BolgeXeber.Com » Bölgə » Naxçıvanda müəllimlərin diplomu əllərindən alındı

Naxçıvanda müəllimlərin diplomu əllərindən alındı

30-04-2014, 16:25
Oxunub: 3 832 Naxçıvanın Sədərək qəsəbəsində yeni direktora etiraz edən müəllimlərin həbsi ilə bağlı yeni təfərrüatlar bəlli olub.

Sədərəkdə müəllimlərin həbs olunmasına, diplomlarının əlindən alınmasına, onların işdən çıxarılmasına səbəb olan bir nömrəli məktəbə yeni direktor təyin olunan Gülnarə Hüseynovadır. Naxcıvan MR Təhsil nazirinin Gülnarə Hüseynovanı bu məktəbə direktor təyin etməsinə etiraz edən müəllimlər mitinq keçirmək istəyiblər.

Nəticədə Sədərək rayon Təhsil şöbəsinin müdiri Nadir Quliyev, Təhsil şöbəsinin əməkdaşı Fəxrəddin Qasımov, adları Hüseyn, Amil və Cəfərov Faiq olan müəllimlər həbs olunub. Təhsil şöbəsinin müdiri 20 gün, əməkdaşı 15 günlük həbs cəzası alıb.
Eyni zamanda, Nadir Quliyev və Fəxrəddin Qasımovun diplomları 5 il müddətinə ləğv olunub. Onlar heç bir yerdə fəaliyyət göstərə bilməzlər. Adları çəkilən digər müəllimlər isə hər biri 15 gün müddətinə azadlıqdan məhrum olmaqla yanaşı, 4 ay müddətinə işdən azad olunublar.

Qeyd edək ki, əldə olunan maraqlı faktlardan biri də Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Natiq Əliyevlə bağlıdır. Onun həyat yoldaşı da həmin məktəbdə müəllimə işlədiyi üçün Natiq Əliyev vəzifəsindən azad olunub.