Apardılar Kəlbəcərin icra başçısı Aqil Məmmədovun yanına. Mən Prezidentin ona verdiyi vəzifəyə təəssüflər edirəm... Bu hadisə vaxtı qızım məndən xəbərsiz 102-yə demişdi, gəlib məndən də, qızımdan da izahat aldılar. Biz də nə varsa, olduğu kimi danışdıq.

-Nə danışdınız, nə ifadə verdiniz?

-Dedim ki, acından ölürük, başqa dolanışıq yerim, başqa sənətim yoxdur. Mən normal insan kimi yaşamaq, uşaqlarıma çörək vermək istəyirəm... Tədbir görülməsi əvəzinə, İcra başçısı mənim adımdan akt yazmışdı Kəlbəcər rayon polis şöbəsinə ki, guya mən onu təhqir etmişəm. Mən başa düşmürəm, RİH başçısını niyə təhqir etməliyəm? Çörək istəmək, haqqı tələb etmək təhqir etmək deməkdir???

-Nəticə oldumu?

-Yox, hələ də ərizə və şikayətlərimizə cavab verilməyib, təbii ki, tədbir də görülməyib... Xahişim budur ki, bizim ailəmizin timsalında dərdimizi Prezidentimizə, Baş prokurora, təhsil nazirinə çatdırın. Əsas şikayətim təhsil şöbəsinin müdirindəndir, onun qanunsuz hərəkətlərinə artıq dözmək mümkün deyil...

“Kəlbəcərin təhsil şöbəsinin müdiri məni tələbə oğlumun cibinə narkotik atdıracağı ilə hədələyir...”

-İcra başçısı ilə görüşdünüzmü, şikayətinizlə bağlı nə tədbir gördü?

-Heç nə eləmədi... Mən 187 manat əmək haqqı alırdım, oğlumun biri universitetdə oxuyur, ona çörək pulu göndərə bilmirdim... Kəlbəcərin təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov isə məni tələbə oğlumun cibinə narkotik atdıracağı ilə hədələyir... Deyir ki, ya şikayətindən əl çək, ya da oğlunun cibinə narkotik atdıracağam, universitetdən qovduracağam... Yaxşı, mən sizdən nə istəyirəm-çörək! Ay insafsızlar, Bakıdan tutmuş Gəncəyə kimi, yüz yerdə obyektləriniz var, büdcənin pulunu dağıdırsınız, indi mən başqa ölkəyə köçüb gedim??? Məhyəddin Əbdürrəhmanovun bu hədəsindən qorxuram, çox pis vəziyyətdə qalmışam. Evdən də çölə çıxa bilmirəm ki, məni şərləyib tutduracaq. Goranboydakı 1 nömrəli məktəbin adını qanunsuz olaraq “Kəlbəcər məktəbi” qoyub, Təhsil Nazirliyinin icazəsi olmadan, bu məktəbin adına da pul yazıb mənimsəyir, özbaşınalıq baş alıb gedir, məktəblərdən pul yığırlar... Bu nə vaxta kimi davam edəcək??? Xahiş edirəm, səsimi Prezidentimizə çatdırın, mən və ailəm çox pis duruma düşmüşük. Uzun illərin müəllimi indi işsiz qalmışam...